Sosial şəbəkələrə giriş məhdudlaşdırılır: Üstünlükəri açıqlandı
Milli Məclisdə qəbul edilən yeni qanun layihəsinə əsasən uşaqların sosial şəbəkələrə və informasiya platformalarına çıxışının məhdudlaşdırılması nəzərdə tutulur. Qanunun müzakirələri zamanı xüsusilə vurğulanıb ki, müasir dövrdə uşaq və yeniyetmələrdə rəqəmsal düşüncə bacarıqları 18 yaşa qədər formalaşdırılmalıdır. Çünki informasiya bolluğu, sosial medianın təsiri və rəqəmsal mühitin gündəlik həyata nüfuzu fonunda gənc nəslin yalnız texnologiyadan istifadə etməsi deyil, onu düzgün analiz etməsi, informasiya təhlükəsizliyi vərdişləri qazanması və tənqidi düşüncə formalaşdırması da vacib hesab olunur.
Bəs bu istiqamətdə hansı addımlar atılmalıdır ki, uşaq və yeniyetmələrdə sağlam rəqəmsal düşüncə formalaşsın?

Bakı Dövlət Universitetinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib: “Məsələ indiki halda rəqəmsal düşüncənin formalaşmasından getmir. Burada əsas məsələ həmin qeyd olunan sosial şəbəkələrin uşaq psixologiyasına, yeniyetmələrin düşüncə tərzinə, təfəkkürünə və davranışına birbaşa, eyni zamanda neqativ təsir göstərməsidir. Bu baxımdan qəbul olunan və hazırda müzakirə edilən qanun layihəsində bu məsələlərin gündəmə gətirilməsini çox doğru hesab edirəm. Artıq bəzi məktəblərdə “TikTok” və digər platformalara giriş qadağan olunub, bəzi hallarda isə müəyyən məhdudiyyətlər tətbiq edilir. Mən bunu müsbət addım kimi qiymətləndirirəm".
Professor ali məktəbdə dərs dediyini xatırladıb: "Tələbələrin, ümumiyyətlə, əlində daim telefon olan gənclərin dərs prosesinə münasibətini müşahidə edirik: “Görürük ki, diqqət tam şəkildə telefona yönəlir. Yeni verilən informasiyanı qəbul etmək, onu analiz etmək və üzərində düşünmək qabiliyyəti zəifləyir. Sosial şəbəkələrin cəzbedici, amma eyni zamanda mənfi təsir göstərən mühiti uşaqların və gənclərin beyninin, düşüncə sisteminin və intellektual potensialının sağlam şəkildə formalaşmasına mane olur. Ona görə də hesab edirəm ki, bu istiqamətdə atılan məhdudlaşdırıcı addımlar gecikmiş olsa da, olduqca vacib addımlardır. Mən bu yanaşmanı dəstəkləyirəm və dəfələrlə sosial şəbəkələrin nəzarətsiz istifadəsinin mənfi təsirləri barədə danışmışıq. Çünki gələcək nəsli qorumaq, onların sağlam psixoloji və intellektual mühitdə böyüməsini təmin etmək son dərəcə önəmlidir”.

Sosioloq Rəvan Əliyev isə qeyd edib ki, müasir dövrdə rəqəmsal düşüncə uşaq və gənclərin əsas kompetensiyalarından birinə çevrilib: “Bu səbəbdən rəqəmsal savadlılığın, informasiya təhlükəsizliyi biliklərinin və texnologiyadan məsuliyyətli istifadənin 18 yaşa qədər mərhələli şəkildə formalaşdırılması vacibdir. Bu proses ailə, məktəb və dövlət institutlarının birgə fəaliyyəti ilə həyata keçirilməlidir. Uşaqlara təkcə texnologiyadan istifadə deyil, həm də rəqəmsal mühitdə riskləri tanımaq, məlumatları tənqidi qiymətləndirmək və şəxsi məlumatlarını qorumaq bacarıqları aşılanmalıdır. Uşaqların sosial mediadan istifadəsinə dair tətbiq edilən məhdudiyyətlər qadağa kimi deyil, qoruyucu və maarifləndirici mexanizm kimi təqdim olunmalıdır. Araşdırmalar göstərir ki, erkən yaşlarda sosial mediadan nəzarətsiz istifadə diqqət pozuntuları, kibertəzyiq, dezinformasiya və psixoloji asılılıq risklərini artırır. Buna görə də məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onların daha sağlam, təhlükəsiz və şüurlu rəqəmsal mühitdə formalaşmasını təmin etməkdir”.
Sosioloq bildirib ki, rəqəmsal düşüncəyə malik, informasiya təhlükəsizliyi qaydalarını bilən və texnologiyadan məqsədyönlü istifadə edən gənclər gələcək əmək bazarına, innovativ iqtisadiyyata və rəqəmsal cəmiyyətə daha uğurla inteqrasiya olurlar.

