Azərbaycanla sərhəddə dəhşətli xəstəlik yayılıb: Nə vaksini var, nə də...
Ermənistan Səhiyyə Nazirliyinin nəzdindəki Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzindən bildirilib ki, Ermənistanda ilk çikunqunya qızdırması hadisəsi təsdiqlənib.
Mərkəzin məlumatına görə, xəstə Seyşel adalarında ağcaqanad sancmasından sonra yoluxub. Hazırda onun vəziyyəti stabildir.
Xəstəliyin inkubasiya dövrü 2 gündən 12 günə qədər davam edir. Əsas simptomlara yüksək qızdırma, güclü oynaq ağrısı, əzələ ağrıları, zəiflik və dəri səpgisi daxildir.
Xəstəlik yalnız ağcaqanad sancmaları vasitəsilə ötürülür və insandan insana ötürülmür. Hazırda spesifik müalicə yoxdur.

Bu barədə Crossmedia.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, hazırda dünyada müşahidə olunan epidemioloji mənzərə kifayət qədər mürəkkəbdir və XXI əsr sanki viruslar əsrinə çevrilib: "İnsan populyasiyasının artması, təbii yaşayış mühitlərinin daralması və heyvan areallarının sıxışdırılması nəticəsində ekosistemdə ciddi dəyişikliklər baş verir. Bu isə vaxtilə yalnız heyvanlarda mövcud olan zoonotik virusların insana keçməsinə səbəb olur. Çikunqunya virusu da bu qəbildəndir və onun ağcaqanadlar vasitəsilə, xüsusilə meymunlardan insanlara keçdiyi güman edilirş Virus ilk dəfə 1952-ci ildə Afrikada müşahidə olunub. Əsasən ağcaqanadların dişləməsi zamanı onların ağız suyu vasitəsilə insan orqanizminə daxil olur və ağcaqanadlar bu prosesdə ötürücü rolunu yerinə yetirir. Buna görə də gölməçələrə yaxın ərazilərdə yaşayanlar, xüsusilə yağışlı mövsümdə olan şəxslər daha yüksək yoluxma riski daşıyırlar".
Həkimin sözlərinə görə, çikunqunya qızdırması əsasən yüksək hərarət və iltihabi proseslərlə müşayiət olunur: "Xəstələrdə oynaq ağrıları, baş və bel ağrıları, oynaqlarda şişkinlik və müxtəlif artropatik dəyişikliklər müşahidə edilir. Bəzi hallarda virus fulminant formada orqanizmə zərər verə və ağır fəsadlara səbəb ola bilər".
Adil Qeybulla bildirib ki, xəstəliyin gedişində interferon səviyyəsi, immun sistemin gücü, xəstənin ümumi sağlamlıq vəziyyəti və yanaşı xəstəliklərin olub-olmaması mühüm rol oynayır: "Bu virusun qlobal pandemiya törətmək potensialı yüksək deyil, lakin müəyyən areallarda epidemiyalar və geniş yayılma halları baş verə bilər ki, bu da ciddi problemlər yaradır. Hər bir virus orqanizmə daxil olduqdan sonra tam şəkildə xaric olunana qədər müəyyən dəyişikliklər törədir və bu dəyişikliklər gələcəkdə müxtəlif xəstəliklər üçün zəmin yarada bilər".
Mütəxəssis diqqətə çatdırıb ki, hazırda çikunqunya virusuna qarşı spesifik dərman və ya vaksin mövcud deyil: "Bu səbəbdən əsas diqqət profilaktik tədbirlərə yönəldilməlidir. Ağcaqanadların daha çox yayıldığı ərazilərdə insanlar mümkün qədər dişlənmədən qorunmalı, gölməçələrin qurudulması və ağcaqanadların məhv edilməsi istiqamətində tədbirlər görülməlidir. Müxtəlif torlardan və qoruyucu vasitələrdən istifadə vacibdir, çünki həmin ərazilərdə olan ağcaqanadlar virus daşıyıcısı ola bilər. Xəstələnmə halında mütləq yataq rejiminə riayət edilməli, bol maye qəbul olunmalıdırş Bədən hərarəti 38,5°C-dən yuxarı qalxdıqda parasetamol qəbul edilməsi tövsiyə olunur. Beynəlxalq tibbi tövsiyələrə əsasən, 38,5°C-yə qədər isə immun sistemin öz fəaliyyətinə imkan verilməsi daha məqsədəuyğundur. Yataq rejimi, bol maye qəbulu, vitaminlərlə zəngin qidalanma və sağlam həyat tərzi əsas müalicə prinsipləri hesab olunur".
Nigar Yahyazadə
16:14 20.02.2026
Oxunuş sayı: 835