Cənubi Qafqaz onilliklər sonra ilk dəfə olaraq real və davamlı sülhün astanasındadır. Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra regionun əsas hədəfi sabitlik, iqtisadi inteqrasiya və sülh müqaviləsinin imzalanmasıdır. Belə bir tarixi məqamda ABŞ Konqresində konqresmen Brad Şermanın irəli sürdüyü bqərəzli təşəbbüslər və köhnəlmiş "907-ci düzəliş" kimi hüquqi alətlərin yenidən gündəmə gətirilməsi regiondakı yeni reallıqlarla tamamilə ziddiyyət təşkil edir. Erməni lobbi qruplarının təsiri altında formalaşan və müharibə cinayətlərində ittiham olunan şəxslərin müdafiəsinə yönələn bu cəhdlər, müstəqil məhkəmə proseslərinə açıq siyasi təzyiq variantıdır. Rəsmi Bakının beynəlxalq hüquqa və suverenliyə əsaslanan qətiyyətli mövqeyi fonunda xaricdən edilən bu manipulyasiyalar sülh prosesinə xidmət etmir. Çünki bu gün Cənubi Qafqazın kənar siyasi təzyiqlərə deyil; qarşılıqlı hörmət, ədalət və beynəlxalq hüquq üzərində qurulacaq davamlı bir gələcəyə ehtiyacı var.

Məsələ ilə bağlı
Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlama verib: "ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə təqdim olunan və konqresmen Brad Şerman tərəfindən dəstəklənən qərəzli təşəbbüs haqlı olaraq Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən etirazla qarşılanıb. 2020-ci il 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildə uğurla həyata keçirilən lokal antiterror əməliyyatından sonra Azərbaycan öz suverenliyini tam bərpa edib. Hazırda regionda əsas gündəlik sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və uzunmüddətli sabitliyin təmin edilməsidir. Belə bir şəraitdə müharibə cinayətlərində, separatçılığın maliyyələşdirilməsində və Azərbaycanın konstitusiya quruluşuna qarşı fəaliyyətlərdə ittiham olunan şəxslərin müdafiəsinə yönələn təşəbbüslər regionda sülhü pozmağa hesablanıb. Bu cinayətkarlar ölkənin qanunvericiliyinə uyğun olaraq müxtəlif ağır cinayətlərdə ittiham olunur və hazırda məhkəmə prosesi davam edir. Hüquqi dövlət prinsipinin əsas tələbi ondan ibarətdir ki, istənilən şəxsə qarşı irəli sürülən ittihamlar məhkəmə tərəfindən araşdırılsın və qərar hüquqi prosedurlar çərçivəsində qəbul edilsin. Bu baxımdan xarici siyasətçilərin davam edən məhkəmə prosesinə siyasi təzyiq göstərmək cəhdləri məhkəmə müstəqilliyi prinsipinə uyğun hesab edilə bilməz. Brad Şermanın təşəbbüsünün arxasında duran motivlər də aydındır. Burada ABŞ daxilində fəaliyyət göstərən erməni lobbi qruplarının təsirini aydın görmək olur. 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi də eyni məntiqdən qaynaqlanır. Sözügedən düzəliş 1992-ci ildə tamamilə fərqli geosiyasi şəraitdə qəbul olunub və uzun illər ərzində regiondakı reallıqları əks etdirməyən sənəd kimi qiymətləndirilib. ABŞ administrasiyaları müxtəlif dövrlərdə milli təhlükəsizlik maraqlarını nəzərə alaraq bu düzəlişin tətbiqini dayandırıb. Çünki Azərbaycan enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və regional sabitlik baxımından Vaşinqtonun mühüm tərəfdaşlarından biridir. Qərəzli siyasi yanaşmaların yenidən aktuallaşdırılması Vaşinqtonun da maraqlarına uyğun deyil".
Parlamentari onu da qeyd edib ki, rəsmi Bakının mövqeyi prinsipial şəkildə beynəlxalq hüquqa və dövlət suverenliyinə əsaslanır: "Ölkə ərazisində törədilən cinayətlərlə bağlı istintaq və məhkəmə prosesləri daxili qanunvericiliyə uyğun həyata keçirilir və heç bir xarici siyasi təsir hüquqi prosedurları əvəz edə bilməz. Eyni zamanda rəsmi Bakı beynəlxalq tərəfdaşlarla dialoqu davam etdirərək bölgədə sülh və əməkdaşlığı təşviq edir. ABŞ administrasiyası Cənubi Qafqazda davamlı sülhün əldə olunmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Bu xüsusda Brad Şermanın irəli sürdüyü təşəbbüs regionda formalaşmaqda olan yeni siyasi reallıqlarla uzlaşmır. Regionun yeni siyasi manipulyasiyalara yox, beynəlxalq hüquqa, suverenliyə və qarşılıqlı hörmətə əsaslanan davamlı sülhə ehtiyac var".
Turqut Ansari