Əbədiyyət axtarışında donmuş zaman – Niyazinin izi ilə
“Şərqin Toskaninisi”
Elə adamlar var ki, sənətdə bütöv bir dövrü təcəssüm etdirir və onlar bu dünyadan getdikdə sanki müəyyən epoxa sona yetir. Azərbaycan dirijorluq məktəbinin banisi, milli simfonizmin dünya miqyaslı təbliğatçısı, musiqi dünyasının əvəzsiz maestrosu Niyazi də məhz belə insan idi.
Onun həyat və yaradıcılığı ilə tanış olduqca insan heyran qalır: necə olur ki, bir şəxsiyyət eyni zamanda bu qədər əzəmətli və bu qədər həssas ola bilir? Niyazi rus və Avropa klassik musiqisinin mahir interpretatoru, eyni zamanda bu musiqini milli düşüncə ilə qovuşduran nadir sənətkarlardan idi. Onun yaradıcılığını bütün zənginliyi ilə sadalamaq mümkün deyil. Mübaliğəsiz demək olar ki, Azərbaycan musiqisi Niyazidən keçmişdir.
Məşhur dirijor Yevgeni Svetlanov Niyazinin "Rast" simfonik muğamı haqqında yazırdı: "Bu əsər sanki orkestrovka ensiklopediyasıdır. Belə bir ahəngi, belə bir zənginliyi yalnız orkestr təfəkkürünün dərin sirrlərinə bələd olan bəstəkar-dirijor yarada bilər".
Həqiqətən də, Azərbaycan simfonik musiqisi dirijor Niyaziyə çox borcludur. O, bu əsərlərin ilk və ən kamil ifaçısı olmaqla yanaşı, dirijorluqda yeni ifa ənənələri yaratmış, bəstəkarları daha çox əsər yaratmağa ruhlandırmışdır. Bütün ömrü boyu var gücü, istedadı və iradəsi ilə Azərbaycan musiqisinə xidmət edən Niyazinin əsas məqsədi də məhz bu idi.
Onu yaxından tanıyanların tez-tez vurğuladığı nadir bir xüsusiyyəti vardı – fenomenal musiqi yaddaşı. Bir çox klassik və müasir simfonik əsərləri, operaları əzbər bilir, konsert zamanı demək olar ki, partituralara baxmırdı. Niyazinin əsərlərində milli musiqi ənənələri ilə dünya klassikasının qovuşması, harmoniyası və ahəngdarlığı insanın ruhunu pərvazlandırır.
Mirzə İbrahimov Niyazi haqqında yazırdı: "Həyatda, yaradıcılığında, işində, ictimai fəaliyyətində gur yanan məşəl kimi idi, həyatdan gedəndə də göy qübbəsindəki ulduzlartək söndü, lakin onun həyat işığı hələ uzun müddət gələcək nəsillərin yolunu işıqlandıracaqdır. Onun parlaq və gözəl sənəti musiqi mədəniyyətimizin tarixinə yazılmış və orada əbədi yaşayacaqdır".
Sanki tale özü Niyazini musiqiçi kimi "proqramlaşdırmışdı":
"Qastrollarda dünyaya gəlib, musiqiçi olmalıdır", - deyə atasının həmkarları zarafat edərdilər. Yəqin ki, başqa cür ola da bilməzdi. Axı Niyazi musiqi səsləri susmayan evdə böyümüşdü.
Niyazi olmasaydı, bəlkə də muğamımız simfonik orkestrin o möhtəşəm səs çalarları ilə bu qədər mükəmməl qovuşmazdı. Onun "Rast" simfonik muğamı haqqında sənətşünasların və həmkarlarının dediyi ortaq bir fikir var: bu əsər Azərbaycan ruhunun dünyaya açılan qapısıdır. Niyazinin yaratdığı "Rast" simfonik muğamı Azərbaycan musiqisində inqilab idi. Niyazi muğamı simfonikləşdirməklə Azərbaycan ruhunu Avropa musiqi formalarına sığdıra bildi.
