Ölkəmizin gələcək iqtisadi inkişafında aqrar siyasət əsas rol oynaya biləcəkmi?
Qlobal miqyasda kənd təsərrüfatı artıq yalnız torpaq və əmək resurslarına əsaslanan sahə kimi deyil, yüksək texnologiyalar, məlumat əsaslı idarəetmə və innovativ həllərlə inkişaf edən strateji istiqamət kimi qəbul olunur. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar və məhsuldarlığın artırılması zərurəti bir çox ölkələri aqrar sektorda yeni idarəetmə modellərinə keçməyə vadar edir. Bu fonda Azərbaycanda da kənd təsərrüfatının modernləşdirilməsi, yeni subsidiya mexanizmlərinin tətbiqi, süni intellekt və rəqəmsallaşma əsaslı idarəetmə sistemlərinin qurulması gündəmə gəlib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən irəli sürülən yeni yanaşma yalnız maliyyə dəstəyi modelinin yenilənməsi deyil, eyni zamanda aqrar sektorun daha səmərəli, məhsuldar və rəqabətqabiliyyətli formata keçidi kimi qiymətləndirilir. Lakin əsas sual açıq qalır: bu gün Azərbaycan kənd təsərrüfatının real vəziyyəti yeni texnoloji transformasiyaya nə dərəcədə hazırdır? Yeni subsidiya alətləri və rəqəmsal həllər mövcud problemləri aradan qaldıra biləcəkmi? Bu təşəbbüs real nəticələr verəcək, yoxsa yalnız texnoloji yenilənmə görüntüsü yaradacaq?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlamalarında kənd təsərrüfatında mövcud vəziyyəti, yeni modelin perspektivlərini və onun praktik nəticələrini dəyərləndirirlər.
Milli Məclisin deputatı Vüqar İskəndərov:
“Ölkə başçısının yanında kənd təsərrüfatı siyasəti ilə bağlı keçirilən müşavirədə Azərbaycan Prezidenti cənab İlham Əliyev yaxın dörd il ərzində Azərbaycanın aqrar sahə üzrə inkişaf vizyonunu və yol xəritəsini müəyyən etmiş oldu, eyni zamanda vacib tövsiyə və tapşırıqlarını iştirakçıların diqqətinə çatdırdı. Ümumiyyətlə, yeni dövrün inkişafı və müasir texnologiyaların tətbiqi artıq yalnız informasiya texnologiyaları və digər sahələr üçün deyil, bütün istiqamətlər, o cümlədən aqrar sektor üçün də günün əsas tələbi və yeni çağırışıdır. Təbii ki, Azərbaycan aqrar ölkə olaraq uzun illər, xüsusilə Sovet İttifaqı dövründə taxılçılıq, pambıqçılıq, tütünçülük, baramaçılıq və kənd təsərrüfatının digər istiqamətləri üzrə kifayət qədər inkişaf etmiş ölkələrdən biri olub. Müstəqillik dövründə də qeyri-neft-qaz sektoruna nəzər saldıqda görünür ki, ölkəmizin gələcək iqtisadi inkişafında əsas rol oynayacaq sahələr sırasında aqrar sektor və turizm xüsusi yer tutur.Bu baxımdan cənab Prezident ərzaq təhlükəsizliyi ilə bağlı kənd təsərrüfatının bütün istiqamətləri üzrə inkişafın təmin olunması və bu inkişafla bağlı dövlət proqramı müddəalarının tam icra olunması ilə bağlı müvafiq tapşırıqlar verdi. Burada əsas məsələlərdən biri dövlətin aqrar sahədə tətbiq etdiyi dəstək alətləridir. Bunlara subsidiya mexanizmləri, süni intellekt və rəqəmsallaşmanın tətbiqi, müasir suvarma sistemlərinin genişləndirilməsi, toxumçuluğun inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması üçün innovativ yanaşmaların tətbiqi daxildir. Hazırda bu istiqamətlər üzrə müvafiq icra hakimiyyəti orqanı olan Kənd Təsərrüfatı Nazirliyi, onun tabeliyində olan qurumlar, fermerlər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar birgə və kompleks şəkildə aqrar sektorun inkişafına töhfə verməlidirlər. Təbii olaraq, dövlətin bu sahədə təsir və dəstək mexanizmlərinin olması olduqca vacibdir. Yeni dövlət proqramında bu məsələlərin həlli istiqamətində əsas müddəalar öz əksini tapıb. Eyni zamanda hazırda dünyada geniş tətbiq olunan müasir yanaşmalar öyrənilir və ölkəmizdə bölgələrin coğrafi xüsusiyyətlərinə uyğun ixtisaslaşmış istiqamətlər üzrə tətbiq olunmağa başlanılıb”.

