Ermənistan hərbi güc tapan kimi yenidən hücuma başlayacaq - MÜSAHİBƏ
Ermənistanda keçirilən parlament seçkiləri regionda siyasi gündəmin əsas mövzularından birinə çevrildi. Seçkilərin nəticələri yalnız ölkədaxili qüvvələr balansına deyil, eyni zamanda Ermənistanın xarici siyasət kursuna, Azərbaycan və Türkiyə ilə münasibətlərinə, eləcə də regionda sülh perspektivlərinə dair müzakirələri yenidən aktuallaşdırdı. Baş nazir Nikol Paşinyanın əldə etdiyi nəticə müxtəlif qiymətləndirmələrə səbəb oldu — bir tərəf bunu cəmiyyətin sabitlik və sülh seçimi kimi dəyərləndirir, digər tərəf isə seçkidən sonra daxili siyasi proseslərin və geosiyasi qarşıdurmanın yeni mərhələyə keçəcəyini düşünür.

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Crossmedia.az-a müsahibə verib:
— Ermənistandakı seçki nəticələrini ümumi olaraq necə qiymətləndirirsiniz?
— Paşinyanın qalib gəlməsini seçki texnologiyası baxımından kifayət qədər uğurlu hesab edirəm. O, seçki kampaniyasını çox məharətlə qurdu. Əvvəla, ona nail oldu ki, onun qarşısında ən güclü alternativ kimi çıxış etməli olan köhnə qvardiya — ənənəvi müxalifət, Qarabağ klanı ön plana çıxsın. Halbuki erməni cəmiyyətinin əhəmiyyətli hissəsi artıq həmin qüvvələrdən bezib, onlara qarşı ciddi narazılıq və etimadsızlıq formalaşıb. İnsanlar onları illərlə korrupsiya, qanunsuzluq, yanlış idarəçilik və cəmiyyətə vurulan zərərlə əlaqələndirirlər. İkinci mühüm məqam odur ki, Paşinyan bütün seçki kampaniyasını “ya hərb, ya sülh” tezisi üzərində qurdu. Müharibə ehtimalını müxalifətin və köhnə siyasi xəttin üzərinə yönəltdi, sülh ideyasını isə öz siyasi imici ilə əlaqələndirdi. Belə şəraitdə cəmiyyətin böyük hissəsinin təhlükəsizlik və sabitlik naminə sülhü seçməsi gözlənilən idi. O, seçki kampaniyasında cəmiyyətlə çox görüşdü, açıq danışdı, Ermənistanın gələcəyi, dövlətin istiqaməti barədə daha cəsarətli tezislərlə çıxış etdi. Eyni zamanda, hakimiyyət imkanlarından da istifadə etdi, rəqiblər üzərində üstün mövqe qurdu. Bu, dünya siyasi praktikasında tez-tez rast gəlinən bir yanaşmadır.
— Köçəryanın Azərbaycana təhvil verilməsi məsələsi insanları düşündürür. Necə düşünürsünüz, bu baş verə bilərmi?
— Bunu real hesab etmirəm. Ermənistan daxilində seçki kampaniyaları zamanı çoxlu siyasi vədlər və emosional tezislər səslənir. Amma reallıq fərqlidir. Burada Rusiyanın təsir amili ciddi rol oynayır. Ermənistan iqtisadi baxımdan Rusiyadan kifayət qədər asılıdır. Ölkədə Rusiyanın hərbi bazası var, böyük həcmdə maliyyə axını və iqtisadi bağlılıq mövcuddur. Belə bir şəraitdə Ermənistanın belə həssas bir qərarı sərbəst şəkildə verməsi inandırıcı görünmür. Bu cür bəyanatlar daha çox seçki ritorikasının elementi kimi qiymətləndirilməlidir.
— Müxalifətin zəifləməsi ölkədə siyasi balansı necə dəyişdirəcək?
— Paşinyandan narazı olan kifayət qədər böyük bir kütlə var. Bu, reallıqdır. Xüsusilə uzun illər hakimiyyətdə olmuş və Qarabağ məsələsindən siyasi və iqtisadi divident qazanmış qüvvələr tamamilə səhnədən çəkilməyəcəklər. Amma hesab edirəm ki, artıq əsas dönüş nöqtəsi keçilib. Hətta müxalifət qalib gəlsəydi belə, Ermənistanın maliyyə, hərbi, siyasi və insan resursları baxımından mövcud vəziyyətini köklü dəyişmək imkanları məhdud qalacaqdı. Ən yaxşı halda onlar sülh prosesini və müqavilənin imzalanmasını ləngidə bilərdilər. Təsadüfi deyil ki, seçkiyə az qalmış müxalifət nümayəndələri də Azərbaycan və Türkiyə ilə sülhə prinsip etibarilə qarşı olmadıqlarını bildirməyə başladılar. Sadəcə, onlar bu prosesdə xarici zaminlər — əsasən də Rusiyanın rolunu artırmaq istəyirdilər. Əslində əsas siyasi mübarizə Ermənistanın hansı geosiyasi təsir dairəsində qalacağı üzərində gedir.