Sənət dostları qeyd edirlər ki, Niyazi pult arxasına keçəndə orkestr artıq sadəcə musiqiçilər qrupu olmurdu, onlar Maestronun iradəsinə tabe olan vahid bir canlı orqanizmə çevrilirdilər. Onun dirijorluğu haqqında danışanlar Niyazi dirijorluğunu "musiqinin vizuallaşması" kimi qiymətləndirirdilər – o, musiqini təkcə eşitmir, həm də görürdü. Əllərinin hər bir hərəkəti, baxışlarındakı o dərin məna not vərəqlərində yazılanları canlandırır və tamaşaçının qəlbinə birbaşa yol tapırdı.
Bu zəngin həyat və yaradıcılıq salnaməsi fonunda biz Niyazinin ev-muzeyinə gəlib çıxdıq. Bu muzey öz fəaliyyətini Niyazi irsinin toplanması, qorunması, tədqiqi, nümayişi və təbliği istiqamətində qurmuşdur. Muzeyə daxil olarkən bizi elmi kütləvi işlər şöbəsinin müdiri Əzirə Abdullayeva qarşılayır.
Niyazi 1958-ci ildən ömrünün axırına kimi bu evdə yaşayıb-yaratmışdır. Əvvəl ailə 3 otaqlı mənzildə yerləşmiş, 10 ildən sonra 1968-ci ildə qonşu mənzilin otaqları da onların ixtiyarına verilmiş və nəhayət, xeyli təmir işlərindən sonra mənzil indiki görkəmini almışdır.
1994-cü il sentyabrın 18-də muzeyin açılışı olmuşdur. Muzeyin açılışında Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak etmiş, Niyazinin həyat və yaradıcılığı haqqında əhatəli çıxış etmiş və muzeyin "Qonaqlar Kitabı"na öz ürək sözlərini qeyd etmişdir.
Mənzil 5 otaqdan ibarətdir, onlardan yataq, yemək və iş otaqları memorialdır. Muzeyin kolleksiyasında 6200-dən artıq eksponat qorunub saxlanılır.
Yataq otağı Niyazinin şəxsi həyatını əks etdirən memorial məkandır. Çarpayının baş tərəfindəki divarda Niyazi və həyat yoldaşı Həcər xanımın 1930 və 1950-ci illərin sonlarında çəkilmiş fotoşəkilləri yer alır. Çarpayının yanında isə Niyaziyə 1962-ci ildə Çində qastrol səfəri zamanı bağışlanmış, ipək-möhür texnikası ilə işlənmiş iki “Mənzərə” reproduksiyası nümayiş etdirilir.
Yataq tumbasının üzərində “Bolqar xaçı” texnikası ilə toxunmuş “Oğlan torbacıqla” adlı sənət əsəri diqqəti cəlb edir. Otaqda Niyazinin gündəlik geyimləri üçün nəzərdə tutulmuş qarderobların üzərində muzey yaradıldıqdan sonra müxtəlif rəssamlar tərəfindən hədiyyə edilmiş “Niyazi” portretlərini görmək mümkündür. Qapının yanında isə 1958-ci ildə Həcər xanımın İranda yaşayan qohumu Bəhruz Kafi tərəfindən bağışlanmış “İt, quzu və quşlar” adlı rəsm əsəri sərgilənir.
Trümonun üzərində ailə üzvlərinə müxtəlif illərdə keçirilən çoxsaylı qastrol səfərləri zamanı hədiyyə olunmuş əşyalar – Çindən gətirilmiş iynə qabı, İrandan mücrü, Fransadan qol düyməsi və digər xatirə predmetləri yer alır. Bundan əlavə, 1980-ci ilin yayında Özbəkistanda keçirilən Azərbaycan incəsənəti günləri çərçivəsində Niyaziyə bağışlanmış milli özbək xalatı, eləcə də Monqolustanda təqdim edilmiş milli xalat otağın maraqlı eksponatları sırasındadır.
