Vicdanın qaranlıq labirinti – Ledi Maqbet
Vicdanın qanlı güzgüsü
Dünya dramaturgiyasının zirvələrindən biri sayılan Uilyam Şekspir yaradıcılığı əsrlərdir ki, həm ədəbiyyat, həm də teatr mühitində tükənməz müzakirə və təhlil mövzusu olaraq qalır. Onun insan psixologiyasının ən dərin qatlarına enən, hakimiyyət, ehtiras, günah və vicdan dilemmasını bədii ustalıqla təqdim edən “Maqbet” faciəsi də bu baxımdan xüsusi yer tutur.
Şekspir dramaturgiyasının “oxunması mütləq” əsərlərindən biri – Maqbet faciəsi əsasında hazırlanmış “Ledi Maqbet” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində fərqli interpretasiyada tamaşaçıların ixtiyarına verildi. Tamaşa Şekspir irsinə fərqli baxış, yeni dramaturji yozum və güclü emosional yükü ilə seçilir.
“Maqbet” əsəri ilə uzun illərdir tanış olan, onu dəfələrlə oxuyan və müxtəlif təhlillərə müraciət edən tamaşaçı üçün bu faciəni canlı səhnədə izləmək tamam başqa bir hissdir. Xüsusilə hadisələrin Ledi Maqbet obrazının prizmasından təqdim olunması tamaşaya yeni nəfəs, yeni dramatik dinamika qazandırır.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur. Rejissor əsərdə diqqəti Maqbetdən onun xanımının – hadisələrin əsas hərəkətverici qüvvəsi olan Ledi Maqbetin üzərində cəmləşdirərək qadın ehtirasının, məkrinin, hakimiyyət hərisliyinin insan taleyində yaratdığı fəlakətləri ön plana çəkir. Xeyir və şər, sehr və gerçəklik, vicdan və günah anlayışları səhnədə paralel şəkildə inkişaf edir. Tamaşanın əsas ideyası “şər və qan bahasına əldə edilən səadətin mümkünsüzlüyü” fikri üzərində formalaşıb. Qisas arzusu, şöhrətpərəstlik və təqsirkarlıq hissinin ifrat həddi də tamaşanın ideya xəttini təşkil edir.
Süzək buludlarda alovlansın yer
Əsər boyu Maqbeti cinayətə sövq edən, onun tərəddüdlərini “qorxaqlıq” adlandırıb iradəsini qıran bu qadın – Ledi Maqbet kölgədə qalan ikinci dərəcəli obraz yox, Maqbetlə eyni səviyyədə, hətta bir çox məqamlarda ondan daha güclü və yönləndirici fiqur kimi təqdim olunur və bununla da hadisələrin kökündə dayanan “təhrik” və “iradə manipulyasiyası” faktorları qabardılır. Ledi Maqbet (Bəsti Cəfərova) əslində Maqbetin (Elşən Rüstəmov) daxilində gizlənmiş, yatmış ambisiyaların səsidir. Tamaşa göstərir ki, xeyir və şər arasındakı sərhəd keçildiyi an geri dönüşü olmayan bir dağılma prosesi başlayır.
Tamaşanın fəlsəfi qatında dayanan əsas mənalardan biri də şərin avtonomiyasıdır. Maqbetin kral Dunkanı (Sabir Məmmədov) öldürməsi yeni bir başlanğıcdır. Müəllif və rejissor yozumu ilə aydın olur ki, tökülən ilk qan digər cinayətləri də qaçılmaz edir. “Tac” sahibi olmaq üçün dostu Bankonu, günahsız qadın və uşaqları qurban verən Maqbetlər əslində hakimiyyəti deyil, öz mənəvi cəhənnəmlərini inşa edirlər. Tamaşa bu nöqtədə mühüm bir həqiqəti pıçıldayır: Cinayət gizli qala bilər, amma vicdan heç vaxt susmur.
Səhnə əsərində cadugərlərin və sehr-cadu motivinin işlənməsi insan taleyinin həm alın yazısı, həm də şəxsi seçimlərlə necə kəsişdiyini nümayiş etdirir. Maqbetin cadugərlərin peyğəmbərliklərini təkəbbürlə və yanlış təfsir etməsi, insanın öz arzuladığı yalanlara necə asanlıqla inanmasının göstəricisidir.
Sonda Ledi Maqbetin əllərindəki “xəyali qanı” yuya bilməməsi və dəliliyə yuvarlanması ilahi ədalətin fiziki deyil, mənəvi cəzada təzahürüdür. Bu səhnə tamaşanın ən güclü ideoloji mesajıdır: İnsan öz xislətinin mühakiməsindən qaçıb qurtula bilməz.
“Ledi Maqbet” tamaşası sadəcə hakimiyyət mübarizəsinin xronikası deyil, insanın öz daxili iblisi ilə apardığı məğlubiyyətə məhkum müharibənin dramıdır. “Ledi Maqbet” bizə xəbərdarlıq edir: Şöhrət zirvəsinə qanla dırmaşanlar, həmin zirvədə yalnız öz tənhalıqlarını və qaçılmaz sonlarını tapacaqlar. Gurultulu alqışlar isə həm ustad sənətkarların əməyinə, həm də bu sarsıdıcı həqiqətin səhnə dilindəki uğurlu təqdimatına idi.
Sonda səhnə əsəri bizi belə bir sualla qarşı-qarşıya qoyur: Bir insan şöhrət naminə öz ruhundan nə dərəcədə imtina edə bilər?












17:50 02.02.2026
Oxunuş sayı: 360