Qondarma rejimlərin müdafiəsi və bunun Avropa Məhkəməsinin qərarı ilə legitimləşdirilməsi qəbuledilməzdir
Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zixin Xarici İşlər Nazirliyinə çağırılması və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin son qərarı ətrafında yaranan müzakirələr bir daha beynəlxalq hüququn tətbiqində ardıcıllıq və yanaşma məsələsini gündəmə gətirib. Azərbaycan tərəfi bildirir ki, Avropa Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2016-cı il qərarında Azərbaycanın vaxtilə işğal altında olmuş əraziləri üzərində Ermənistanın faktiki nəzarətini və işğalçı rejimin Ermənistanın hərbi-siyasi dəstəyi ilə fəaliyyət göstərdiyini təsbit etdiyi halda, son qərarda həmin ərazilərə münasibətdə fərqli terminologiyadan istifadə olunması hüquqi və siyasi baxımdan suallar yaradır.
Bu fonda müzakirə olunan əsas məsələ beynəlxalq institutların qərarlarında vahid hüquqi yanaşmanın qorunub-qorunmaması, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı əvvəlki hüquqi mövqelərlə son qərarlar arasında ziddiyyətin olub-olmaması və bu cür qərarların regionda sülh və normallaşma prosesinə mümkün təsirləridir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlama verib:
“Məlumdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi iyunun 18-də Azərbaycanla bağlı qərar qəbul edib və həmin qərar Azərbaycanda ərazi bütövlüyü və suverenliyə hörmətsizlik kimi qəbul olunub. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurasının Bakı Ofisinin rəhbərini nazirliyə çağıraraq rəsmi etirazını bildirib. Məsələ ondadır ki, biz torpaqlarımızın işğal altında olduğu təxminən 30 il ərzində müxtəlif Avropa qurumlarının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ikili standart nümayiş etdirməsinin şahidi olmuşuq. Bu, təkcə Azərbaycana yönəlmiş hörmətsizlik deyil, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə fərqli yanaşmanın və onlara yetərli hörmət göstərilməməsinin göstəricisi idi. Təəssüf ki, bu yanaşma bu gün də davam edir. Bu isə o dövrdə baş verir ki, Azərbaycan öz gücü ilə yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etməyib, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərini, BMT-nin qəbul etdiyi dörd qətnaməni, eləcə də Avropa Şurası və Avropa Parlamentinin Azərbaycanın torpaqlarının Ermənistanın işğalı altında olduğunu əks etdirən qərarlarını faktiki olaraq həyata keçirmiş olub”.

Deputat əlavə edib ki, beləliklə, Azərbaycan öz ərazisində tarixi ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini bərpa edib: “Bu gün separatçılıq və terrorçuluğa qarşı mübarizənin Azərbaycan modeli formalaşıb. Bütün bunlara baxmayaraq, Avropa qurumu – İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib. “Hörmətsizlik” ifadəsini burada yumşaq şəkildə işlədirəm, çünki əslində bu qərarın hüquqi və siyasi baxımdan izahı olduqca çətindir. Məsələ ondadır ki, qərarda “Dağlıq Qarabağ” ifadəsinin yenidən işlədilməsi, Azərbaycanla qondarma separatçı qurumun ayrıca subyekt kimi təqdim olunması bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Biz bir çox hallarda humanizm və bölgədə dayanıqlı sülhə nail olmaq istəyindən çıxış edərək müəyyən məsələləri arxa plana keçirmişik. Amma hesab edirəm ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi cinayətlər, vandalizm və vəhşiliklərlə bağlı məsələlər beynəlxalq qurumların diqqətinə daha sistemli şəkildə çatdırılmalıdır. Bu məsələlər mütəmadi olaraq qaldırılmalıdır. Biz maddi təzminat məsələlərini də tam şəkildə gündəmə gətirməmişik. Halbuki bu illər ərzində Azərbaycana yüz milyardlarla zərər vurulub. İşğal altında olmuş torpaqlarda tarixi, dini və mülki abidələr, infrastruktur tamamilə dağıdılıb. Bütün bunlarla bağlı da təzminat tələbləri irəli sürülə bilərdi”.
A.Əlizadə əlavə edib ki, bundan əlavə, Ermənistanın keçmiş rəhbərlərinin müxtəlif etirafları mövcuddur: “Xocalı soyqırımı və digər insanlıq əleyhinə cinayətlərlə bağlı onların özlərinin səsləndirdiyi fikirlər və müsahibələr var. Bütün bunları əsas götürərək, həmin cinayətlərin hüquqi qiymət alması və günahkarların beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb olunması istiqamətində müraciətlər edilməlidir. Bu, həm də siyasi və hüquqi təzyiq vasitəsi olmalıdır. Təkcə ermənilər və onları dəstəkləyənlər deyil, Avropa qurumları da anlamalıdır ki, Azərbaycan öz ərazisində separatçılığa və terrorçuluğa qarşı mübarizədə nəticə əldə edib. Üstəlik, bu proses Azərbaycanın beynəlxalq təzyiqlərlə üzləşdiyi bir şəraitdə baş verib. Halbuki bütün dünyada separatçılığa və terrorçuluğa qarşı prinsipial münasibət mövcuddur və Avropa ilə digər beynəlxalq qurumlar da bu mövqeni dəstəklədiklərini bildirirlər. Belə olan halda sual yaranır: necə olur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra buna zidd görünən qərarlar qəbul edilir? Halbuki Azərbaycanda insan hüquqları pozulan tərəf məhz Azərbaycan vətəndaşları olub. Yüz minlərlə qaçqın və məcburi köçkün doğma torpaqlarından didərgin salınıb. Eyni zamanda, bugünkü Ermənistan ərazisindən də yüz minlərlə azərbaycanlı deportasiya və sürgünlə üzləşib. Əsl insan hüquqları pozuntuları bunlardır. Bu reallıqlar fonunda qondarma separatçı rejimlərin müdafiəsi və bunun Avropa Məhkəməsinin qərarı ilə legitimləşdirilməsi qəbuledilməz görünür. Bu, yalnız hüquqi deyil, ümumilikdə dəyərlər sisteminə zidd yanaşma kimi qiymətləndirilir. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı etirazını artıq bildirib. Amma fərdi qaydada da siyasətçilər, vətəndaş cəmiyyəti institutları və digər qurumlar bu məsələyə prinsipial münasibət ortaya qoymalıdırlar. Avropa qurumları nəhayət anlamalıdır ki, Azərbaycan suveren dövlətdir, regionun aparıcı ölkələrindən biridir və əsas məqsədi regionda sabitlik və sülh yaratmaqdır. Bu tip qərarlar isə regionda sülhə, sabitliyə və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş addımlara ciddi zərbə vurur. Bu qərarlar bu kontekstdə qiymətləndirilməli və prinsipial şəkildə tənqid edilməlidir”.
Ayhan
20:10 23.06.2026
Oxunuş sayı: 51