Yemək otağı Niyazi və həyat yoldaşı Həcər xanımın asudə vaxtlarını keçirdikləri məkandır. Gərgin və çətin yaradıcılıq proseslərindən sonra onların seçdiyi sadə, təvazökar həyat tərzi maestroya mənəvi rahatlıq bəxş edirdi. Axşamlar birlikdə televiziya izləyər, gün ərzində baş verən hadisələri və problemləri müzakirə edər, qohum-qardaşı, eləcə də Bakıda qastrol səfərində olan tanınmış musiqiçiləri və sənət adamlarını qəbul edərdilər.
Bu evin qonaqları arasında görkəmli Leninqrad satiriki Arkadi Raykin və dünya şöhrətli violonçel ifaçısı Mstislav Rostropoviç də olmuşdur. Onların şərəfinə Həcər xanımın hazırladığı ləziz təamlarla süfrələr açılmışdır. Vaxtaşırı Azərbaycanın tanınmış incəsənət xadimləri də bu evə toplaşar, Həcər xanımın plovundan dadar, yaradıcılıq mövzusunda səmimi söhbətlər aparardılar.
Asudə vaxtlarda bu kiçik masa arxasında şahmat və nərd yarışları keçirilirdi. Adətən Niyazinin oyun yoldaşları şair Bəxtiyar Vahabzadə və müğənni Lütfiyar İmanov olurdu.
Şkafın üzərində Niyazinin 1960-cı illərdə çəkilmiş fotoportreti asılmışdır. Otağın divarlarını müxtəlif vaxtlarda maestroya hədiyyə edilmiş bədii sənət nümunələri bəzəyir. Pəncərənin sol tərəfində İran rəssamı, Həcər xanımın qohumu Bəhruz Kafinin 1978-ci ildə quaş və akvarel texnikasında işlədiyi “Niyazinin portreti” yer alır. Televizorun üzərində naməlum rəssama aid “Güllər” natürmortu, onun yanında isə İ.K. Ayvazovskinin “Dənizdə səhər” və Ejen Delakruanın “Mərakeşli ata minərkən” əsərlərinin surətləri təqdim olunur. Digər divarda isə 1953-cü ildə xalq rəssamı Böyükağa Mirzəzadənin işlədiyi Həcər xanımın portreti asılmışdır.
Həcər xanım düz 51 il Niyazinin sadiq həyat yoldaşı, onun mənəvi dayağı və qoruyucusu olmuşdur. Onların ailə həyatı uzun illər qarşılıqlı hörmət, sevgi və anlaşma üzərində qurulmuşdur.
Mənzilin ürəyi sayılan bu otaq - iş otağı - Niyazinin gərgin yaradıcılıq fəaliyyətinin əsas məkanı olmuşdur. Dirijor və bəstəkar kimi onun gündəlik işi – partituraların öyrənilməsi, valların dinlənilməsi, Azərbaycan və xarici müəlliflərin yeni əsərləri ilə tanışlıq, saatlarla fortepiano arxasında aparılan yaradıcılıq axtarışları məhz bu kabinetdə baş verirdi.
Otağın divarları Azərbaycanın və dünyanın müxtəlif ölkələrindən — ABŞ, Türkiyə, Çin, Monqolustan, Çexoslovakiya və digər ölkələrdən olan görkəmli musiqi və ictimai xadimlərin fotoşəkilləri ilə bəzədilmişdir. Bu fotolar arasında Niyazinin bütün ömrü boyu sənətləri ilə fəxr etdiyi musiqiçilərin portretləri xüsusi yer tutur. Divarın mərkəzində Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun fotoşəkli asılmışdır. Üzeyir bəy Niyazinin əmisi olmaqla yanaşı, onun üçün böyük müəllim və örnək olmuşdur. Niyazi dəfələrlə qeyd edirdi ki, Üzeyir Hacıbəyov onun yaradıcılığına daim xüsusi diqqət yetirmiş, dəyərli məsləhətləri ilə gənc dirijora hər zaman dəstək olmuşdur. Bu portretin altında isə Niyazinin atası, bəstəkar və Azərbaycan musiqili teatrının banilərindən biri olan Zülfüqar Hacıbəyovun şəkli yerləşdirilmişdir.