Deputat əlavə edib ki, burada fermerlərə və kənd təsərrüfatı ilə məşğul olan insanlara dövlət dəstək mexanizmlərinin əlçatanlığının artırılması, rəqəmsallaşmanın geniş tətbiqi, bitki xəstəliklərinin monitorinqi və kənd təsərrüfatı məhsullarının yalnız istehsalı deyil, həm də saxlanılması, satışı, yeni bazarların tapılması və ixrac istiqamətlərinin şaxələndirilməsi məsələləri ciddi şəkildə araşdırılmalı və tətbiq olunmalıdır: “Düşünürük ki, artıq Kənd Təsərrüfatı Nazirliyi üzərinə düşən vəzifələri müəyyən edib və bu istiqamətdə bütün aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində fəaliyyətə başlayıb. Elə bu yaxınlarda Milli Məclisdə Aqrar Siyasət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə keçirilən geniş dinləmələrdə də bütün bu məsələlər ətraflı müzakirə olundu. Qarşıda duran perspektiv planların icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi və kənd təsərrüfatında yeni yanaşmaların tətbiqi ilə bağlı vacib addımlar müəyyən edildi. Cənab Prezidentin də qeyd etdiyi kimi, insanların şəhərdən kəndə qayıdışı prosesi bütün innovativ imkanların bölgələrə gətirilməsi ilə müşayiət olunmalıdır. İnsanlar yaşadıqları ərazilərdə layiqli həyat şəraiti, iqtisadi imkanlar və dayanıqlı gəlir əldə etmək imkanlarına sahib olmalıdırlar. Şəhərlərdə tətbiq olunan müasir yanaşmalar kənd təsərrüfatında da istifadə edilməli və bölgələrdə gəlir gətirən sahələrin sayı artırılmalıdır. Bilirik ki, bu istiqamətdə qarşıya qoyulan məqsədlər mərhələli şəkildə həyata keçiriləcək. Lakin ən azı qarşıdakı dörd il ərzində Dövlət Proqramının müddəalarının icrası xüsusi əhəmiyyət daşıyır”.
V.İskəndərov əlavə edib ki, bunun üçün həm müvafiq icra hakimiyyəti orqanları, həm iş adamları, fermerlər, aqrar sektor nümayəndələri, həm də biznes strukturları prosesə aktiv şəkildə qoşulmalı və investisiya yatırımlarını artırmalıdırlar: Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda ərzaq təminatı, kənd təsərrüfatı istehsalı və məhsulların ixrac potensialının artırılması istiqamətində bütün vacib addımların atılması, Dövlət Proqramının düzgün və ardıcıl icrası düşünürük ki, hər birimizin prioritet vəzifəsinə çevrilməlidir. Son günlər həm nazirin mətbuata açıqlamalarında, həm də digər dövlət qurumlarının bu istiqamətdə verdiyi dəstəklərdə görünür ki, icmaların, sahibkarların və fermer təsərrüfatlarının birgə əməkdaşlığı nəticəsində qarşıda duran bu prioritet vəzifələrin uğurla həyata keçirilməsi mümkün olacaqdır”.
