Azərbaycan böyük oyuna daxil olur?: Nüvə savaşı başlaya bilər
Yaxın Şərqdə gərginlik sürətlə artır və region dövlətləri ciddi təhlükə ilə üz-üzədir. ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr, eləcə də Tehrana qarşı davam edən hərbi əməliyyatlar regional sabitliyi sarsıdır. Bu vəziyyət yalnız İran üçün deyil, həm də Fars körfəzi ölkələri və Qafqaz regionu üçün ciddi risklər yaradır. Eyni zamanda, Rusiya və Çin bu prosesləri diqqətlə izləyir və öz strateji maraqlarını qorumağa çalışır.
İran dronlarının Naxçıvan aeroportuna düşməsi isə məsələnin rəngini tamamilə dəyişir.
Rusiyalı politoloq Boqdan Bezpalko mövcud vəziyyətlə bağlı Crossmedia.az-ın suallarını cavablandırıb:
- İranın ali dini lideri Xameneinin aradan götürülməsi İran dövlət sisteminin zəifləməsinə və ya müxalifətin fəallaşmasına səbəb ola bilərmi?
-İranın Ali lideri Xamenei artıq öldürülüb, eyni zamanda bir sıra yüksək rütbəli hərbi komandirlər və dövlət xadimləri də həyatını itirib. Lakin bu hadisələr İranda idarəetmə strukturunun dağılmasına səbəb olmayıb və İran dövlətinin müqavimətini qıra bilməyib. Yeni Ayətullah müəyyən müddət ərzində seçiləcək. Bunun üçün təxminən 60–80 nəfərin bir araya gəlməsi lazımdır ki, hazırkı şəraitdə bu olduqca təhlükəli hesab olunur. Çünki yeni Rəhbərin seçilməsi üçün onların hamısı bir məkanda toplaşarsa, böyük ehtimalla həmin yerə zərbə endirilə bilər.
Buna baxmayaraq, hazırda İranda Xameneinin dövründə mövcud olan siyasi sistem və ümumi idarəetmə mexanizmi qorunub saxlanılır. Bu baxımdan Xameneinin öldürülməsi İran cəmiyyətinin daha da birləşməsinə səbəb olub. Onun ailə üzvlərinin öldürülməsi, qızlar məktəbinə edilən zərbə və ABŞ ilə İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisinə digər hücumları da ölkə daxilində müxalifətin zorakı çıxışlarına gətirib çıxarmayıb. Görünür, ABŞ və İsrail siyasətçilərinin gözlədiyi daxili qarşıdurma baş verməyib.

-İrana qarşı hərbi əməliyyatlar Rusiya və Çinin Yaxın Şərq siyasətinə və regional təhlükəsizlik maraqlarına necə təsir edir?
-Rusiya və Çin üçün İran Yaxın Şərqdə mühüm müttəfiqlərdən biridir və hər iki ölkənin Tehrana siyasi dəstək verəcəyi gözlənilir. Rusiya üçün əsas regional maraq münaqişənin genişlənməsinin qarşısını almaq, xüsusilə də onun Cənubi Qafqaz və ümumilikdə Qafqaz regionuna yayılmamasıdır. Çin baxımından isə əsas prioritet Fars körfəzindən sabit neft tədarükünün qorunub saxlanılmasıdır. Böyük həcmdə enerji idxal edən Pekin müəyyən hallarda İran və Səudiyyə Ərəbistanından alınan nefti Rusiya tədarükləri ilə əvəz edə bilsə də, Hörmüz boğazının bağlanması Çin iqtisadiyyatı üçün ciddi risk hesab olunur. Bu səbəbdən Çin boğazın tam bağlanmaması üçün İrana diplomatik təsir göstərməyə çalışır. Ümumilikdə ABŞ və İsrailin İrana qarşı hücumu həm Çin, həm də Rusiyada təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqları artırır və regiondakı digər dövlətlər kimi onları da yeni geosiyasi riskləri yenidən qiymətləndirməyə məcbur edir.
-Bu hücumlar hansı şəhərlərə və strateji obyektlərə yönəlib və regionun təhlükəsizlik və iqtisadi vəziyyətinə nə dərəcədə təsir edir?
-Texniki baxımdan bu münaqişə artıq yayılıb və zərbələr Fars körfəzi regionunda yerləşən demək olar ki, bütün dövlətlərə endirilir. Bu hücumlar kifayət qədər ağrılı və həssas xarakter daşıyır. Səudiyyə Ərəbistanının “Aramco” şirkətinə məxsus ən böyük neft emalı zavodlarından birinə ciddi zərbə vurulub. Hazırda Dubay da hücumlar altındadır. Böyükmiqyaslı dağıntılar qeydə alınmasa da, zərbə təhlükəsi və müharibənin yaxınlaşması turizm və investisiyalar hesabına inkişaf edən bu şəhəri cəlbedici olmayan məkana çevirir və iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Bundan sonrakı proseslər hərbi münaqişənin necə inkişaf edəcəyindən asılı olacaq. Əgər münaqişə daha da genişlənərsə, quru əməliyyatları başlasa və ya qarşılıqlı döyüşlər, yeni raket və artilleriya zərbələri davam etsə, regiondakı ərəb ölkələri daha ciddi zərər görəcək. Hazırda İranın zərbələrinin hətta Tehranla münasibətləri dost xarakter daşıyan Oman ərazisinə, eləcə də Böyük Britaniyanın Akrotiri hərbi bazasının yerləşdiyi Kipr istiqamətinə də endirildiyi bildirilir. Bu isə münaqişənin genişlənmə potensialının kifayət qədər yüksək olduğunu göstərir.
-ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatlarla bağlı açıqlamaları və əməliyyat müddətinin uzadılması İranla gərginlikdə nəyi dəyişir? Bu əməliyyatların genişlənməsi və cavab tədbirləri, hətta nüvə silahının tətbiqi ehtimalı barədə nə deyə bilərsiniz?
- Tramp hərbi əməliyyatın müddətinin bir neçə həftə uzadılacağını elan edib. Bundan əvvəl isə o, bu əməliyyatların yalnız bir neçə gün davam edəcəyini bildirmişdi. Trampın fikrincə, əvvəlcə İrana bir neçə gün zərbə endirmək kifayət edərdi ki, İran təslim olsun. Lakin görünür ki, vəziyyət artıq belə sadə olmayacaq. Müvafiq şəraitdə cavab tədbirləri kifayət qədər geniş ola bilər və hətta nüvə silahının tətbiqi belə istisna edilmir.
Fatimə Məmmədova
14:01 05.03.2026
Oxunuş sayı: 1068