Divarda, həmçinin görkəmli bəstəkar Qara Qarayevin fotoşəkli asılmışdır. Niyazi onun bir sıra mühüm əsərlərinin ilk ifaçısı olmuşdur. Qara Qarayev Niyazinin dirijorluq ustalığını yüksək qiymətləndirərək, maestroya hədiyyə etdiyi fotoşəkildə bunu xüsusi olaraq qeyd etmişdir. Niyazi öz xatirələrində dəfələrlə vurğulayırdı ki, harada çıxış etməsindən asılı olmayaraq, Qarayevin yaradıcılığı onun repertuarında hər zaman xüsusi yer tutmuşdur.
Kabinetdə görkəmli müğənni, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün də fotoşəkli yer alır. Bülbüllə Niyazini uzun illər davam edən yaradıcılıq və səmimi dostluq əlaqələri birləşdirirdi. Onlar birgə folklor ekspedisiyalarında iştirak etmiş, ən məsuliyyətli konsertlərdə və opera tamaşalarında çıxış etmiş, eyni zamanda ailəvi dostluq münasibətlərini qoruyub saxlamışdılar.
Divarda asılmış digər fotoşəkillər Niyazinin Dmitri Şostakoviç və Yuri Şaporin kimi dünya şöhrətli bəstəkarlarla yaradıcılıq əlaqələrini əks etdirir. Hər iki bəstəkar Niyazinin istedadını yüksək qiymətləndirərək, ona öz fotoşəkillərini yadigar olaraq hədiyyə etmişdir. Dmitri Şostakoviç xüsusilə Niyazinin dirijorluq məharətini vurğulamış, onun orkestr üzərində yaratdığı vəhdəti və musiqinin dərin məzmununu açmaq bacarığını yüksək dəyərləndirmişdir.
Kabinetdə Azərbaycan bəstəkarları və musiqiçilərinə aid çoxsaylı fotoşəkillər də nümayiş etdirilir. Bu sənətkarların əsərləri müxtəlif illərdə dəfələrlə Niyazinin dirijorluğu ilə səslənmişdir. Fotolarda maestronu Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Arif Məlikov, Rəşid Behbudov və digər görkəmli sənətkarlarla birgə görmək mümkündür.
Niyazi gənc bəstəkarlara daim xüsusi diqqət yetirirdi. Arif Məlikovun yaradıcılıq yolunda da onun dəstəyi həlledici rol oynamışdır. Maestro gənc bəstəkarın ilk əsərlərini ifa etməklə onda özünə inam yaratmış, bu münasibət zamanla uzun illər davam edən səmərəli yaradıcılıq əməkdaşlığına çevrilmişdir. Sonralar isə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin uğurlu səhnə taleyində Niyazinin yüksək dirijorluq məharəti mühüm rol oynamışdır.
Kabinetdə Niyazinin Türkiyə musiqi mühiti ilə sıx əlaqələrini əks etdirən fotolar da nümayiş etdirilir. Adnan Sayqun, Necil Kazım Akses və digər türk bəstəkarları ilə dostluq və yaradıcılıq münasibətləri maestro üçün xüsusi əhəmiyyət daşıyırdı. Onların əsərləri ilk dəfə Niyazinin dirijorluğu ilə səslənmiş və həm Bakıda, həm də Moskvada müəllif konsertləri şəklində təqdim olunmuşdur.
