Xəzər üzərindən yeni iqtisadi xəritə: Bakı və Aşqabad hansı dəhlizləri qurur?
Bu gün qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, alternativ logistika xətlərinin ön plana çıxdığı bir dövrdə Azərbaycanla Türkmənistan arasında Şərq–Qərb istiqaməti üzrə dəhlizlərin yaradılması məsələsi regionun iqtisadi və geosiyasi gündəmində xüsusi yer tutur. Xəzərin iki sahilində yerləşən bu ölkələrin əməkdaşlığı təkcə yükdaşımaların sürətlənməsi və tranzit imkanlarının genişlənməsi deyil, eyni zamanda Asiya ilə Avropa arasında yeni iqtisadi bağlantıların formalaşması baxımından da strateji əhəmiyyət daşıyır. Bu kontekstdə əsas suallar meydana çıxır: hansı nəqliyyat və logistika dəhlizləri yaradıla bilər, bu layihələr Azərbaycan və Türkmənistan iqtisadiyyatına hansı dividendləri qazandırar və gələcəkdə həmin marşrutların digər dövlətlərin də istifadəsinə açılması nə dərəcədə real görünür? Bu əməkdaşlıq regional təşəbbüsdən çıxaraq beynəlxalq tranzit platformasına çevrilə bilərmi?
Mövzu ilə bağlı iqtisad elmləri doktoru Fuad Qənbərov Crossmedia.az-a açıqlama verib:
“Bu gün Azərbaycan və Türkmənistan arasında Şərq–Qərb xətti üzrə dəhliz əməkdaşlığı məsələsi yalnız nəqliyyat sahəsində əməkdaşlıq kimi deyil, daha geniş geoiqtisadi proses kimi qiymətləndirilməlidir. Çünki bu əməkdaşlıq Xəzər hövzəsində yeni iqtisadi məkanın formalaşmasına, Orta Dəhlizin genişlənməsinə və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha da güclənməsinə xidmət edə bilər. Azərbaycan və Türkmənistan coğrafi baxımdan Xəzər dənizinin iki mühüm sahilində yerləşir. Bu mövqe hər iki ölkəyə Şərqlə Qərb arasında körpü rolunu oynamaq imkanı verir. Xüsusilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında yükdaşımaların artırılması Orta Dəhlizin yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində bir neçə əsas dəhliz modeli formalaşa bilər. Birinci və ən real istiqamət nəqliyyat-logistika dəhlizidir. Bu dəhliz Çin-Mərkəzi Asiya Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Orta Dəhliz, başqa adla Transxəzər nəqliyyat dəhlizidir. Bu, əsasən Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Avropa xətti olmasına baxmayaraq, son dövlər həmçinin genişləndirilmiş Orta Dəhlizin rolunun artırılması barədə ciddi müzkirələr də gedir. Genişləndirilmiş Orta Dəhliz Çin, Qazaxıstan və Türkmənistan istiqamətindən gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Gürcüstan, Türkiyə və Avropa bazarlarına daşınmasını nəzərdə tutur. Bu modeldə Türkmənistanın rolu xüsusi əhəmiyyət daşıyır. Türkmənbaşı limanı vasitəsilə yüklər Xəzər dənizi ilə Bakı/Ələt limanına çatdırıla bilər. Bu isə Orta Dəhlizə əlavə bir qol yaradır. Nəticədə Azərbaycan yalnız Qazaxıstan istiqamətindən deyil, həm də Türkmənistan və Özbəkistan istiqamətindən gələn yüklər üçün əsas keçid məntəqəsinə çevrilə bilər. Başqa sözlə, marşrut belə formalaşa bilər: Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa. Bu model Azərbaycanı Orta Dəhlizin əsas logistika qovşaqlarından birinə, Türkmənistanı isə Mərkəzi Asiyanın qərbə açılan mühüm tranzit mərkəzinə çevirə bilər”.

İqtisadçı əlavə edib ki, ikinci istiqamət enerji dəhlizidir. Türkmənistan zəngin qaz ehtiyatlarına malikdir, Azərbaycan isə enerji ixracı və tranziti sahəsində mühüm təcrübəyə sahibdir: “Bu baxımdan gələcəkdə Türkmən qazının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması, Xəzərdə yaşıl enerji layihələrinin inteqrasiyası, elektrik enerjisi ötürmə xətlərinin qurulması, hidrogen və yaşıl ammonyak kimi yeni enerji məhsullarının ixracı gündəmə gələ bilər. Bu isə əməkdaşlığı yalnız nəqliyyat sahəsi ilə məhdudlaşdırmır, onu enerji təhlükəsizliyi məsələsinə də çevirir. Üçüncü istiqamət rəqəmsal dəhlizdir. Müasir dövrdə dəhliz anlayışı yalnız yollar, limanlar və dəmir yolları ilə məhdudlaşmır. Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi, regional data mərkəzlərinin yaradılması, bulud xidmətlərinin və rəqəmsal tranzit infrastrukturunun inkişafı Azərbaycan və Türkmənistan üçün yeni imkanlar aça bilər. Bu istiqamət xüsusilə Azərbaycanın regional rəqəmsal hab kimi mövqeyini gücləndirə bilər. Dördüncü istiqamət ticarət və sənaye dəhlizidir. Əgər nəqliyyat infrastrukturu yalnız yüklərin daşınması üçün deyil, həm də istehsal, emal, qablaşdırma və paylama mərkəzləri ilə birləşdirilərsə, bu dəhliz daha böyük iqtisadi dəyər yarada bilər. Birgə sənaye zonaları, logistika parkları, gömrük prosedurlarının inteqrasiyası və vahid elektron tranzit sistemi bu modelin əsas elementləri ola bilər. Beşinci istiqamət isə yaşıl dəhliz konsepsiyasıdır. Bu model aşağı karbonlu nəqliyyatın inkişafını, yaşıl enerji ilə işləyən limanların yaradılmasını, karbon izinin ölçülməsi və sertifikatlaşdırılmasını nəzərdə tutur. Xüsusilə Avropa bazarlarına çıxış üçün bu amil getdikcə daha vacib olur. Çünki gələcəkdə yalnız sürətli və ucuz daşımalar deyil, həm də ekoloji baxımdan daha təmiz logistika sistemləri rəqabət üstünlüyü yaradacaq”.
