Ukrayna və ABŞ müharibənin cəbhə xətti boyunca dondurulmasını müzakirə edir
Ukrayna və ABŞ arasında müharibənin mövcud cəbhə xətti boyunca dondurulması ilə bağlı müzakirələr aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Economist" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, tərəflər arasında təmaslar gündəlik əsasda davam edir. Eyni zamanda, Rusiya ilə qeyri-rəsmi danışıqların da yenidən başladığı bildirilir.
Müzakirə olunan təkliflərdən biri atəşkəsin iki mərhələdə həyata keçirilməsidir. Plana əsasən, ilk mərhələdə döyüş əməliyyatları cəbhə xəttinin hər iki tərəfində 50–70 kilometrlik zona ilə məhdudlaşdırıla bilər. Daha sonra isə daha genişmiqyaslı sülh razılaşmasının əldə olunması nəzərdə tutulur.
Bununla yanaşı, adı açıqlanmayan yüksəkvəzifəli ukraynalı məmur Rusiyanın yaxın aylarda ciddi addımlar atmasının az ehtimal olunduğunu bildirib. Onun fikrincə, Moskva ən azı oktyabr ayına qədər gözləyə bilər. Mənbə hesab edir ki, həmin dövrdə Rusiya ABŞ-də keçiriləcək aralıq seçkilər fonunda Donald Trump üçün müəyyən siyasi üstünlüklər yaratmağa çalışaraq bunun müqabilində güzəştlər əldə etmək istəyə bilər.
Nəşr qeyd edir ki, daha real ssenari Rusiyanın vaxt qazanmağa çalışaraq gələn yaza qədər prosesi uzatmasıdır. Məqalədə bildirilir ki, Moskva qış aylarında Ukraynanın enerji infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə intensiv zərbələr endirməklə Kiyevi güzəştlərə məcbur edə biləcəyini hesab edir.
15:00 19.06.2026
Oxunuş sayı: 48