Otaqda dünya şöhrətli pianoçular, skripkaçılar və dirijorlarla bağlı fotoşəkillər də nümayiş etdirilir. Emil Qilels, Van Klaybern, Lev Oborin, Leonid Koqan, Bella Davidoviç və digər məşhur musiqiçilər Niyazinin sənətini yüksək qiymətləndirmiş, onunla davamlı yaradıcılıq əlaqələri saxlamışlar.
Kabinetdə həmçinin Niyazinin şəxsi əşyaları — sevimli yazı masası, mürəkkəb dəsti, şəxsi möhürü, eynəyi və kitabları nümayiş etdirilir. Kitablar arasında xüsusilə dirijorluq sənətinə və musiqi tarixinin müxtəlif sahələrinə aid nəşrlər diqqət çəkir.
Maestronun özü tərəfindən tərtib edilmiş bu kabinet onun yaradıcılıq salnaməsini əks etdirir. Niyazi həyatının böyük bir hissəsini məhz bu otaqda, yazı masası arxasında keçirərək, Azərbaycan musiqi mədəniyyətinə silinməz töhfələr vermişdir.
Dəhlizin divarlarında Niyazinin geniş və zəngin konsert fəaliyyətini əks etdirən afişalar nümayiş etdirilir. Bu afişalar onun müxtəlif ölkələrdəki qastrol səfərlərini və beynəlxalq musiqi layihələrində iştirakını vizual şəkildə təqdim edir. Xüsusi diqqət Latviya qastroluna yönəlir; həmin proqramda Qara Qarayevin, Pyotr Çaykovskinin, Rixard Vaqnerin, Cakomo Puççininin əsərləri ilə yanaşı, Niyazinin “Ləzginka”sı da səsləndirilmişdir.
Ekspozisiyada həmçinin Fərhad Bədəlbəyli ilə Özbəkistana gedişlərini, eləcə də Niyazinin yaradıcılığının parlaq mərhələlərindən sayılan 1951-ci ildə Çexoslovakiyada keçirilən “Praqa baharı” VI Beynəlxalq Musiqi Festivalında iştirakını əks etdirən materiallar təqdim olunur. 1956-cı ildə Çexoslovakiyada skripkaçı Nelli Şkolnikova ilə birgə çıxışını xatırladan afişalar da nümayiş etdirilir. Aşağı hissədə isə rəssam Mikayıl Abdullayevin 1995-ci ildə Niyazinin mənzil-muzeyinə hədiyyə etdiyi “Çitra” baletinə aid eskiz sərgilənir.
Bundan əlavə, afişalar arasında Niyazinin Türkiyədəki fəaliyyətini əks etdirən materiallar da yer alır. O, 1973-cü ildə İstanbulda keçirilən beynəlxalq festivalda türk bəstəkarı Adnan Sayqunun “Koroğlu” operasının ilk tamaşasına, Ankarada isə “Yunus Əmrə” oratoriyasına dirijorluq etmişdir.
Niyazi 1912-ci il avqustun 20-də Tiflis şəhərində anadan olmuşdur. Onun atası, bəstəkar Zülfüqar Hacıbəyov (1884-1950), Azərbaycan milli musiqili komediya və opera janrının yaradıcılarından biri hesab olunur. O, “Evliykən subay” (1910) və “50 yaşında cavan” (1912) musiqili komediyalarının, eləcə də “Aşıq Qərib” (1916) muğam operasının müəllifidir. Birinci vitrində həmin tamaşaların proqramları və Zülfüqar Hacıbəyovun 1940-cı illərə aid fotoşəkli nümayiş etdirilir.
Zülfüqar Hacıbəyovun evi dövrünün qabaqcıl mədəniyyət xadimlərinin toplaşdığı bir məkana çevrilmişdi. Burada Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Xəlil Terequlov, Bədəlbəyli ailəsinin üzvləri, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, tarzən Qurban Pirimov və digər görkəmli sənət adamları mütəmadi olaraq qonaq olur və yaradıcılıq mübadiləsi aparırdılar.
