Vaşinqton və Tehran gizli anlaşmaya gedir? – politoloqdan açıqlama
“ABŞ-İran razılaşması bir həftəyə yekunlaşa bilər” kimi iddialar beynəlxalq mediada gündəmə gəlib və xüsusilə, New York Post-un yaydığı bu məlumat qlobal siyasi müzakirələri yenidən alovlandırıb.
Belə bir razılaşmanın bu qədər qısa müddətdə başa çatıb-çatmayacağı isə ciddi sual doğurur. Çünki ABŞ-İran münasibətləri illərdir dərin ziddiyyətlər, nüvə proqramı ətrafında gərginlik və regional təsir mübarizəsi üzərində formalaşıb.
Bu kontekstdə əsas sual ondan ibarətdir ki, doğrudanmı tərəflər bir həftə kimi qısa bir zamanda fundamental məsələlərdə ortaq məxrəcə gələ biliblər, yoxsa söhbət yalnız ilkin çərçivə razılaşmasından gedir?
Digər mühüm məqam isə ABŞ-ın bu prosesdə öz strateji məqsədlərinə nə dərəcədə nail olub-olmamasıdır. Yəni razılaşma əgər baş tutarsa, bu, balanslı kompromis olacaq, yoxsa tərəflərdən birinin üstünlük əldə etdiyi diplomatik nəticə?
Bütün bu suallar fonunda ABŞ-İran danışıqları yalnız ikitərəfli münasibətlərin deyil, həm də Yaxın Şərqin ümumi təhlükəsizlik arxitekturasının gələcəyi baxımından həlledici əhəmiyyət daşıyır.
Ona görə də “bir həftəlik razılaşma” iddiaları həm real diplomatik irəliləyiş, həm də siyasi ehtimallar prizmasından diqqətlə qiymətləndirilməlidir.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:

“ABŞ ilə İran arasında çox qısa müddətdə ciddi və fundamental razılaşmanın əldə olunacağı o qədər də inandırıcı görünmür. Çünki məsələ artıq hər kəsin bildiyi kimi olduqca mürəkkəb siyasi və geosiyasi problemlərlə bağlıdır. Əgər söhbət İranın nüvə proqramından, zənginləşdirilmiş uranın taleyindən, bölgədəki Amerika hərbi bazalarının çıxarılması kimi məsələlərdən gedirsə, bu halda nəinki qısa müddətdə, hətta uzun perspektivdə belə Vaşinqton və Tehran arasında tam anlaşmanın əldə olunması ehtimalı olduqca zəif görünür.
Bununla belə, hazırda elan olunmuş atəşkəs rejiminin müəyyən müddətə uzadılması istisna deyil. Çünki atəşkəsin qorunub saxlanılması bu mərhələdə Amerikanın da maraqlarına müəyyən qədər cavab verir.
Xüsusilə də ABŞ Prezidenti Donald Trump üçün yenidən genişmiqyaslı hərbi əməliyyatların başlanması və bununla bağlı Konqres qarşısında hesabat vermək siyasi baxımdan arzuolunan vəziyyət deyil.
Bu səbəbdən Amerika ilə İran arasında atəşkəsin müəyyən dövr üçün uzadılması, yaxud növbəti 60 gün ərzində qüvvədə saxlanılması ilə bağlı müəyyən razılaşmanın əldə olunması mümkündür.
Eyni zamanda, Hörmüz boğazının açılması və İran limanları ətrafında tətbiq olunan Amerika blokadasının aradan qaldırılması ilə bağlı müəyyən çərçivə anlaşmasının əldə olunması ehtimalı da var.
Belə bir razılaşma həm tərəflərin maraqlarına müəyyən qədər uyğun görünür, həm də böyük siyasi güzəştlər tələb etməyən texniki və iqtisadi məsələləri əhatə edə bilər.
Bu baxımdan, daha real görünən variant məhz Hörmüz boğazının açılması və İran limanlarının blokadadan çıxarılması istiqamətində müəyyən anlaşmanın əldə olunmasıdır”.
Politoloq bildirib ki, lakin belə bir çərçivə razılaşmasının nə qədər davamlı olacağını əvvəlcədən söyləmək olduqca çətindir:
“Çünki onun ömrü daha çox digər fundamental problemlərlə bağlı danışıqların nəticəsindən asılı olacaq. Nəzərə almaq lazımdır ki, hazırda həm ABŞ, həm də İran üçün nüvə proqramı artıq sadəcə texniki məsələ deyil, həm də siyasi nüfuz, təhlükəsizlik və milli prioritet məsələsinə çevrilib.
Bu istiqamətdə razılaşmanın əldə olunmaması isə İran-ABŞ münasibətlərində uzunmüddətli sabitlik ehtimalını demək olar ki, minimuma endirir.
Digər tərəfdən, regiondakı digər münaqişələr də vəziyyəti daha da mürəkkəbləşdirir. Məsələn, İranın xüsusi önəm verdiyi Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı anlaşmanın əldə olunması da asan görünmür.
Çünki burada İsrail tərəfinin əməliyyatları davam etdirmək mövqeyi mövcuddur. Bu isə ümumi razılaşma imkanlarını daha da çətinləşdirir.
Ona görə də, hazırkı mərhələdə ya konkret və geniş siyasi müddəalar olmadan sadəcə atəşkəsin müəyyən müddət davam etdirilməsi ilə bağlı müvəqqəti anlaşma mümkündür, ya da Hörmüz boğazı və İran limanlarının blokadadan çıxarılması kimi məsələləri əhatə edən çərçivə razılaşması əldə oluna bilər.
Lakin hətta bu məsələlər zahirən mümkün görünsə də, onların reallaşması da kifayət qədər mürəkkəb danışıqlar tələb edir və çox qısa müddətdə nəticənin əldə olunacağını söyləmək çətindir”.
Ayhan
16:57 25.05.2026
Oxunuş sayı: 50