Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci ildönümü qeyd olunub
Estoniyanın paytaxtı Tallində yerləşən Qarabaşlar Qardaşlığı Evində (House of the Blackheads) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci, Bakı Estoniya Cəmiyyətinin 116-cı və Estoniya Azərbaycan İcması “OCAQ”ın 38-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, milli-mədəni cəmiyyətlərin, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına Estoniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Maria Jufereva-Skuratovski, Estoniya Mədəniyyət Nazirliyinin vitse-kansleri Eda Silberg və Tallin şəhərinin vitse-meri Monika Haukanomm təbrik müraciətləri ünvanlayıblar. Onlar Estoniyadakı Azərbaycan icmasının ölkədə mədəniyyətlərarası dialoqun inkişafına və iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Tədbirin fəxri qonaqları sırasında Estoniyanın sabiq əhali məsələləri naziri Eldar Əfəndiyev, sabiq dövlət idarəçiliyi naziri Mixail Korb, tanınmış diplomat və türkoloq Artur Laast, həmçinin yazıçı Kersti Kivirüyt yer alıblar. Qonaqlar arasında Azərbaycan, Türkiyə, Norveç, İspaniya və Yaponiya səfirliklərinin nümayəndələri, Estoniyanın milli azlıqlarının təmsilçiləri də iştirak ediblər.
Bayram axşamının yaddaqalan məqamlarından biri gənc və istedadlı dirijor Tamerlan Adıgözəlovun rəhbərliyi ilə çıxış edən “OCAQ” Kamera Orkestrinin konserti olub. Orkestrin təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Proqramın xüsusi hissəsini Estoniya Azərbaycan icmasının tarixi relikviyalarının və simvolik irsinin gənc nəslə ötürülməsi mərasimi təşkil edib. Estoniya Azərbaycan İcması “OCAQ”ın fəxri sədri Niyazi Hacıyev təşkilatın relikviyalarını Estoniya Azərbaycan İcmasının koordinatoru Orxan Oktaya təqdim edib. Bu simvolik addım nəsillərarası varisliyin, ənənələrin qorunmasının və icmanın gələcəkdə də uğurla inkişaf edəcəyinin göstəricisi olub.
Təntənəli axşam Qarabaşlar Qardaşlığı Evinin Olevi zalında təşkil olunan bayram qəbulu ilə başa çatıb. Qonaqlar fikir mübadiləsi aparıb, bir-birlərini əlamətdar tarixlər münasibətilə təbrik edib, Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Bayram tədbiri Estoniya Azərbaycan İcması “OCAQ”ın milli-mədəni irsin qorunmasına, mədəniyyətlərarası dialoqun inkişafına və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfənin növbəti parlaq nümunəsi kimi yadda qalıb.(AZƏRTAC)
18:14 30.05.2026
Oxunuş sayı: 42