AMEA-da “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Martın 17-də AMEA-nın Əsas binasında “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Tarix və Etnologiya İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə gənc rəssamların Novruz bayramının ruhunu və milli koloritini əks etdirən əsərlərindən və etnoqrafik materiallardan ibarət sərgiyə baxış olub.
Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbir iştirakçılarını İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib, bu əziz günün Azərbaycan xalqının milli birlik və həmrəylik bayramı olduğunu bildirib. Qeyd edib ki, Novruz əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşadan, insanlara yeni başlanğıclar, ümidlər aşılayan müqəddəs bayramlarımızdan biridir. Novruz təkcə Azərbaycanı deyil, bütövlükdə türk dünyasını birləşdirən mühüm rəmzə çevrilib.
AMEA rəhbəri Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramının dövlət səviyyəsində geniş şəkildə qeyd olunmağa başladığını xatırladaraq, dahi liderin bu el bayramına xüsusi həssaslıqla yanaşdığı vurğulayıb. Həmin siyasi xəttin bu gün də uğurla davam etdirildiyini söyləyən akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ildə Şuşa şəhərində, Cıdır düzündə Novruz tonqalı qalamasının milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində atılmış mühüm addım kimi strateji əhəmiyyət kəsb etdiyini bildirib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hər il Novruz bayramı ərəfəsində Azərbaycan xalqını təbrik edir, bu ümumxalq bayramını vətəndaşlarla birgə qeyd etməklə milli birlik və ictimai həmrəyliyin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini nümayiş etdirir. Novruzun dövlət başçısı tərəfindən xalqla bir arada qeyd olunması bu bayramın təkcə ənənəvi mərasim deyil, eyni zamanda milli ideologiyanın və mənəvi dəyərlərin mühüm tərkib hissəsi olduğunu təsdiqləyir.
O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüs və ardıcıl fəaliyyəti nəticəsində Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini bu qədim el bayramının beynəlxalq səviyyədə tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm tarixi nailiyyət kimi dəyərləndirib. Vurğulayıb ki, bu addım Novruzun bəşəri mədəni irs nümunəsi kimi dünya miqyasında qəbul olunmasını təmin edib.
AMEA rəhbəri martın 13-də keçirilmiş AMEA Rəyasət Heyətinin iclasında “Novruz bayramı: ənənə və müasirlik” mövzusunda geniş məruzənin dinlənildiyini xatırladaraq bildirib ki, Akademiyanın müxtəlif elmi müəssisələrində tarixçilər, etnoqraflar, folklorşünaslar və digər tədqiqatçılar tərəfindən Novruz bayramı çoxşaxəli şəkildə araşdırılır, bu istiqamətdə fundamental elmi əsərlər hazırlanır və bayramın mərasimləri, onların mahiyyəti elmi əsaslarla izah olunur.
AMEA prezidenti çıxışının sonunda qeyd edib ki, müasir dövrdə milli mərasimlərə, xüsusilə Novruz bayramına elmi əsaslarla yanaşmaq, onun mahiyyətini düzgün şəkildə cəmiyyətə çatdırmaq və gələcək nəsillərin bu istiqamətdə maarifləndirilməsi AMEA-nın qarşısında duran əsas vəzifələrdəndir. Bununla bağlı görülən işlər Azərbaycan elminin milli-mədəni irsin qorunması və inkişafına verdiyi töhfənin mühüm göstəricisidir.
“Bugünkü tədbir türk xalqlarının ortaq tarixi köklərinin, zəngin etno-mədəni irsinin və folklor ənənələrinin elmi müstəvidə araşdırılması, bu sahədə aparılan tədqiqatların müzakirəsi və türk dünyası alimləri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə akademik İsa Həbibbəyli bildirib.
Daha sonra Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlunun “Bizim ailəmiz Türk dünyasıdır”, Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevin “Novruz bayramı: ənənə və müasirlik” və Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyevin “Novruz ənənələri və dövlətçilik: tarix və milli yaddaş kontekstində” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə türk xalqlarının zəngin folklor irsi, ortaq mədəni yaddaşı və etnik-mədəni yaxınlığı elmi faktlar əsasında təhlil olunub. Xüsusilə 100 illiyi qeyd olunan Birinci Türkoloji Qurultayın türkoloji fikir tarixində açdığı yeni elmi üfüqlər, müasir çağırışlar fonunda türkoloji ədəbiyyatşünaslıq, tarixşünaslıq və folklorşünaslıq istiqamətlərinin genişlənən tədqiqat miqyası diqqətə çatdırılıb. Türkoloji folklorşünaslıq konsepsiyasının formalaşması, türk xalqlarının folklorunda ortaq motivlər, mifoloji qatlar və mərasim ənənələri məruzələrin əsas müzakirə mövzularından olub. Məruzələrdə, həmçinin Novruzun həm folklor hadisəsi kimi, həm də dövlətçilik və milli yaddaş kontekstində ideoloji-mədəni əhəmiyyəti elmi əsaslarla şərh olunub.
Beynəlxalq konfrans öz işini “Türk xalqlarının tarixi və etnologiyası” və “Türk xalqlarının folkloru və ədəbiyyatı” adlı bölmə iclasları ilə davam etdirib.
Bölmə iclaslarında Azərbaycanla yanaşı, müxtəlif türk dövlətləri və türk xalqlarının yaşadığı ölkələrin tədqiqatçıları türk xalqlarının tarixi, etnologiyası, folkloru, mədəni irsi və müasir inteqrasiya proseslərinə dair məruzələrlə çıxış ediblər.
Sonda AMEA-nın şəhərciyində yerləşən Nadir ağaclar parkının qarşısında Novruz tonqalı qalanıb, Akademiya əməkdaşları və tədbir iştirakçıları tonqal ətrafında bir araya gələrək bayram əhvali-ruhiyyəsini bölüşüblər.
15:49 17.03.2026
Oxunuş sayı: 48