Diş daşları sağlamlıq üçün hansı riskləri yaradır? — Mütəxəssislərdən açıqlama
Ağız boşluğunun sağlamlığı ümumi insan sağlamlığının vacib tərkib hissələrindən biri hesab olunur. Gündəlik gigiyena vərdişləri, qidalanma xüsusiyyətləri və orqanizmin ümumi fizioloji vəziyyəti bu sahədə yaranan problemlərin qarşısının alınmasında mühüm rol oynayır. Ağız və diş toxumalarında baş verən dəyişikliklər yalnız lokal xarakter daşımır, bəzən sistem xarakterli pozuntuların göstəricisi kimi də çıxış edir. Bu baxımdan diş səthində yaranan çöküntülərin və onların səbəblərinin vaxtında müəyyənləşdirilməsi, həm profilaktik, həm də müalicəvi yanaşmaların düzgün qurulması üçün xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında stomatoloq Elçin Muradov bildirib ki, diş daşlarının həddindən artıq toplanması yalnız ağız boşluğu ilə məhdudlaşan problemlərlə nəticələnmir. Onun sözlərinə görə, belə hallarda diş əti iltihabı — gingivit — yaranaraq qızartı, şişkinlik və qanamaya səbəb ola bilər, daha ağır mərhələdə isə periodontit inkişaf edərək diş ətinin çəkilməsi, dişlərin boşalması və hətta itirilməsi ilə nəticələnə bilər. Bakteriyaların çoxalması ağızda xoşagəlməz qoxu yaradır və kariyes riskini artırır.
Mütəxəssis qeyd edib ki, diş daşları üzərində toplanan bakteriyalar ümumi sağlamlığa da təsirsiz ötüşmür. Bu faktorun ürək-damar xəstəlikləri riskinin artmasına, şəkərli diabeti olan şəxslərdə vəziyyətin ağırlaşmasına və immunitetin zəifləməsinə təsir göstərə biləcəyi vurğulanır. Eyni zamanda bəzi tədqiqatlar hamiləlik dövründə erkən doğuş riskinin artması ilə əlaqə olduğunu göstərir.
Elçin Muradovun sözlərinə görə, diş daşları gündəlik həyat keyfiyyətinə də mənfi təsir edir — dişlərin rəngi dəyişir, səthi kobudlaşır, diş ətlərində həssaslıq və ağrı yarana bilir, çeynəmə prosesi çətinləşir. O bildirib ki, problemin qarşısını almaq üçün gündə iki dəfə düzgün dişlərin fırçalanması, diş sapı və ya ağız duşundan istifadə edilməsi, altı ayda bir dəfə stomatoloq müayinəsindən keçərək diş daşlarının təmizlədilməsi və şəkərli, yapışqan qidaların qəbuluna nəzarət olunması tövsiyə edilir.
Şahvələd Məmmədov isə bildirib ki, insanın ağız boşluğu mikroorqanizmlərlə, xüsusilə bakteriyalarla zəngin olan bir nahiyədir və bu vəziyyət dişləri də əhatə edir. Onun sözlərinə görə, dişin özündə, damaqda və diş ətrafı toxumalarda müxtəlif xəstəlik və patologiyalar mövcud olduqda həmin sahələrdə mikrob yığıntısı artır, bu proses diş daşlarının formalaşmasına gətirib çıxarır. Mütəxəssis qeyd edib ki, dişdaşları diş minasının tamlığını pozaraq diş strukturunun zədələnməsinə və karyesin — xalq arasında diş çürüməsi kimi tanınan prosesin — yaranmasına şərait yaradır.
O əlavə edib ki, dişdaşlarının yığılma səbəblərinin müəyyənləşdirilməsi üçün fərdin yaşı, maddələr mübadiləsinin vəziyyəti və mümkün orqan pozuntuları nəzərə alınmalıdır. Bu istiqamətdə aparılan adekvat müalicə tədbirləri gələcəkdə problemin yaranma riskini minimuma endirməyə imkan verir.
Nigar Yahyazadə
13:00 06.02.2026
Oxunuş sayı: 617