Azərbaycanı qlobal qarşıdurma tərəfinə çevrirmək istəyənlər var - Zahid Oruc
Azərbaycan yenidən beynəlxalq informasiya müharibəsinin hədəfinə çevrilib. CNN tərəfindən dərc olunan son materialda İsrailin İran əleyhinə planlarını guya Azərbaycan ərazisindən həyata keçirdiyi, hətta ölkə ərazisində İsrail hərbi və kəşfiyyat qüvvələrinin yerləşdirildiyi iddia olunub. Rəsmi Bakı isə bu ittihamları tamamilə əsassız hesab edərək kəskin şəkildə pisləyib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, ölkə ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə heç vaxt icazə verilməyib və verilməyəcək. Rəsmi mövqeyə görə, sübut təqdim edilmədən anonim mənbələrə əsaslanan bu cür xəbərlər peşəkar jurnalistikanın prinsipləri ilə ziddiyyət təşkil edir və ictimai rəyi yanlış istiqamətləndirməyə xidmət edir.

Məsələ ilə bağlı Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Crossmedia.az-la öz fikirlərini bölüşüb: "CNN kanalı beynəlxalq miqyasda tanınmasına, uzun illər formalaşmış tarixinə və geniş auditoriyasına baxmayaraq, bir çox hallarda müəyyən korporativ və siyasi maraqların təsiri altında fəaliyyət göstərir. Məhz buna görə də müxtəlif dövrlərdə kifayət qədər əsassız, lakin konkret maraqlara xidmət edən dezinformasiyaların yayılmasının şahidi olmuşuq. Belə görünür ki, bu cür məlumatların yayılması nəticəsində yaranan reputasiya itkisi onlar üçün ciddi problem hesab edilmir. Əksinə, müəyyən siyasi və ya geosiyasi dividend əldə etmək məqsədi güdülür. Halbuki bu yanaşma medianın əsas prinsipləri olan obyektivlik, qərəzsizlik və dürüstlüklə uzlaşmır. Qeyd etdiyiniz material geniş təhlil xarakteri daşıyır və onun sətirləri arasında gizlədilən məqsədləri müəyyən etmək o qədər də çətin deyil. Burada əsas məqsəd Azərbaycanın qlobal qarşıdurmaların tərəflərindən birinə çevrilməsi üçün zəmin yaratmaqdır. Halbuki Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda sülh və əməkdaşlıq təşəbbüslərinin aparıcı tərəflərindən biri kimi çıxış edib. Ölkəmiz yalnız Cənubi Qafqazda deyil, eyni zamanda Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklə bağlı da dialoq və diplomatik həll yollarını təşviq edən mövqe nümayiş etdirib. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, münaqişələr raket zərbələri və hərbi güc vasitəsilə deyil, siyasi dialoq və sülh mexanizmləri ilə həll olunmalıdır. Belə bir şəraitdə Azərbaycanın cənub bölgələrində guya İsrailin kəşfiyyat sistemlərinin yerləşdirilməsi, İran əleyhinə fəaliyyətlərin koordinasiya olunması və müxtəlif hərbi əməliyyatlara dəstək verilməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Bu iddialara inandırıcılıq qazandırmaq üçün texnoloji və kəşfiyyat xarakterli terminlərdən istifadə olunur, auditoriyada qeyri-müəyyənlik yaradılmağa çalışılır. Lakin bunlar faktlara deyil, manipulyativ yanaşmaya əsaslanır. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məlumatlara dərhal və qəti şəkildə münasibət bildirdi. Çünki Azərbaycan dövlətinin son otuz ildən artıq dövrdə həyata keçirdiyi siyasət hər zaman regional təhlükəsizliyin qorunmasına, ölkə ərazisinin hər hansı dövlətə qarşı platformaya çevrilməməsinə əsaslanıb. Nə Heydər Əliyevin rəhbərliyi dövründə, nə də Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda Azərbaycan başqa dövlətlərə qarşı hərbi, kəşfiyyat və ya texnoloji əməliyyatların iştirakçısı olub".
