Böyük masa qurulub: Yaxın Şərq müharibəsi Cənubi Qafqaza keçir?- Ukraynalı politoloqla müsahibə
İranla İsrail arasında baş verən müharibə artıq təkcə iki dövlətin sərhədləri ilə məhdudlaşmır və regiondakı digər ölkələrə də təsir göstərməyə başlayıb. Əslində bu ehtimal əvvəldən proqnozlaşdırılırdı. Çünki iki regional güc arasında baş verən belə bir qarşıdurmanın təsirlərinin digər ölkələrə yayılması qaçılmaz sayılırdı.
Bir neçə gün əvvəl Naxçıvana düşən dron isə bu vəziyyətin ən açıq və real nümunələrindən biri kimi qiymətləndirilir. Hadisə göstərir ki, münaqişənin təsir dairəsi genişlənə və regionda təhlükəsizlik risklərini daha da artıra bilər. Hazırda bu müharibənin qlobal güclərə təsiri də geniş şəkildə müzakirə olunur. Xüsusilə Amerika Birləşmiş Ştatları, Rusiya və Çin kimi böyük dövlətlərin prosesdə rolu və mövqeyi diqqət mərkəzindədir. Analitiklər hesab edir ki, bu ölkələrin siyasi və hərbi qərarları münaqişənin gələcək istiqamətini müəyyənləşdirə bilər.
Ukraynalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Maksim Xarlampeviç Crossmedia.az-ın suallarını cavablandırıb.

-Sizin fikrinizcə, ABŞ və İsrailin nəzarəti ələ keçirməyə real cəhdi varmı?
-ABŞ və İsrailin hərbi əməliyyatının maksimum məqsədi ayətullahlar rejimini devirməkdir. Heç kim əvvəldən İranı tam nəzarət altına almaq üçün quru əməliyyatı keçirməyi planlaşdırmır. Çünki nə ABŞ-nin, nə də xüsusilə İsrailin bunun üçün lazım olan resursları var və ilkin planlarda da belə bir məqsəd nəzərdə tutulmayıb. Burada söhbət daha çox hakimiyyət dəyişikliyinə nail olmaqdan gedir, ölkəni tam işğal etməkdən yox. Amma ümumiyyətlə, artıq mərhum ali dini lider Əli Xamneyi öldürülüb və bunu rəsmi şəkildə İran tərəfi də təsdiqləyib.
Hazırda ölkədə yeni ali dini liderin seçilməsi prosesi gedir. Buna görə də bu məsələ artıq aktuallığını itirib.
-Münaqişənin regiona yayılması və enerji infrastrukturu ətrafında baş verən proseslər nə ilə bağlıdır? İran bununla hansı məqsədlərə nail olmağa çalışır?
-Münaqişə artıq ərəb ölkələrinə də yayılıb. İran regionun, demək olar ki, bütün ölkələrinin neft-qaz infrastrukturuna hücum edir. Bununla o, bu ölkələrin liderlərinin Ağ Ev rəhbəri Donald Trampa təzyiq göstərməsinə nail olmağa çalışır ki, İrana qarşı hərbi əməliyyatlar və zərbələr dayandırılsın. Bu isə neft və qaz qiymətlərinin kəskin artması vasitəsilə edilir. Bu qiymətlər Avropa ölkələri və ABŞ-nin Avropadakı müttəfiqləri üçün də son dərəcə vacibdir.
Məsələn, Qətər artıq mayeləşdirilmiş qaz istehsalını dayandırıb. O, ABŞ ilə birlikdə Avropaya qaz ixrac edən əsas ölkələrdən biridir. Qazın qiyməti neftdən də daha sürətlə artıb. Buna görə də İranın regiondakı əsas strategiyası neft-qaz infrastrukturuna zərbələr endirmək və Hormuz Boğazını bloklamaqdır.
Əvvəlcə hərbi əməliyyatın təxminən bir ay davam edəcəyi planlaşdırılmışdı.
-Bu hərbi əməliyyatın planlaşdırılan müddəti və böyük dövlətlərin – xüsusilə ABŞ, Rusiya və Çinin mövqeyi barədə nə demək olar?
-Bu barədə Tramp da danışmışdı – təxminən dörd həftə əvvəl . Bunun səbəbi odur ki, aprel ayında Çin lideri ilə görüşü planlaşdırılıb. Əvvəlcə plan belə idi ki, həmin vaxta qədər əməliyyat başa çatdırılsın və ayətullahların rejimi devrilsin. Çünki İran Çin üçün əsas neft təchizatçılarından biridir və bu yolla ABŞ danışıqlarda mövqeyini gücləndirmək istəyirdi. Lakin artıq üç gün ərzində Tehranın planının uğursuz olduğu aydın görünür və əməliyyatın əvvəlcədən müəyyən edilmiş müddətdə başa çatması ehtimalı hər gün azalır.
Artıq Rusiya və Çinin siyasəti də aydın görünür. Rusiya Prezidenti Vladimir Putin İranın dini liderinin ölümünə görə İran xalqına başsağlığı verib. Lakin adətən olduğu kimi bu dəstək əsasən sözlərlə məhdudlaşır. Halbuki Rusiya ilə Iran arasında hərbi sahədə strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb və bu faktiki olaraq hərbi ittifaq sayılır. Buna baxmayaraq, ötən il baş vermiş on iki günlük müharibə zamanı olduğu kimi, Rusiya İrana hərbi yardım göstərməyə tələsmir və görünür ki, artıq bunu etməyəcək. O, daha çox müharibənin nəticələrini gözləməyi üstün tutur.
Əslində bu müharibənin uzanması Rusiya üçün sərfəlidir. Çünki neft qiymətləri artır və qiymətlər nə qədər uzun müddət yüksək qalsa, Rusiya Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün bir o qədər çox vəsait əldə edəcək. Çin də əsasən bu hərbi əməliyyatı beynəlxalq hüququn pozulması kimi qiymətləndirən bəyanatlarla kifayətlənir və İrana birbaşa hərbi dəstək göstərmək niyyətində deyil.
Fatimə Məmmədova
11:04 07.03.2026
Oxunuş sayı: 430