— Paşinyandan narazı olan kilsə və böyük kütlə təxribatlara başlaya, sülh prosesinə mane ola bilərmi?
— Bu ehtimalı yüksək hesab etmirəm. Ermənistanda kilsənin əvvəlki təsir gücü zəifləyib. Xüsusilə keçmiş hakimiyyətlə və müxtəlif siyasi dairələrlə yaxın münasibətlər fonunda cəmiyyət daxilində nüfuzu əvvəlki səviyyədə deyil. Əlbəttə, narazı qüvvələr qalacaq, radikal çıxışlar olacaq. Amma onların genişmiqyaslı daxili sabitliyi pozacaq və ya sülh prosesini tam dayandıracaq potensiala sahib olduğunu düşünmürəm.
— Bəs Rusiya necə? Təxribat xarakterli addım ata bilərmi? Ümumiyyətlə, Rusiya–Ermənistan münasibətləri necə irəliləyəcək?
— Rusiya mövcud nəticələrdən tam razı görünmür. Amma onun da imkanları əvvəlki kimi deyil. Əgər təxribatdan söhbət gedirsə, nəzəri olaraq müxtəlif vasitələr mümkündür. Amma terror və ya hərbi eskalasiya kimi ssenarilərin ehtimalı yüksək deyil. Çünki belə addımlar Rusiyanın regiondakı mövqelərini daha da zəiflədə bilər. Üstəlik, Rusiyanın diqqəti və resurslarının böyük hissəsi Ukrayna müharibəsinə yönəlib. Son dövrlərdə Ermənistan məhsullarına tətbiq olunan iqtisadi məhdudiyyətlər də göstərir ki, Moskva daha çox iqtisadi təzyiq alətlərindən istifadə edir. Bu, Rusiyanın regionda əvvəllər də tətbiq etdiyi klassik yanaşmadır. Hesab edirəm ki, Rusiya–Ermənistan münasibətlərində gərginlik tam bitməyəcək, amma müəyyən yumşalma olacaq. Çünki qarşıdurmanı əvvəlki səviyyədə saxlamağın hər iki tərəf üçün faydası azalır.
— Artıq parlament seçkiləri də keçirildi. Sizcə, bu il sülh sazişi imzalanacaqmı?
— İmzalanması mümkündür. Parlament seçkilərinin başa çatması ilə Ermənistan daxilində əsas siyasi maneələrdən biri aradan qalxmış kimi görünür. Ancaq sülh sazişi məsələsi təkcə Ermənistanla bağlı deyil. Burada Azərbaycanın siyasi hesablamaları və regional dinamika da rol oynayır. Konstitusiya məsələsi ilə bağlı isə düşünürəm ki, bu, daha çox siyasi müzakirə predmetidir. Reallıqda dövlətlərin davranışını kağız üzərində yazılan müddəalardan daha çox qüvvələr nisbəti və regional şərtlər müəyyən edir. Qarabağ məsələsinin əvvəlki formatda geri qayıdacağını düşünmürəm. Regionda artıq fərqli reallıq formalaşıb. Ermənistanın konstitusiyasındakı dəyişikliyə ilişməyək. Mən düşünürəm ki, orada olan bir bənd “Azərbaycana qarşı ərazi iddiası” real olmayacaq. Bunu gözləməyə və tələbə ehtiyac yoxdur.
—Bəs bundan 50 il sonra, hər iki dövlətin hakik dairələri dəyişdikdə necə? Problem olmayacaq?
— Əlbəttə ki, yox. Hələ o vaxta var. Ermənistan əhalisinin sayı bizi keçəsi deyil ki. Konstitusiyadakı bir bəndlə heç nə edə bilməzlər. Bunun üçün hərbi güc lazımdır. Ermənistanda da hərbi güc olsa konstitusiyada bənd olmasa belə, Azərbaycana hücum edəcək. Yəni məsələ gücdür.
— Sizcə, İrəvan yaxın zamanda Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi İttifaqı (Aİİ) arasında seçim edə biləcəkmi?
— Yaxın perspektivdə bunu real hesab etmirəm. Aİ-yə inteqrasiya uzun və mürəkkəb prosesdir. Ukrayna, Moldova, Gürcüstan illərlə bu istiqamətdə çalışsalar da, tam üzvlük əldə etməyiblər. Üstəlik, Aİ-nin özü də daxili çağırışlarla üzləşir və yeni genişlənmə dalğasına tam hazır görünmür. Ermənistan kiçik bazardır, iqtisadi potensialı məhduddur və coğrafi baxımdan da mürəkkəb vəziyyətdədir. Buna görə yaxın dövrdə tam Avropa inteqrasiyası perspektivi daha çox siyasi ümid və istiqamət kimi görünür. Digər tərəfdən, Ermənistanın Rusiyadan tam qopması da qısa müddətdə real görünmür. Ona görə yaxın illərdə İrəvanın balans siyasəti aparmağa çalışacağını düşünürəm.
Ayhan
16:59 08.06.2026
Oxunuş sayı: 68