Xəzər SOS siqnalı verir: Neft sızmaları ekologiyanı məhv edir
Son günlər sosial şəbəkələrdə və media gündəmində olan mövzulardan biri Dübəndi çimərliyinin neft ilə çirklənməsi idi. Daha sonra aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin "Azneft" İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. "Azneft" İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb. Lakin Xəzəri çirkləndirən tək amil bu ehtiyyatsızlıq deyil. Xəzər dənizində neftin olması bir tərəfdən nəhəng iqtisadiyyat və böyük layihələr deməkdirsə, digər tərəfdən də canlı orqanizmlərin məhvi, ekoloji fəlakət deməkdir. Bəs bu ekoloji çirklənmə nə zaman dayanacaq? Hansı tədbirlər planı həyata keçirilməlidir?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər:
Milli Məclisin deputatı Rövşən Muradov bildirib ki, Dübəndi çimərliyində neft qalıqlarının müşahidə olunması ətrafında yaranmış müzakirələr Xəzərin ekoloji vəziyyətinin ayrı-ayrı epizodlar üzərindən deyil, uzunmüddətli proseslər prizmasından qiymətləndirilməsini zəruri edir: “Sahildə görünən neft izləri daha dərin ekoloji dəyişikliklərin səthə çıxmış təzahürüdür. Onilliklər ərzində formalaşan sənaye yükü, enerji infrastrukturunun intensiv fəaliyyəti və antropogen təsirlərin yığılması nəticəsində meydana çıxan ekoloji gərginlik müəyyən dövrlərdə məhz bu formada özünü büruzə verir. Xəzər dənizinin qapalı hövzə xüsusiyyəti isə çirkləndirici maddələrin təbii şəkildə dövriyyədən çıxmasını çətinləşdirərək onların təsir müddətini uzadır. Neft mənşəli çirklənmənin yaratdığı təhlükə ilk baxışda görünən mənzərədən qat-qat geniş məna daşıyır. Karbohidrogen qalıqları dəniz mühitinə daxil olduqca ekosistemin daxili balansında ardıcıl dəyişikliklər baş verir. Qida zəncirinin ən həssas həlqələrində yaranan pozuntular zaman keçdikcə daha geniş bioloji areala yayılır və bütöv ekoloji sistemin dayanıqlılıq imkanlarını zəiflədir. Təhlükənin əsas mahiyyəti məhz burada ortaya çıxır. Ekoloji sistemlər əksər hallarda kəskin sarsıntıların təsiri altında deyil, uzun müddət ərzində yığılan təsirlərin kritik həddə çatması nəticəsində zəifləyir”.

R.Muradov əlavə edib ki, müasir dövrdə ətraf mühitin vəziyyəti təbiətin mühafizəsi çərçivəsindən kənara çıxaraq iqtisadi inkişafın, ictimai rifahın və insan kapitalının keyfiyyətinin mühüm göstəricilərindən birinə çevrilib: “Sahilyanı ərazilərdə ekoloji risklərin artması turizm imkanlarına, investisiya cəlbediciliyinə, ictimai sağlamlığa və sosial rifaha birbaşa təsir göstərir. Buna görə ekoloji sabitlik artıq təkcə təbiətin qorunması ilə əlaqələndirilmir, həm də iqtisadi təhlükəsizliyin əsas sütunlarından biri kimi qiymətləndirilir. Mövcud vəziyyət çirklənmənin görünən nəticələrindən daha çox, onu formalaşdıran səbəblərin araşdırılmasını aktuallaşdırır. Müasir peyk müşahidə sistemləri, rəqəmsal monitorinq mexanizmləri və böyük məlumat bazalarına əsaslanan ekoloji nəzarət alətləri risklərin vaxtında müəyyənləşdirilməsi üçün geniş imkanlar yaradır. XXI əsrdə ekoloji təhlükəsizliyin səviyyəsi fövqəladə müdaxilələrin miqyası ilə ölçülmür; əsas göstərici riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını almaq qabiliyyətidir. Xəzərin ekoloji gələcəyi sahilyanı dövlətlərin ortaq məsuliyyətinin səviyyəsindən birbaşa asılıdır. Dənizdə baş verən proseslər inzibati sərhədlərlə məhdudlaşmır və onların yaratdığı nəticələr bütün region üzrə hiss olunur. Bu baxımdan Xəzərin mühafizəsi təbiətin qorunması ilə yanaşı, iqtisadi dayanıqlığın, ərzaq təhlükəsizliyinin, biomüxtəlifliyin və gələcək inkişaf strategiyalarının qorunması anlamı da daşıyır. Xəzərin ekoloji vəziyyəti əslində regionun gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən ən mühüm göstəricilərdən biri kimi çıxış edir”.