Psixoloq Günel Əkbərova da məsələ ilə bağlı fikirlərini bölüşüb: “Hazırda elə bir dövrdə yaşayırıq ki, hər tərəfdən fasiləsiz informasiya axını var. Əlində telefon və internet olan hər kəs istədiyi mövzuda fikrini sərbəst şəkildə paylaşa bilir. Bu isə o deməkdir ki, biz təkcə faydalı deyil, eyni zamanda yanlış və ya etibarsız mənbələrin təsirinə də məruz qala bilirik. Bəzən hətta yaş həddi və həyat təcrübəsi kifayət qədər olan insanlar belə bu informasiya axınını düzgün idarə etməkdə çətinlik çəkirlər. O halda hələ tam formalaşmamış uşaqlar və yeniyetmələr üçün bu daha çətin olur. Bunun qarşısını almaq üçün ilk və ən vacib məsələ ailədən başlayır. Düzgün xarakterin, davranışın və tərbiyənin təməli ailədə qoyulur. Valideyn özü düzgün nümunə olmalıdır ki, sabah bunu övladına da ötürə bilsin. Burada tətbiq edilə biləcək üsullardan biri rəqəmsal detoksdur. Yəni müəyyən saatlar və ya günlər texnologiyadan uzaq qalmaq üçün ayrılmalıdır. Məsələn, həftədə bir gün və ya gün ərzində müəyyən saatlarda ailə üzvləri telefon və sosial mediadan istifadə etmədən yalnız ünsiyyətə, dialoqa və birlikdə vaxt keçirməyə üstünlük verə bilərlər”.
Psixoloq əlavə edib ki, uşaq valideynin davranışını müşahidə edir: “Əgər valideyn özü daim telefonla məşğuldursa, uşağa telefon istifadə etməməyi demək təsirli olmayacaq. Uşaq düşünəcək ki, valideynin məşğul olduğu şey daha maraqlıdır. Eyni zamanda sosial medianın yalnız mənfi deyil, müsbət tərəfləri də var. Düzgün istifadə edildikdə dünyagörüşünün genişlənməsi, məlumatlılığın artması və düşünmə qabiliyyətinin inkişafına müsbət təsir göstərə bilər. Lakin nəzarətsiz və həddindən artıq istifadə mənfi nəticələr doğura bilər. Bunlara sosial fobiya, ünsiyyət problemləri, adaptasiya çətinliyi, fikri ifadə etməkdə çətinlik və yaradıcılıqla bağlı zəifləmə daxildir. İnsan o qədər hazır məzmuna məruz qalır ki, artıq özü xəyal qurmaq və düşünmək vərdişini itirə bilir. Digər vacib addımlardan biri də məktəblərdə tənqidi və koqnitiv düşüncənin inkişaf etdirilməsidir. Uşaqlara öyrədilməlidir ki, hər gördükləri video, hər oxuduqları məlumat və hər eşitdikləri fikir həqiqəti əks etdirmir. İnformasiya bolluğu şəraitində analiz etmək, sual vermək, müqayisə aparmaq və doğru nəticəyə gəlmək bacarığı formalaşdırılmalıdır. Beləliklə, həm ailədə sağlam rəqəmsal vərdişlərin qurulması, həm də təhsil sistemində tənqidi düşüncənin inkişaf etdirilməsi uşaqları informasiya xaosundan qorumağın əsas yollarından biridir”.
Ayhan
17:08 09.06.2026
Oxunuş sayı: 65