F.Qənbərov bildirib ki, bu əməkdaşlığın Azərbaycan iqtisadiyyatına təsiri çoxşaxəli ola bilər: “İlk növbədə, Azərbaycanın tranzit ölkə kimi rolu daha da güclənər. Bakı limanının, dəmir yollarının, anbar və logistika mərkəzlərinin yük dövriyyəsi arta bilər. Bu isə liman gəlirlərinin, dəmir yolu daşımalarının və logistika xidmətlərinin genişlənməsi deməkdir. Bundan başqa, Azərbaycan qeyri-neft sektorunun inkişafı baxımından da əlavə imkanlar əldə edə bilər. Logistika, maliyyə, sığorta, anbar xidmətləri, gömrük xidmətləri və rəqəmsal xidmətlər ixrac potensialı olan sahələrə çevrilə bilər. Bu isə ölkənin iqtisadiyyatının şaxələndirilməsi strategiyasına uyğun gəlir. Eyni zamanda, belə bir dəhliz xarici investisiyaların cəlbi üçün də mühüm rol oynaya bilər. Beynəlxalq şirkətlər Azərbaycanı regional paylama, logistika və istehsal mərkəzi kimi qiymətləndirə bilərlər. Nəticədə Azərbaycan yalnız tranzit ölkə deyil, həm də əlavə dəyər yaradan regional iqtisadi mərkəz kimi çıxış edə bilər. Türkmənistan üçün də bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Türkmənistan qapalı coğrafi mövqeyə malik ölkədir və dünya bazarlarına çıxış üçün alternativ marşrutlara ehtiyac duyur. Azərbaycan üzərindən Gürcüstan, Türkiyə, Qara dəniz, Aralıq dənizi və Avropa bazarlarına çıxış Türkmənistanın ticarət imkanlarını genişləndirə bilər. Bundan əlavə, Türkmənistan üçün qaz ixrac marşrutlarının diversifikasiyası mühüm məsələdir. Yeni dəhlizlər ixrac risklərini azalda, bazarları şaxələndirə və ölkənin enerji məhsulları üzrə danışıqlarda mövqeyini gücləndirə bilər. Həmçinin Türkmənbaşı limanı regional logistika habı kimi daha aktiv rol oynaya bilər”.
İqtisadçı əlavə edib ki, son illər beynəlxalq münaqişələrin artması, ölkələr arasında proteksionzimin güclənməsi və nəqliyyat axınlarında uzun müddətli kəsintilər dünya ölkələrini daha etibarlı və alternativ nəqliyyat marşrutlarının axtarmasına ehtiyac yaradıb: “Bu baxımdan regionun bütün ölkələri nəqliyyat dəhlizlərinin genişləndirilməsində maraqlıdırlar. Ona görə də, iki ölkə arasındakı bu əməkdaşlığın ən mühüm tərəflərindən biri odur ki, dəhliz yalnız Azərbaycan və Türkmənistanla məhdudlaşmamalıdır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkiyə, Gürcüstan, Çin və Avropa İttifaqı ölkələri də bu sistemə qoşula bilərlər. Belə olduqda layihə ikitərəfli əməkdaşlıqdan çıxaraq Transxəzər iqtisadi dəhlizi formatına çevrilə bilər. Məsələn, Genişləndirilmiş Orta Dəhliz həm də Lapis Lazuli marşrutu ilə əlaqələndirilə bilər. Bu xətt Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirir. Əgər bu istiqamət daha aktiv işləsə, Azərbaycan Mərkəzi Asiya ilə yanaşı, Cənubi Asiya istiqamətindən gələn yüklərin də Avropaya çıxışında mühüm rol oynaya bilər. Ən perspektivli yanaşma sadəcə nəqliyyat dəhlizi yaratmaq deyil, “Azərbaycan–Türkmənistan Transxəzər İqtisadi Dəhlizi” konsepsiyasını formalaşdırmaqdır. Bu konsepsiya beş əsas komponenti birləşdirə bilər: nəqliyyat dəhlizi, enerji dəhlizi, rəqəmsal dəhliz, ticarət və sənaye əməkdaşlığı, həmçinin yaşıl enerji və yaşıl logistika. Ən əsası isə bu əməkdaşlıq Xəzər dənizini ayırıcı sərhəd kimi deyil, Şərqlə Qərbi birləşdirən iqtisadi körpü kimi ön plana çıxaracaq”.
Ayhan
21:00 23.06.2026
Oxunuş sayı: 58