Bu mühitdə böyüyən Niyazinin musiqiyə marağı çox erkən yaşlarından formalaşmışdır. Atası Zülfüqar bəy hər iki oğlunda musiqiyə meyli görərək onları Y.A. Şefferlinqin məktəbində skripka sinfinə qoymuşdur. Fotoda ikinci cərgədə soldan üçüncü Niyazi, birinci cərgədə sağdan dördüncü isə qardaşı Çingizdir.
Divarda Niyazinin 10 yaşında olarkən anası Böyükxanım, atası Zülfüqar bəy və kiçik qardaşı Çingizlə birlikdə çəkilmiş 1922-ci ilə aid nadir ailə fotosu nümayiş etdirilir.
Üzeyir bəyin tövsiyəsi ilə Niyazi 1926-cı ildə Moskva şəhərində Qnessinlər adına Musiqi Məktəbində, M.F. Qnessinin kompozisiya sinfində təhsil alır, daha sonra isə Leninqrad Mərkəzi Musiqi Məktəbində təhsilini davam etdirir (1929–1931). Bu dövrdə o, fortepiano üçün bir sıra kiçikhəcmli əsərlər yazır: “Etüd”, “Zarafat”, “Skertso”, “Prelüd”, “Rəqs” və digər əsərlər.
Sonralar Niyazinin mənzilində xatirə muzeyi yaradılarkən, bu əsərlərin bir qismi əlyazma şəklində aşkar edilmiş və 2005-ci ildə “Piano üçün pyeslər” not kitabı kimi nəşr olunmuşdur. Kitaba həmçinin “Almaz” kinofilmindən fraqmentlər, “Çitra” baletindən Adajio və “Şur” muğamından Rəng də daxil edilmişdir.
Sonrakı illər Niyazinin həm şəxsi həyatında, həm də yaradıcılığında böyük sınaqlarla yadda qalır. Maddi çətinliklərə baxmayaraq, o, bəstəkarlıq və dirijorluq fəaliyyətini davam etdirirdi. Hətta pianosu olmadığı dövrlərdə əsərlərini masa üzərində barmaqları ilə “çalaraq” yazır, səhərlər konservatoriyada yoxlayırdı. Bu əzmlə Azərbaycan professional simfonik musiqisinin ilk nümunələrindən biri olan “Zaqatala süitası” ərsəyə gəlmiş və ilk ifasından etibarən böyük maraq doğurmuşdur.
Eyni dövrdə Niyazi xalq musiqisinin nota köçürülməsi sahəsində də mühüm işlər görmüşdür. Lənkəran və Masallı bölgələrində topladığı talış xalq mahnılarını yazıya almış və bu işlər Azərbaycan musiqi elmi üçün böyük əhəmiyyət kəsb etmişdir.
1930-1950-ci illər Niyazinin dirijorluq sənətinin formalaşması, beynəlxalq uğurlar qazanması və Azərbaycan musiqisini dünya səhnələrinə çıxarması ilə səciyyələnir. O, “Nərgiz”, “Xosrov və Şirin”, “Koroğlu”, “Sevil” kimi iri səhnə əsərlərinə dirijorluq etmiş, “Praqa baharı” festivalındakı çıxışları ilə diqqət çəkmiş, SSRİ Dövlət mükafatına və xalq artisti fəxri adına layiq görülmüşdür.
Ekspozisiyada nümayiş etdirilən fotoşəkillər, afişalar, not əlyazmaları və şəxsi əşyalar Niyazinin çoxşaxəli yaradıcılığını, zəngin ictimai fəaliyyətini və bütöv bir dövrün musiqi mənzərəsini əyani şəkildə təqdim edir.
