Son zəng: Bir dövr bağlandı, minlərlə yeni yol açıldı
Bu gün məktəblərin həyətlərində adi bir tədbir deyil, illərlə formalaşan xatirələrin, qurulan dostluqların və gələcəyə uzanan arzuların son məktəb zəngi ilə müşayiət olunan xüsusi bir günü yaşandı. “Son zəng” yalnız məzunların məktəblə vidası deyil, uşaqlıqdan gəncliyə keçidin, yeni həyatın başlanğıc nöqtəsidir.
Bu gün müxtəlif məktəblərdə keçirilən tədbirlər göstərdi ki, hər məktəbin öz ruhu, öz ənənəsi və özünəməxsus son zəng hekayəsi var.
Bakı şəhəri, Xətai rayonu 63 saylı orta məktəbdə keçirilən “Son zəng” tədbiri yaddaqalan anlarla müşayiət olundu. Tədbirdə məktəbin direktoru Valeh İsmayılov və direktor müavini Nüşabə Eminova çıxış edərək məzunları təbrik etdilər, onların gələcək həyat yollarında uğurlar arzuladılar. Çıxışlarda məktəb illərinin insan həyatında xüsusi mərhələ olduğu, əldə olunan bilik və dəyərlərin gələcək uğurların təməlini təşkil etdiyi vurğulandı. Rəsmi hissədə Bakı Şəhər İcra Hakimiyyətinin və Xətai Rayon Ağsaqqallar Şurasının nümayəndələri də çıxış edərək məzunlara tövsiyələrini çatdırdılar, onların ölkənin gələcək inkişafında fəal vətəndaş kimi iştirak edəcəklərinə inandıqlarını bildirdilər. Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən müxtəlif rəqs nömrələri nümayiş etdirildi. Milli və müasir rəqslər iştirakçılar tərəfindən maraqla qarşılandı və tədbirə xüsusi rəng qatdı.
Həmçinin tədris ili ərzində yüksək nəticələr göstərən, müxtəlif sahələrdə uğur qazanan şagirdlər xüsusi olaraq təltif olundular. Onlara təşəkkürnamələr və fəxri diplomlar təqdim edildi. Bu məqam tədbirin ən yaddaqalan hissələrindən biri oldu və digər şagirdlər üçün də motivasiya xarakteri daşıdı.


Milli ruhun və duyğuların birləşdiyi anlar — Sumqayıt şəhər 9 nömrəli məktəb
Sumqayıt şəhər 9 nömrəli məktəbdə keçirilən son zəng tədbiri milli ruhun və vətən sevgisinin ön plana çıxdığı mərasimlərdən biri oldu. Məktəbin həyəti bayram ab-havasına bürünmüş, valideynlər və müəllimlər məzunların həyəcanına ortaq olmuşdu.
Tədbir zamanı milli musiqilərimizin sədaları altında üç 11-ci sinfin məzunları rəqs çıxışları təqdim etdilər. Məktəb həyətində səslənən musiqilər və məzunların birlik nümayişi tədbirə xüsusi rəng qatdı.
Ən təsirli məqamlardan biri isə ibtidai sinif şagirdinin hərbi marş ifası oldu. Balaca şagirdin vətənpərvərlik ruhunda çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Duyğusal anlardan biri də şəhid anası, eyni zamanda məktəbin müəlliməsi Süsən Allahverdiyevanın çıxışı zamanı yaşandı. O, məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq, harada olurlarsa olsunlar vətənə sahib çıxmağın və onu qorumağın vacibliyini vurğuladı.
Sonda məktəbin direktoru Tərlanə Nağıyeva məzunlarla bağlı xatirələrini bölüşərək onların gələcək həyat yollarında uğurlu olmalarını arzuladı.








Xatirələrin gülüşlə qarışdığı vida — Sumqayıt şəhər 1 nömrəli məktəb
Sumqayıt şəhər 1 nömrəli məktəbdə son zəng təkcə məzunların deyil, həm də valideyn və müəllimlərin böyük marağı ilə qarşılandı. Məktəbin həyətində toplaşan izdiham tədbirə xüsusi rəng qatmışdı.
Mərasimdə milli ornamentlərimizin simvollarından olan kəlağayı ilə hazırlanmış rəqs nömrəsi nümayiş etdirildi və iştirakçıların böyük marağına səbəb oldu.
Müəllimlər öz şagirdləri ilə bağlı illər ərzində yaşadıqları maraqlı hadisələri xatırlayır, xatirələrini bölüşür, bəzən gülür, bəzən isə kövrəlirdilər. Bu anlar məktəb həyatının yalnız dərslərdən ibarət olmadığını bir daha göstərirdi.
Tədbirin sonuna yaxın məktəbin direktoru Kəmalə Hüseynova məzunlara xoş arzularını çatdırdı və ən simvolik anlardan biri — son zəngin səsləndirilməsi ilə tədbir yekunlaşdı.


Rənglərin, xatirələrin və minnətdarlığın ünvanı — 60 nömrəli məktəb
60 nömrəli məktəbdə isə tədbir ilk baxışdan öz rəngarəngliyi ilə diqqət çəkirdi. Məktəb həyəti rəngli çətirlər və şarlarla bəzədilmişdi.
Məzunlar bir-birindən fərqli milli rəqs nömrələri ilə çıxış edərək tədbirə xüsusi dinamika qatdılar.
Ənənəyə uyğun olaraq tədbirdə şəhid valideynləri də çıxış etdilər. Onlar öz övladlarını xatırlayaraq məzunlara uğurlar arzuladılar, gələcəyin qurulmasında məsuliyyətin və vətən sevgisinin vacibliyindən danışdılar.
Tədbirdə iştirak edən millət vəkili Göydəniz Qəhrəmanov da məzunlar və valideynlərlə səmimi fikirlərini bölüşərək gənclərə gələcək həyatlarında uğurlar arzuladı.
Məktəbin direktoru Xəficə Əliyeva isə öz ürək sözlərini söyləyərək tədbiri yekunlaşdırdı.




Birlik və sevincin məktəb həyətində əks olunduğu gün — Səxavət Məhərrəmov adına 106 nömrəli məktəb
Səxavət Məhərrəmov adına 106 nömrəli məktəbdə keçirilən son zəng tədbiri böyük iştirakçı kütləsi ilə yadda qaldı. Məktəbin geniş həyətində düzülmüş masalarda valideynlər və məzun yaxınları əyləşərək tədbiri izləyirdilər.
Musiqi sədaları altında təqdim olunan milli rəqslər tədbirə xüsusi canlılıq qatdı. Maraqlı məqamlardan biri də müəllimlərin öz şagirdlərinə qoşularaq birlikdə rəqs etməsi oldu. Bu anlar məktəb həyatında illərlə qurulan bağların nə qədər səmimi olduğunu göstərirdi.
Tədbirin sonunda məktəbin direktoru Nigar Osmanlı məzunlarla sağollaşaraq onlara gələcək həyatlarında uğurlar arzuladı.





Son zəng — təkcə bir zəng deyil
Bu gün səslənən son zəng minlərlə məzun üçün sadəcə dərs ilinin bitməsi deyildi. Bu zəng uşaqlığın sonuna, məsuliyyətli həyata və yeni hədəflərə açılan qapının səsi idi.
İllər keçəcək, məktəb formaları dəyişəcək, dəhlizlər yeni şagirdlərlə dolacaq. Amma bu gün yaşanan həyəcan, müəllimlərin baxışları, valideynlərin qüruru və son zəngin səsi məzunların yaddaşında həmişə qalacaq.
Ayhan
13:10 13.06.2026
Oxunuş sayı: 85