İqtisadçı Xalid Kərimli:
“Fikrimcə, bu təşəbbüs çox lazımlıdır və dünya təcrübəsinə uyğundur. Ancaq burada bir mühüm nüans var. Təşəbbüsün özü çox vacibdir, yaxşıdır və Azərbaycanın kənd təsərrüfatının qarşıdakı illərdə inkişaf istiqamətlərindən biri kimi böyük əhəmiyyət daşıyır. Aqrar sahənin inkişafı üçün bu cür yanaşmalar olduqca vacibdir. Amma bir nüansı qeyd edim. Biz xatırlayırıq ki, vaxtilə müəyyən intellektual idarəetmə layihələri həyata keçirilirdi. Məsələn, ictimai nəqliyyatda avtobusların hərəkət vaxtlarının izlənməsi ilə bağlı layihələr var idi. O dövrdə bu, kifayət qədər yüksək texnologiyalı yanaşma hesab olunurdu. Avadanlıqlar quraşdırıldı, lövhələr yerləşdirildi və böyük həcmdə dövlət vəsaiti sərf olundu. Məqsəd o idi ki, vətəndaşlar avtobusun nə vaxt gələcəyini, neçə dəqiqə sonra dayanacaqda olacağını əvvəlcədən görə bilsinlər. Amma gördük ki, müəyyən müddətdən sonra sistem effektiv işləmədi. Yəni böyük həcmdə dövlət vəsaiti sərf olunsa da, layihənin tətbiqində nəticə əldə olunmadı. Burada əsas nüans budur: texnologiyanın özü problemi həll etmir. Onun düzgün tətbiqi daha vacibdir”.

İqtisadçı əlavə edib ki, bizim kənd təsərrüfatında ciddi problemlər mövcuddur: “Məhsuldarlıq baxımından inkişaf etmiş ölkələrlə müqayisədə geridə qalırıq. Ən böyük problemlərdən biri suvarma məsələsidir, su ehtiyatlarının azalmasıdır. Digər problem isə təsərrüfatların kiçik olmasıdır. Müasir texnologiyalara çıxış da məhduddur. Məsələn, kiçik həcmdə torpaq sahəsi olan fermerin bahalı texnologiyalar əldə etməsi çətindir. Subsidiyalar böyük həcmdə verilir, amma onların səmərəliliyinin ölçülməsi, nəticəyönümlü olması məsələsində hələ də tam əminlik yoxdur. Hər il ayrılan subsidiyaların konkret hansı problemləri həll etdiyi və bu subsidiyalara nə qədər müddət ehtiyac olacağı ilə bağlı suallar qalır. Subsidiyanın mahiyyəti odur ki, müəyyən müddət ərzində dəstək verilsin və həmin sahə inkişaf etsin. Amma əgər hər il yalnız subsidiya ayrılırsa və sistem davamlı nəticə vermirsə, buna xüsusi diqqətlə yanaşmaq lazımdır. Subsidiyalar büdcədən ayrılır. Büdcənin əsas gəlir mənbələrindən biri isə neft gəlirləridir. Yəni resurs əldə edilir, büdcəyə daxil olur və sonra subsidiya formasında yönləndirilir. Amma əgər nəticə görünmürsə, bu zaman ayrılan vəsaitin səmərəliliyi sual doğurur. Ona görə də subsidiya mexanizmləri düzgün qurulmalıdır ki, dövlət vəsaitindən səmərəli istifadə olunsun və dəstək məhsuldarlığı artıran sahələrə yönəlsin. Məsələn, suya qənaət edən texnologiyalara, ixracyönümlü istehsala və rəqəmsallaşmaya üstünlük verilməlidir. Torpağın məlumat bazasının formalaşdırılması vacibdir. Bu yaxınlarda nazir də qeyd edirdi ki, torpağın tərkibi öyrənilməli, hansı gübrənin, hansı preparatın nə qədər verilməsi müəyyənləşdirilməlidir. Əgər süni intellekt, rəqəmsallaşma, torpaq analizləri, xəstəliklərin izlənməsi, dərmanların düzgün tətbiqi, zərərvericilərlə mübarizə kimi istiqamətlərdə tətbiq olunacaqsa, bu zaman çox faydalı olacaq. Amma sadəcə texnologiyanı alıb kənd təsərrüfatında çalışan, onun istifadəsinə hazır olmayan insanlara vermək nəticə yaratmayacaq. Bu halda vəsait səmərəsiz xərclənmiş olacaq. Əgər paralel şəkildə fermerlərin savadlılığı, hazırlıq səviyyəsi, texnologiyadan istifadə bacarıqları inkişaf etdirilsə və ümumi kənd təsərrüfatı infrastrukturu gücləndirilsə, o zaman bu yanaşma həqiqətən çox faydalı nəticələr verə bilər”.
Ayhan
13:00 18.06.2026
Oxunuş sayı: 62