Halal iqtisadiyyatın hansı üstünlükləri var? - MÜSAHİBƏ
İyunun 16–19-da Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantısı Azərbaycanın qlobal İslam iqtisadiyyatı ekosisteminə inteqrasiyasında yeni mərhələ kimi qiymətləndirmək olar. Toplantı çərçivəsində keçirilən halal forum və aidiyyəti sessiyalarda Azərbaycanın halal iqtisadiyyatı üzrə imkanları və potensial strategiyaları müzakirə olunur. Halal iqtisadiyyatı son illərdə yalnız dini prinsiplərə əsaslanan iqtisadi model kimi deyil, həm də qlobal ticarət, maliyyə və investisiya əlaqələrini birləşdirən yeni iqtisadi istiqamət kimi ön plana çıxır. Bu sahənin inkişafı ölkələr arasında əməkdaşlığın genişlənməsi, yeni bazar imkanlarının yaranması və alternativ maliyyə modellərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda da İslam maliyyəsi və halal iqtisadiyyat istiqamətində yeni təşəbbüslər gündəmə gəlir.

İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı - ekspert Gündüz Camalzadə bu barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
— İslam ənənəsinə əsaslanan halal iqtisadi sistem son illərdə çox müzakirə olunur. Müvafiq sahənin real miqyası necədir?
— Qlobal halal iqtisadi sistem artıq dar bazar deyil. Halal qida sektorunun həcmi 2024-cü ildə 2,5–2,8 trilyon ABŞ dolları səviyyəsində olub və 2034-cü ilə qədər 6–7 trilyon dollara çatacağı gözlənilir. Araşdırmalara görə qlobal halal məhsullar sektorunun 2023-cü ildə 7 trilyon dolları keçdiyi, 2028-ci ildə isə 11 trilyon dollara yaxınlaşacağı proqnozlaşdırılır. Sözügedən rəqəmlər təkcə qida deyil, maliyyə, turizm, kosmetika, əczaçılıq və logistika kimi sahələri də əhatə edir. İslam maliyyəsi də həcimsəl olaraq genişlənir. Sektorun bank aktivləri 2024-cü ildə 3,6 trilyon dollara çatıb, sukuk emissiyalarının həcmi isə 2024-cü ildə 205 milyard dollar, 2025-ci ildə isə 264,8 milyard dollar səviyyəsinə yüksəlib. Belə ki, müvafiq sektor yalnız dini ənənə zərurəti deyil, kapitalın yeni formasıdır.
— Müvafiq sektorda hansı amillər inkişafı artırır?
— Burada dörd əsas amil var. Birincisi, demoqrafik artımdır. Belə ki, dünyada müsəlman əhalisinin sayının artması təbii olaraq tələbi artırır. İkincisi, halal sertifikatın yalnız dini deyil, həm də keyfiyyət, gigiyena və etibarlılıq göstəricisinə çevrilməsidir. Üçüncüsü, ESG prinsipləri ilə islam maliyyəsi arasında ciddi uyğunluq mövcuddur. Dördüncüsü isə texnoloji transformasiyadır. Yəni, rəqəmsal islam bankçılığı, blokçeyn əsaslı sukuk və digər innovativ alətlər sektorun əlçatanlığını artırır.
— Azərbaycan sözügedən qlobal sektorda özünə necə yer tuta bilər?
—Azərbaycanın üç əsas üstünlüyü var. Birincisi, coğrafi mövqedir, yəni ölkə Şərq–Qərb Orta Dəhlizi və Şimal–Cənub nəqliyyat qovşağında yerləşir. Bu isə halal məhsullar üçün logistika, tranzit və ixrac baxımından ciddi strateji üstünlük yaradır. İkincisi, makroiqtisadi sabitlikdir, belə ki, strateji valyuta ehtiyatları yüksəkdir və yeni maliyyə alətlərinin tətbiqinə daha dayanıqlı mühit yaradır. Üçüncüsü, kənd təsərrüfatı potensialıdır. Fındıq, xurma, şaftalı, çiyələk, pomidor və pambıq kimi məhsullar halal ixrac zəncirinin bazasını formalaşdıra bilər.
— Azərbaycanda İslam maliyyə alətlərinin tətbiqi hazırda hansı mərhələdədir?
— Hüquqi-normativ çərçivə hələ formalaşma mərhələsindədir. Amma bu, eyni zamanda fürsət deməkdir. Praktik müstəvidə takaful xidmətləri mövcuddur, bəzi maliyyə institutları murabahə kimi alətləri sınaqdan keçir. Bununla yanaşı, hüquqi bazanın gücləndirilməsi və kapital bazarının uyğunlaşdırılması istiqamətində işlər də davam edir.
— Halal iqtisadiyyatı yalnız müsəlman istehlakçılara xidmət edir?
— Xeyr. Bu, ən çox yanlış anlaşılan məqamlardan biridir. Halal sertifikatı getdikcə daha geniş istehlakçı seqmenti üçün keyfiyyət göstəricisinə çevrilir. Veganlıq, etik istehlak və allergen nəzarəti kimi tendensiyalarla da kəsişir. Yəni sözügedən sektor yalnız dini tələbatla yox, istehlak davranışındakı dəyişikliklərlə də böyüyür.
— Azərbaycan “regional hub” ola bilərmi? Bu, real hədəfdir, yoxsa daha çox marketinq ifadəsidir?
— Bu sual çox yerindədir. “Hub” olmaq üç istiqamətdən birini, yaxud onların vəhdətini nəzərdə tutur. Belə ki, xidmət mərkəzi, istehsal mərkəzi və maliyyə mərkəzi. Azərbaycanın ən real hədəfi yaxın və orta müddətdə ilk iki istiqamətin birləşməsidir. Yəni ölkə həm sertifikatlaşdırma və standartlaşdırma sahəsində xidmət verə, həm də halal aqroparklar və emal zəncirləri vasitəsilə istehsal və ixrac mərkəzinə çevrilə bilər. Maliyyə mərkəzi olmaq isə daha uzunmüddətli və institusional hazırlıq tələb edir.
— Müvafiq sahədə hansı əsas çağırışlar mövcuddur?
— Birinci problem standartlaşdırmadır. Qlobal halal sertifikatlaşdırma sistemi hələ pərakəndə vəziyyətdədir və ixrac edən şirkətlər üçün əlavə uyğunluq xərcləri yaradır. İkinci problem kadr çatışmazlığıdır, yəni şəriət ekspertləri, sertifikatlaşdırma auditorları və islam maliyyəsi üzrə ixtisaslaşmış bank mütəxəssisləri azdır. Üçüncü məsələ isə sukuk bazarındakı beynəlxalq normativ dəyişikliklərin izlənməsidir. Azərbaycan bu keçid mərhələsini ehtiyatla və sistemli şəkildə izləməlidir. Əvvəla, normativ bazanın təkmilləşdirilməsi zəruridir. Eyni zamanda halal ixracın Orta Dəhlizlə inteqrasiya olunması mütləqdir. Sonda isə institusional insan kapitalının gücləndirilməsidir. Yəni təkcə hüquqi sənədlər deyil, bu sahədə işləyəcək mütəxəssislər də paralel hazırlanmalıdır. Əgər bu üç xətt eyni vaxtda aparılsa, Azərbaycan halal iqtisadiyyatda regional rolunu gücləndirə bilər.
Nigar Xəlilli
11:03 22.06.2026
Oxunuş sayı: 56