Sümük iliyi donor bankı minlərlə xəstənin həyatını xilas edəcək - Həkim
İnsanların hər zaman ehtiyac duyduğu məsələlərdən biri donor təminatıdır. Bu gün keçirilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi çərçivəsində sümük iliyi donor bankının yaradılması məsələsi gündəmə gətirilib və bu təşəbbüs səhiyyə sisteminin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilib. Bildirilib ki, belə bir donor bankın formalaşdırılması irsi qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərin müalicə imkanlarını genişləndirə, sümük iliyi transplantasiyası proseslərini daha əlçatan və effektiv edə bilər. Eyni zamanda vurğulanıb ki, hazırkı praktikada donor imkanlarının əsasən yaxın qohumlarla məhdudlaşması bəzi hallarda müalicə prosesində çətinliklər yaradır. Bu səbəbdən donor bazasının genişləndirilməsi və sistemli şəkildə təşkili səhiyyə sahəsində vacib və aktual məsələlərdən biri kimi önə çıxarılıb.
Mütəxəssis-Hematoloq Dr.Saleh Rzayev Azərbaycanda sümük iliyi donor bankının yaradılmasının əhəmiyyəti ilə bağlı Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, sümük iliyi və ya daha düzgün ifadə ilə hematopoetik kök hüceyrə donor bankının yaradılması Azərbaycanda hematologiya və onkohematologiya sahəsində strateji əhəmiyyət daşıyan məsələlərdən biridir:

"Müasir tibbdə bir çox qan xəstəliklərinin yeganə radikal müalicə üsulu allogen hematopoetik kök hüceyrə transplantasiyası hesab olunur. Bu prosedurun uğuru isə uyğun donorun tapılmasından birbaşa asılıdır. Hazırda dünyada milyonlarla könüllü donorun məlumatlarını özündə birləşdirən beynəlxalq registrlər fəaliyyət göstərir. Lakin HLA uyğunluğunun tapılması xüsusilə kiçik etnik qruplar və genetik cəhətdən fərqli populyasiyalar üçün daha çətin olur. Azərbaycan vətəndaşları üçün də uyğun donorun xarici registrlərdə tapılması hər zaman mümkün olmur".
Mütəxəssis donor bankı olmadıqda yarana biləcək çətinliklər barədə də danışıb:
"Ən böyük problem uyğun donor axtarışının uzanmasıdır. Aqressiv leykozlar və digər həyati təhlükəli xəstəliklər zamanı zaman faktoru həlledici rol oynayır. Donorun gec tapılması xəstəliyin proqressivləşməsinə, residiv riskinin artmasına və bəzi hallarda transplantasiya şansının itirilməsinə səbəb ola bilər. Digər mühüm problem isə maliyyə yüküdür. Xarici donor registrlərindən donor axtarışı, HLA tipləşdirilməsi və kök hüceyrələrin ölkəyə gətirilməsi yüksək xərc tələb edir. Bundan əlavə, logistika və təşkilati məsələlər də müalicə müddətini uzada bilir. Milli donor bankının yaradılması həm donor tapılma ehtimalını artırar, həm də transplantasiya prosesini daha sürətli və əlçatan edər"
S.Rzayev vurğulayıb ki, hematopoetik kök hüceyrə transplantasiyası ilk növbədə kəskin leykozlarda (AML, ALL), yüksək riskli mielodisplastik sindromlarda, bəzi limfomalarda, aplastik anemiyada və bir sıra irsi qan xəstəliklərində istifadə olunur:
"Eyni zamanda talassemiya major, bəzi immun çatışmazlıqları və anadangəlmə metabolik xəstəliklərdə də transplantasiya xəstənin tam sağalmasına imkan verən yeganə müalicə üsulu ola bilər. Belə bir sistem transplantasiya gözləyən xəstələrin həyat şansını artırar, xarici registrlərdən asılılığı azaldar və ölkədə yüksək ixtisaslı hematoloji xidmətin inkişafına mühüm töhfə verər".
Fatimə Məmmədova
20:00 20.06.2026
Oxunuş sayı: 76