İndi isə qonaq otağındayıq. Bu geniş otaqdan maestro gündəlik həyatda nadir hallarda istifadə edərdi. Burada əsasən Bakıda qastrol səfərində olan xarici musiqiçilər və görkəmli sənət xadimləri qəbul olunardı, həmçinin dövlət və ailə bayramları münasibətilə ziyafətlər təşkil edilirdi. Niyazinin sağlığında otağın üç divarı boş saxlanılmış, dördüncü divarda isə ona müxtəlif illərdə hədiyyə edilmiş rəngkarlıq əsərləri asılmışdır.
Sol divarda yerləşən fotoşəkillər dahi dirijor və bəstəkarın geniş ictimai və yaradıcılıq fəaliyyətini əks etdirir. Burada Niyazinin 1949-cu ildə Bakıda keçirilən Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında iştirakı göstərilmişdir. Həmin tədbirdə D. Şostakoviç, S. Rüstəmov, Z. Hacıbəyov, Q. Qarayev, F. Əmirov, Ş. Bədəlbəyli, C. Cahangirov və digər görkəmli sənətkarlar da iştirak etmişdir. Digər fotolarda isə Niyazinin bəstəkarların qurultayında çıxışı və Lənkəranda hərbçilər qarşısında M. Maqomayev və L. İmanovla birgə görüntüləri nümayiş etdirilir.
Fotoşəkillər arasında Niyazinin türk yazıçısı və jurnalisti Həyati Əsliyazıçı ilə birgə çəkilmiş şəkli, 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayında nümayəndə kimi iştirakı da yer alır. 1982-ci ildə L. Brejnevin Bakıya son səfəri zamanı çəkilmiş fotoda H. Əliyev, R. Behbudov, L. İmanov, M. Maqomayev və Niyazi birlikdə əks olunmuşdur. 1970-ci illərə aid başqa bir fotoda isə Türk Prezident Simfonik Orkestrinin rəhbəri Mükərrəm Berqin Bakıya səfəri zamanı Niyazi və bəstəkar V. Adıgözəlovla yaradıcılıq müzakirəsi apararkən görüntülənmişdir.
Dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin Bakıya iki dəfə qastrol səfəri zamanı Niyazi ilə birgə çəkilmiş fotolar xüsusi maraq doğurur. Eyni zamanda, Niyazinin dirijor Y. Svetlanov, Polad Bülbüloğlu, Qara Qarayev, Fikrət Əmirov və Rəşid Behbudovla birgə yaradıcılıq anlarını əks etdirən şəkillər də burada nümayiş etdirilir.
Bu divarda həmçinin xalq artisti Xuraman Qasımovanın muzeyə hədiyyə etdiyi fotoşəkillər yer alır. Həmin fotolarda Niyazi Fidan Qasımova, Xuraman Qasımova, eləcə də Tamara Sinyavskaya və M. Maqomayevlə birgə təsvir edilmişdir.
Qonaq otağında Niyaziyə müxtəlif illərdə təqdim edilmiş hədiyyələr də sərgilənir. Bunlar arasında Sumqayıt zavodunun fəhlələri ilə görüş zamanı orkestrə təqdim olunmuş suvenir, 1983-cü ildə Sevastopol Dənizçilik zavodu tərəfindən verilmiş hədiyyə, Türkiyə istehsalı qəhvədan və müxtəlif ölçülü güldanlar yer alır.
Otaqda nümayiş etdirilən rəngkarlıq əsərləri də xüsusi diqqət çəkir. Xalq rəssamı Toğrul Nərimanbəyovun 1985-ci ildə yaratdığı Niyazi portreti otağa özünəməxsus ahəng və sənət incəliyi qatır. Digər portretlər isə 1938-ci ildə rəssam Həsən Haqverdiyev və rəssam Surxay Əliyev tərəfindən hazırlanmışdır.
