Əraqçi: Hörmüz boğazının idarə olunmasına müdaxilə gərginliyi artıracaq
İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının idarə olunmasına kənar müdaxilələrdən çəkinməyə çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən, Hörmüz boğazı müharibədən əvvəlki normal fəaliyyət rejiminə 30 gün ərzində İranın idarəçiliyi altında qaytarılacaq.
Əraqçinin sözlərinə görə, hazırda memorandumda nəzərdə tutulan razılaşmalar həyata keçirilir və bu prosesə görə bütün məsuliyyət yalnız İran İslam Respublikasının üzərinə düşür. O vurğulayıb ki, bu məsələdə heç bir başqa dövlət və ya beynəlxalq qurum məsuliyyət daşımır.
İranlı nazir qeyd edib ki, mövcud razılaşmalardan kənar yeni təşəbbüslər və ya müdaxilə cəhdləri vəziyyəti daha da mürəkkəbləşdirəcək, Hörmüz boğazının yenidən açılmasını gecikdirəcək və regionda gərginliyi artıracaq.
Əraqçi bildirib ki, son iki gecə ərzində Hörmüz boğazında baş verən insidentlər artıq qarşıdurmanın dərinləşməsinə səbəb olub. O, bütün tərəfləri İranın boğazın yenidən açılması istiqamətində atdığı addımlara müdaxilə etməməyə və imzalanmış anlaşma memorandumunun şərtlərinə əməl etməyə çağırıb.
16:03 28.06.2026
Oxunuş sayı: 50