Görünən münaqişələrin pərdəarxası – Çin hədəfdə
Son dövrlərdə beynəlxalq gündəmin əsas mövzusu İran, İsrail və regionda baş verən gərginliklərdir. Hər kəs İranı, İsraili, yeni ali dini lider seçilən Ayətullah Seyid Müctəba Xameneini müzakirə edir. Lakin qlobal siyasətdə baş verən hadisələrə daha geniş rakursdan baxdıqda fərqli bir mənzərə ortaya çıxır. Əslində görünən münaqişələrin arxasında daha böyük və sistemli bir geosiyasi qarşıdurma formalaşır.
Birinci hadisə Venesuelada baş verənlərdir. ABŞ Venesuelaya qarşı əməliyyat keçirdi və prezident Nikolas Maduro hakimiyyətdən uzaqlaşdırıldı. Dünyanın müxtəlif dairələrində bu hadisə fərqli reaksiyalar doğurdu. Bəziləri bunu "diktatorun devrilməsi" kimi qiymətləndirərək alqışladı, digərləri isə bu addımın beynəlxalq hüquqa zidd olduğunu bildirdi. Lakin çox az insan fərqli aspektdən yanaşaraq vacib bir sual verdi: Venesuelanın ən böyük neft alıcısı kim idi?
Cavab aydındır – Çin.
Venesuela gündə təxminən 800 min barel nefti birbaşa Çinə ixrac edirdi. Maduro hakimiyyətdən getdikdən sonra isə bu enerji xətti faktiki olaraq kəsildi.
İkinci hadisə isə İranla bağlıdır. ABŞ və İsrailin İranı hədəfə alması fonunda diqqət daha çox hərbi-siyasi gərginliyə yönəldi. Lakin burada da eyni sual aktuallaşır: İranın ən böyük neft müştərisi kimdir?
Cavab yenə də Çindir.
Bu mənzərəni daha geniş kontekstdə nəzərdən keçirdikdə Çin iqtisadiyyatının mövcud vəziyyəti xüsusi diqqət çəkir. Çin hazırda dünya sənaye istehsalının təxminən 28 faizini təkbaşına həyata keçirir və iqtisadi güc baxımından hər il ABŞ-yə daha da yaxınlaşır. Analitiklərin proqnozlarına görə, 2030-cu ilə qədər Çin dünyanın ən böyük iqtisadiyyatına çevrilə bilər. Bu isə ABŞ üçün strateji və hətta mövcudluq təhlükəsi kimi qiymətləndirilir.
Çin iqtisadiyyatı böyük bir sənaye mühərrikinə bənzəyir, lakin onun zəif tərəfi var. Bu "mühərrik" üçün lazım olan yanacağın böyük hissəsi – 73 faizi xaricdən idxal edilir.
Digər tərəfdən, bu "mühərrik"in dörd əsas enerji kanalı var:
Venesuela
İran
Rusiya
Səudiyyə Ərəbistanı
ABŞ-nin geosiyasi strategiyası isə bu enerji xətlərini zəiflətmək və ya nəzarət altına almaq üzərində qurulmuş kimi görünür. Çünki hər hansı böyük iqtisadi sistemin enerji təchizatı kəsildikdə həmin sistemin fəaliyyəti də ciddi şəkildə zəifləyir.
Bildiyimiz kimi, Venesueladan Çinə gedən gündəlik təxminən 800 min barel neft axını dayanıb. İran istiqamətində isə gündəlik təxminən 1,5 milyon barel həcmində neft tədarükü risk altına düşüb. Bu isə ümumilikdə gündəlik 2,3 milyon barel neft deməkdir.
Müqayisə üçün qeyd edək ki, Çin gündə təxminən 11 milyon barel neft idxal edir. Bu baxımdan son aylarda baş verən hadisələr nəticəsində Pekinin enerji təchizatının təxminən 20 faizinin risk altına düşdüyü barədə qiymətləndirmələr səslənir.
Bu prosesin diqqətdən kənarda qalmasının əsas səbəbi isə beynəlxalq ictimaiyyətin diqqətinin daha çox İran və Yaxın Şərqdəki hərbi gərginliyə yönəlməsidir. Lakin enerji məsələsi bu qlobal rəqabətin yalnız bir hissəsidir.
Çin paralel olaraq böyük layihə üzərində çalışır – Müasir İpək Yolu. Bu təşəbbüs Pekindən başlayaraq Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üzərindən keçən geniş ticarət və logistika şəbəkəsini əhatə edir. Layihə çərçivəsində dəmir yolları, limanlar, logistika mərkəzləri və enerji kəmərlərinə trilyonlarla dollar investisiya yatırılıb.