Divarda həmçinin Arif Məlikovun “Güllər”, Oqtay Zülfüqarovun “Bəyaz gecə”, Mikayıl Abdullayevin “Qız” portreti, Əli Kərimovun “Niyazi” portreti, Cahid Camalın “Qobu dəvəsi” və “Tırlıçəyə gedən yol” əsərləri, türk rəssamı Sibelin Adnan Sayqunun “Yunus Əmrə” oratoriyasının ifası zamanı Niyazini əks etdirən dostluq şarjı və Kurmay Albayın “Qız qalası” əsəri asılmışdır.
Divarda, həmçinin Niyazi və Həcər xanımın ailə həyatlarının 25 illiyi münasibətilə çəkilmiş zarafat xarakterli dostluq şarjı da yerləşdirilmişdir. Şarjın üzərində isə yazılmışdır: “Yeganə orkestrdir ki, istedadlı dirijor Niyazi onunla heç də həmişə bacarmırdı”, bu isə ekspozisiyaya səmimi və yaddaqalan ovqat qatır.
Otaqda həmçinin heykəltəraş Natiq Əliyevin “Niyazi dirijorluq zamanı” əsəri və Tokay Məmmədovun yaratdığı Niyazinin büstü nümayiş etdirilir. Ekspozisiyanın sonunda isə 2002-ci ildə Niyazinin 90 illik yubileyi münasibətilə Xəzər Dəniz Gəmiçiliyi tərəfindən “Maestro Niyazi” adı verilmiş gəminin fotoşəkli təqdim olunur.
Muzeydə müntəzəm olaraq yaradıcılıq görüşləri, xatirə gecələri, konsertlər, sərgilər təşkil olunur. 2008-ci ildən muzeyin nəzdində Klassik musiqi həvəskarları klubu fəaliyyət göstərir, ənənəvi olaraq hər ayın birinci çərşənbəsi görüşlər keçirilir. Onun fortepiano əsərlərinin notları və diski işıq üzü görmüş, açıqca dəsti, kataloq və "Niyazi xatirələrdə" kitabı nəşr olunmuşdur.
Niyazi – musiqi mədəniyyətinin yorulmaz təliğatçısı idi. Onunla birlikdə Azərbaycan musiqisi vətənimizdən çox-çox uzaqlara addımlamış və geniş dinləyici auditoriyasına məlum olmuşdur. XX əsr bədii sənəti üçün bu cür təkrarolunmaz şəxsiyyətin xidmətlərini qiymətləndirmək çətindir. Niyazi sələfləri və müasirlərinin, həmçinin digər Azərbaycan bəstəkarlarının yazdığı musiqini ifa edən geniş yaradıcılıq diapazonuna malik sənətkar idi. Musiqi dünyası onu müasir düvrümüzün ən yaxşı dirijorları sırasına daxil etmişdir.
Ekspozisiyanın sonunda biz Niyazinin dirijorluq etdiyi bir əsəri – Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"nu dinlədik. Şərq zərifliyi dirijor texnologiyasına o qədər sirayət edir ki, ondan qaçmaq mümkün deyil – və həqiqətən də qaçmaq olmur. Pult arxasında Niyazini izləmək böyük zövq idi; onun əllərinin müşayiəti ilə səslənən musiqi, jestlərinin dəqiqliyi və ifadəliliyi heyrətamiz təsir bağışlayırdı. Bu videoya baxarkən onun musiqidəki ustalığı və incəlik dolu ifadələri qarşısında heyrətlənməmək mümkün deyildi.
Maestronun ifaçılıq sənəti çoxsaylı qramofon yazılarında və səs yazılarında yaşayır. Onun əsərləri hələ də dünyada milyonlarla insana əsl sənətlə ünsiyyətin sevincini bəxş edir və onları mənəvi cəhətdən zənginləşdirir. Nə qədər musiqi yazılır və səslənirsə – Niyazi də yaşayır.
09:57 06.02.2026
Oxunuş sayı: 653