Ekoloq Sadiq Həsənov bildirib ki, Xəzər dənizinin neft məhsulları ilə çirklənməsi ekoloji baxımdan ciddi problemlər yaradan amillərdən biridir:
“Uzun illər ərzində dənizdə aparılan neft hasilatı, eləcə də müxtəlif dövrlərdə baş vermiş qəzalar Xəzərin ekoloji vəziyyətinə mənfi təsir göstərib. Xüsusilə sovet dövründə çirklənmə səviyyəsi daha yüksək olub və dəniz suyunda neft məhsullarının miqdarı kifayət qədər artıb. Neftlə çirklənmə ilk növbədə dənizin canlı aləminə ciddi zərər vurur. Dəniz səthinə yayılan neft su quşlarının, xüsusilə qağayıların və digər dəniz quşlarının lələklərinə yapışaraq onların uçmasını çətinləşdirir, hərəkət qabiliyyətini məhdudlaşdırır və nəticədə məhv olmalarına səbəb olur. Eyni zamanda, bu çirklənmə su məməlilərinin və digər canlıların həyatına da mənfi təsir göstərir. Neft məhsulları balıq ehtiyatları üçün də böyük təhlükə yaradır. Balıqlar çirklənmiş suda yaşayarkən və ya neftlə çirklənmiş qidaları qəbul edərkən zəhərlənir, bu isə onların kütləvi şəkildə məhv olmasına gətirib çıxarır. Neft yalnız suyun səthində qalmır, onun ağır komponentləri dənizin dibinə çökərək burada yaşayan molyuskları, xərçəngkimiləri və digər canlıları da zəhərləyir”.

Ekoloq əlavə edib ki, dəniz dibində yaşayan bu orqanizmlər bir çox balıq növlərinin qida mənbəyidir: “Onların məhv olması qida zəncirinin pozulmasına, nəticədə isə balıq populyasiyalarının azalmasına səbəb olur. Bundan başqa, neft məhsulları balıqların kürütökmə sahələrinə də mənfi təsir göstərir, yeni nəslin formalaşmasını çətinləşdirir və bioloji müxtəlifliyin azalmasına gətirib çıxarır. Neftin tərkibində olan bəzi zəhərli maddələr günəş şüalarının təsiri altında parçalanaraq daha təhlükəli birləşmələr əmələ gətirir. Bu maddələr həm su qatlarında, həm də dəniz dibində toplanaraq canlı orqanizmlərin sağlamlığına uzunmüddətli zərər vurur. Nəticə etibarilə, Xəzər dənizinin neft məhsulları ilə çirklənməsi dənizin ekosisteminə, balıq ehtiyatlarına və bioloji müxtəlifliyinə ciddi zərbə vurur. Uzun illər ərzində davam edən bu proses dəniz resurslarının azalmasına səbəb olub və bu gün də ekoloji təhlükə olaraq qalmaqdadır. Buna görə də neft çirklənməsinin qarşısının alınması və ekoloji nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Ayhan
09:30 25.06.2026
Oxunuş sayı: 65