Bu strategiyanın əsas məqsədi isə sadədir: Avropa ilə ticarətə nəzarət edən tərəf qlobal iqtisadi sistemə də ciddi təsir imkanları əldə edir.
Son illərdə Avropa ilə Çin arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etməsi də bu kontekstdə diqqət çəkir. Məsələn, Almaniyanın ən böyük ticarət tərəfdaşlarından biri artıq ABŞ deyil, Çindir. Fransa Çinlə yeni iqtisadi razılaşmalar imzalayır. İtaliya isə rəsmi şəkildə Müasir İpək Yolu təşəbbüsünə qoşulmuşdu.
Bu proses ABŞ üçün ikinci böyük strateji risk kimi qiymətləndirilə bilər. Bir tərəfdən Çin iqtisadi baxımdan ABŞ-ni geridə qoymağa yaxınlaşır, digər tərəfdən isə Avropa ilə iqtisadi əlaqələrini genişləndirir.
Əgər Avropa iqtisadi baxımdan Çin orbitinə daha çox yaxınlaşarsa, ABŞ-nin qlobal iqtisadi təsir imkanları ciddi şəkildə zəifləyə bilər.
Məhz belə bir mərhələdə ABŞ-nin İran istiqamətində sərt addımlar atmasını geniş strateji planın tərkib hissəsi kimi qiymətləndirə bilərik. Bu yanaşmaya görə, rəsmi Vaşinqton bir tərəfdən Çinin enerji təchizatına təzyiq göstərir, digər tərəfdən isə Avropaya uzanan ticarət marşrutlarını çətinləşdirir.
Bu geosiyasi rəqabətin növbəti potensial mərhələsi isə Tayvan hesab olunur.
Tayvanın strateji əhəmiyyəti son dərəcə böyükdür. Dünyanın ən inkişaf etmiş yarımkeçirici çiplərinin təxminən 90 faizi burada istehsal olunur. Müasir texnologiyaların – smartfonların, avtomobillərin, hərbi sistemlərin və yüksək texnoloji avadanlıqların böyük hissəsi məhz bu çiplərdən asılıdır.
Başqa sözlə desək, Tayvana nəzarət edən tərəf XXI əsrin texnoloji üstünlüyünə də ciddi təsir imkanına malik olur.
ABŞ Tayvanı açıq şəkildə dəstəklədiyini bildirir. Çin isə Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və lazım gələrsə güc tətbiq edə biləcəyini dəfələrlə bəyan edib.
Bu məsələdə kompromis imkanlarının məhdud olduğu aşkardır. Çünki hər iki tərəf geri addım atacağı təqdirdə bu strateji zəiflik kimi qiymətləndiriləcək.
Məşhur investor və analitik Ray Dalionun da dediyi kimi, böyük güclər arasında qaçılmaz qarşıdurma mərhələsində iki böyük güc bir-birinə yaxınlaşdıqda və maraqlar toqquşduqda gərginliyin artması qaçılmaz olur.
Digər məqam isə regionda artan hərbi gərginlik fonunda Körfəz ölkələrinin təhlükəsizlik məsələlərinə daha həssas yanaşmağa başlamasıdır. Hər yeni münaqişədə, hər atılan raketdə Körfəz ölkələrinin ilk reaksiyası müdafiə imkanlarını gücləndirmək olur. Körfəz ölkələri nə edir? Silah almağa başlayır. Bəs bu silahlar kimdən alınır? Əsasən ABŞ-dən.
Beləliklə, ortaya maraqlı geosiyasi mənzərə çıxır. Bir tərəfdən, ABŞ Çinin enerji təchizatına təsir göstərən regionlarda fəal siyasət aparır, digər tərəfdən isə regionda yaranan təhlükəsizlik narahatlığı fonunda silah bazarını genişləndirir. Nəticədə ABŞ hərbi-sənaye kompleksinə böyük maliyyə axını yaradır.
Tək strategiya və beş qazanc:
Çinin enerji təchizat xətlərini zəiflətmək
Çinin Avropaya uzanan ticarət marşrutlarını pozmaq
Region üzərində geosiyasi nəzarəti gücləndirmək
Silah satışları vasitəsilə böyük maliyyə gəliri əldə etmək
Çinin Tayvanla bağlı mümkün qarşıdurmaya daha zəif vəziyyətdə daxil olmasına şərait yaratmaq.
Venesuela, İran, Rusiya və Avropa ətrafında baş verən hadisələr ayrı-ayrı münaqişələr kimi görünsə də, əslində daha geniş qlobal strateji rəqabətin müxtəlif cəbhələridir.
Görünən münaqişələr çox olsa da, geosiyasi qarşıdurmanın mərkəzində duran əsas məsələ ABŞ və Çin arasındakı strateji rəqabətdir.
11:10 10.03.2026
Oxunuş sayı: 470