O, xarırladıb ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdərək bloklara qoşulmayan ölkə kimi tanınıb: "Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olub, nə də NATO-ya üzvlüyü strateji məqsəd kimi elan edib. Ölkəmiz hər zaman milli maraqlara söykənən müstəqil təhlükəsizlik siyasəti həyata keçirib. Bu baxımdan Azərbaycanın guya anti-İran fəaliyyətində iştirak etməsi barədə iddiaların məqsədi ölkəmizi regionda əlavə risklərlə üz-üzə qoymaq, Bakı ilə Tehran arasında münasibətlərə zərbə vurmaqdır. Eyni zamanda regionda sülh prosesinin inkişafından narahat olan qüvvələr Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar nəticəsində əldə olunan irəliləyişləri zəiflətməyə çalışırlar. CNN üzərindən aparılan bu cür informasiya kampaniyaları lokal deyil, qlobal miqyaslı dezinformasiya xarakteri daşıyır. Bu isə onu göstərir ki, həmin məlumatların arxasında daha geniş maraq dairələri dayanır. Eyni zamanda Azərbaycan–İsrail münasibətlərinin də təhrif olunmasına cəhd edilir. Halbuki Bakı ilə Təl-Əviv arasında əlaqələr enerji, iqtisadiyyat və texnologiya sahələrində qarşılıqlı maraqlara əsaslanır və heç bir üçüncü tərəfə qarşı yönəlməyib. CNN televiziyası uzun illərdir ki, ABŞ-da Donald Trampa qarşı mövqe sərgiləyən siyasi dairələrin əsas informasiya platformalarından biri kimi qiymətləndirilir. Digər tərəfdən, Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı strateji maraqları, regionda fəallaşmaq istiqamətində atdığı addımlar və əvvəllər də qeyd etdiyimiz kimi, 8 avqustdan sonra başlanan proseslərin inkişafı, eləcə də Prezident İlham Əliyevlə Donald Tramp arasında formalaşan yüksək səviyyəli münasibətlər müəyyən siyasi qüvvələrdə narahatlıq yaradır. Bəzən Avropa Parlamentində və ya digər beynəlxalq platformalarda Azərbaycana qarşı qəbul edilən qətnamə və qərarların yalnız erməni lobbilərinin fəaliyyəti ilə əlaqələndirilməsi düzgün yanaşma deyil".
Komitə sədri düşünür ki, bir çox hallarda bu təşəbbüslər hətta Ermənistan hakimiyyətinin maraqları ilə də üst-üstə düşmür: "Çünki Azərbaycanla münasibətlərin gərginləşməsi rəsmi İrəvanın da maraqlarına uyğun deyil. Məhz buna görə də Nikol Paşinyan hakimiyyətinin bəzi hallarda həmin dairələrin təsir cəhdlərinə qarşı müqavimət göstərdiyi müşahidə olunur. Eyni zamanda, müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı qəbul edilən qərarların, eləcə də CNN kimi media qurumlarında yayımlanan dezinformasiya xarakterli materialların və hibrid informasiya hücumlarının arxasında daha geniş geosiyasi maraqların dayandığı barədə fikirlər də səsləndirilir. Bu yanaşmaya görə, müəyyən məlumatlar müxtəlif vasitəçilər, təsir şəbəkələri və informasiya kanalları vasitəsilə dövriyyəyə buraxılır, daha sonra isə beynəlxalq ictimai rəyin formalaşdırılmasında istifadə edilir. CNN-in media qurumu kimi ayrı-ayrı siyasi və korporativ maraq qruplarının təsirinə məruz qalması barədə səslənən iddialar da məhz bu kontekstdə dəyərləndirilir. Bu baxımdan, kanalın Prezident İlham Əliyevlə Donald Tramp arasında formalaşan münasibətlərə qarşı tənqidi mövqeyi də həmin yanaşmanın tərkib hissəsi kimi təqdim olunur. Nəticə etibarilə hesab edirik ki, Azərbaycan uzun müddətdir müxtəlif hibrid informasiya hücumlarının hədəfindədir. Müxtəlif platformalar və təşkilatlar vasitəsilə ölkəmizə qarşı vaxtaşırı əsassız iddialar irəli sürülür. Son dövrlərdə ortaya atılan “kölgə donanması” iddiaları da bunun nümunəsidir. Guya Azərbaycanın Rusiya enerji resurslarının sanksiyalardan yayınması üçün gizli mexanizmlər yaratdığı barədə iddialar irəli sürülür. Halbuki bu məlumatların əsas məqsədi Azərbaycanın enerji sektoruna və iqtisadi maraqlarına zərbə vurmaqdır. Əgər bu iddialar real faktlara əsaslansaydı, region ölkələri, o cümlədən İran tərəfindən adekvat reaksiyalar verilərdi. Lakin hər kəs görür ki, bu məlumatlar reallığı əks etdirmir. Azərbaycan öz qonşuluq siyasətinə, beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalaraq regionda sabitlik və əməkdaşlığın tərəfdarı kimi çıxış etməyə davam edir".
Elmir Heydərli
12:37 08.06.2026
Oxunuş sayı: 47