Auditorlar Palatasının mənfəəti 53 %-ə yaxın artıb
Auditorlar Palatası 2025-ci ili 244 min manat mənfəətlə başa vurub.
Crossmedia.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 52,5 % çoxdur.
Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 1,538 milyon manat (əvvəlki ilə nisbətən 8 % çox), əməliyyat xərcləri isə 1,293 milyon manat (2,3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 1,694 milyon manat olub ki, bu da illik müqayisədə 21,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 61,4 % artaraq 32 min manata, balans kapitalı isə 20,5 % artaraq 1,662 milyon manata çatıb.
Xatırladaq ki, Auditorlar Palatası "Auditor xidməti haqqında" 16 sentyabr 1994-cü il tarixli qanuna əsasən, ölkə ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılıb.
12:17 12.08.2026
Oxunuş sayı: 45