"Aİ Qəpikləri" və Real İtkilər: Von der Lyayenin Bakı və İrəvana səfəri nəyi aşkar etdi?
Rusiyanın ˝TASS˝ xəbər agentliyi Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Cənubi Qafqaz turnesi barədə məqalə hazırlayıb.
Crossmedia.az xəbər verir ki, məqalədə bildirilir ki: ˝Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıya, iyulun 2-də isə İrəvana səfər edib.
Səfərin əsas məqsədi Avropa İttifaqının (Aİ) Cənubi Qafqazdakı mövqeyini gücləndirmək, Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləmək, həmçinin Rusiyadan yan keçən nəqliyyat və enerji marşrutlarının inkişafını müzakirə etmək olub.
Bakıda keçirilən görüşlərdə enerji təhlükəsizliyi və nəqliyyat layihələri əsas müzakirə mövzuları olub. Ursula fon der Lyayen Azərbaycanın Avropaya enerji ixracının artırılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər Aİ–Azərbaycan Bağlantı Tərəfdaşlığı (EU–Azerbaijan Connectivity Partnership) sazişinə start veriblər. Saziş Azərbaycanın Transxəzər (Orta) Dəhlizində əsas logistika mərkəzlərindən birinə çevrilməsini hədəfləyir.
Aİ həmçinin Global Gateway proqramı çərçivəsində Azərbaycana 200 milyon avro qrant ayıracağını açıqlayıb. Bildirilir ki, bu vəsait beynəlxalq maliyyə institutlarının dəstəyi ilə təxminən 2 milyard avroluq güzəştli kreditlərin cəlb edilməsinə imkan yarada bilər.
Tərəflər sərhədyanı ərazilərin minalardan təmizlənməsi, səhiyyə və sahibkarlığın inkişafını nəzərdə tutan 20 milyon avroluq Sülh dividendləri layihəsini təsdiqləyiblər.
Görüşlərdə Azərbaycanın Avropaya qaz ixracının illik 20 milyard kubmetrə çatdırılması perspektivləri və bərpa olunan enerji sahəsində əməkdaşlıq da müzakirə olunub˝.
Məqalədə həmçinin qeyd edilib ki: ˝İrəvanda isə əsas diqqət Ermənistanın Avropa ilə iqtisadi inteqrasiyasına yönəlib.
Avropa Komissiyası Ermənistan məhsullarının təxminən 80 faizinin Aİ bazarına rüsumsuz çıxışı üçün fövqəladə ticarət rejimi tətbiq etməyi təklif edib.
Fon der Lyayen, həmçinin, daha əvvəl təsdiqlənmiş 52 milyon avroluq iqtisadi dəstək paketinin son 18 milyon avroluq tranşının ayrılacağını bildirib. Vəsaitin Ermənistan biznesinin Avropa standartlarına uyğunlaşdırılması və ixracın təşviqi üçün istifadə olunacağı qeyd edilib.
Tərəflər viza rejiminin liberallaşdırılması və Ermənistanın 2029-cu ilədək Aİ ilə vizasız rejimə keçməsi perspektivlərini də müzakirə ediblər.
Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2025-ci ildə 4,7 milyon tona çatıb və 2027-ci ilə qədər 10 milyon tona yüksəldilməsi planlaşdırılır. Bununla yanaşı, bəzi qiymətləndirmələrə görə, marşrutun region ölkələrinə milyardlarla dollar gəlir gətirməsi üçün yük dövriyyəsinin 30–40 milyon tona qədər artması tələb olunur.
İnfrastrukturun hazırkı vəziyyəti və logistika xərcləri nəzərə alınmaqla, Orta Dəhlizin yaxın perspektivdə Rusiya üzərindən keçən Şimal marşrutu ilə qiymət baxımından tam rəqabət aparması çətin görünür.
Aİ-nin regiona təqdim etdiyi iqtisadi təşəbbüslər hələlik məhdud maliyyə nəticələri vəd edir və onların real iqtisadi təsiri uzunmüddətli perspektivdə qiymətləndirilə bilər˝.
21:58 03.07.2026
Oxunuş sayı: 59