Avropadan ikili yanaşma: Ermənistandakı seçki pozuntularına göz yumulur
Ermənistanda keçirilən parlament seçkiləri beynəlxalq ictimaiyyət və xüsusilə Avropa institutları tərəfindən diqqətlə izlənilsə də, prosesin qiymətləndirilməsi ilə bağlı əvvəlki illərlə müqayisədə daha ehtiyatlı və nisbətən səssiz mövqe müşahidə olunur. Bəzi hallarda seçki prosesi ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, bu məsələlərə dair rəsmi reaksiyaların intensivliyi və açıqlamaların xarakteri fərqli qiymətləndirilir.
Bu fon isə müəyyən suallar doğurur: Avropa demokratik institutlarının reaksiyasındakı bu fərqlilik nə ilə bağlıdır? Seçkilərə münasibətdə yanaşmanın dəyişməsi hansı siyasi və ya geosiyasi amillərlə izah oluna bilər? Və ümumilikdə, müxtəlif ölkələrdə seçki proseslərinə verilən reaksiyaların standartları nə dərəcədə ardıcıldır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Crossmedia.az-a açıqlama verib: “Ermənistanda keçirilən son parlament seçkiləri ətrafındakı vəziyyət və Avropa təsisatlarının buna reaksiyası beynəlxalq münasibətlər, xüsusilə də Avropa təsisatlarının xarici siyasətində tətbiq edilən "ikitirəli yanaşma" və "siyasi praqmatizm" baxımından olduqca aktual və müzakirəyə ehtiyac duyulan bir mövzu olmaqla bir neçə əsas geosiyasi və strateji amillə izah olunur.
Avropa İttifaqı, Avropa Parlamenti və digər Qərb institutları üçün hazırda Ermənistandakı daxili siyasi proseslərə baxışın əsas prizması bu ölkənin Rusiyadan uzaqlaşaraq Qərbə yönəlmə xəttidir. Nikol Paşinyan hökumətinin xarici siyasətdə kəskin dönüş etməsi, ABŞ və Aİ ilə yaxınlaşması Qərb paytaxtlarında ciddi şəkildə dəstəklənir. Bu səbəbdən, seçki prosesində müxalifət fəallarına qarşı inzibati resurslardan istifadə, kütləvi həbslər və ya bərabər rəqabət imkanlarının məhdudlaşdırılması kimi pozuntular qeydə alınsa da, Qərb institutları riyakarcasına bunu "böyük mənzərənin" – yəni Ermənistanın pro-Avropa kursunun qorunub saxlanmasının – kölgəsində saxlayırlar. ATƏT DTİHB və AŞPA başda olmaqla beynəlxalq müşahidəçilərin ilkin rəylərində müxalifətə təzyiqlər, dövlət resurslarından istifadə məzmununda simvolik tənqidlər yer alsa da, ümumi siyasi bəyanatlarda Avropa liderləri dərhal Paşinyanı təbrik etməyə üstünlük verdilər".
O bildirib ki, bu, təəccüblü deyil: "Çünki Avropanın fərqli ölkələrə yanaşmasında hər zaman insan hüquqları və demokratiya bəyanatları ilə strateji və iqtisadi maraqlar arasında bir tarazlıq və ya bəzən ziddiyyət mövcud olur. O cümlədən də Azərbaycana münasibətdə biz selektiv və məqsədli qərəzi daim müşahidə etmişik. Aydındır ki, Azərbaycan regionun güclü, tam müstəqil xarici siyasət yürüdən və Qərbin təsir rıçaqlarından asılı olmayan bir dövlətidir. Avropa institutları, xüsusilə Avropa Parlamenti, Azərbaycana təsir göstərmək, onu öz siyasi orbitinə çəkmək və ya müəyyən güzəştlər qoparmaq üçün ən kiçik daxili məsələləri belə böyüdərək bir təzyiq aləti kimi istifadə edir.nErmənistan isə hazırda Qərbin regiondakı "layihəsi" statusunda çıxış etdiyi üçün, oradakı mənfi halların qabardılması Qərbin öz siyasətinin uğursuzluğu kimi görünə bilər. Buna görə də "demokratik fasad" qorunmalıdır”.
Deputat əlavə edib ki, eyni zamanda Avropa Parlamentində və digər Qərb strukturlarında Fransa başda olmaqla güclü erməni lobbi şəbəkəsinin mövcudluğu sirr deyil: “Bu qüvvələr Qərb təsisatlarının gündəliyini formalaşdırmaqda mühüm rol oynayırlar. Ermənistanda baş verən qanunsuzluqlar, polis zorakılığı və ya seçki saxtakarlıqları bu lobbi qrupları tərəfindən sistemli şəkildə ört-basdır edilir, Azərbaycan əleyhinə isə süni şəkildə qətnamələr və hesabatlar hazırlanır. Yəni görünən odur ki, Avropanın bu məsələdəki sükutu hüquqi və ya obyektiv deyil, tamamilə siyasi və geosiyasi motivlidir. Bu yanaşma, beynəlxalq münasibətlərdə "demokratiya" və "insan hüquqları" anlayışlarının bir qayda olaraq sadəcə siyasi alət kimi istifadə edildiyini növbəti dəfə sübut edir”.
Ayhan
17:43 09.06.2026
Oxunuş sayı: 54