1979-cu ilin fevral ayında hakimiyyətə gələn “post pəhləvi” siyasi elitası ilk illərində İslam respublikası deyildi. Hakimiyyətini qurmağa çalışan İranın dini klanları öz aralarında “centlmen” razılaşmasına gələrək, ölkədə müxtəlif siyasi eksperimentlər edərək indiki dövlət modelini qurmağa nail oldular.
Keçən 46 ildə ölkəyə rəhbərlik etmiş 8-9 prezident (8-cisi müvəqqəti idi) və siyasi elitada yer tutmuş bir neçə baş nazir diqqəti cəlb edir. Bu siyasi şəxsiyyətlərin din xadimi və ya mülki şəxslər olması mövzusu həm daxili, həm də xarici ictimai fikirdə diqqət mərkəzində olub. Ölkənin siyasi palitrasında dini, dini radikal, dünyavi və ya islahatçı “yarlıklarını” daşıyan bir qrup siyasi xadimlər gündəmə gəlib ki, bunların həqiqi kimliyi, milli mənsubiyyəti, dünya görüşü və siyasi xətti haqqında məlum olan məlumatları sistemləşdirməyə çalışaq.
Ölkədə “pis” və “daha pis” olanlar içərisindən seçim etmək modeli bir demokratiya improvizasiyası olaraq işə yaradı və bu dövlət modeli 46 il yaşaya bildi. Lakim beynəlxalq ictimaiyyət sonuna qədər bilmədi ki, dini şəxslər kimi təqdim olunan bu xadimlər də əslində islama dəxli olmayan kəslər idi, dünyəvi olaraq təqdim edilənlər də əslində heç dünyəvi deyildilər.
Mehdi Bazarqan 1979-cu ildə, İranda ilk inqilabi hökumətə rəhbərliyi üzərinə götürən şəxsdir. Doqquz ay dövlətə rəhbərlik etməyə çalışan bu şəxs ABŞ səfirliyinin işğal olunması və diplomatların əsir götürülməsinə etiraz edərək istefa etdi.
Mehdi Bazarqan 1907-ci ildə Tehranda azərbaycanlı tacir ailəsində anadan olub. Atası Hacı Abbasqulu Təbrizi bazar taciri və din xadimi idi, 1954-cü ildə vəfat etdi. Bazarqan Fransaya gedib və orada 1926-cı ildən 1936-cı ilə qədər termodinamika mühəndisliyi təhsilini alır. O, Nantdakı Klemenso liseyində oxuyub və orada Əbdüllah Riyazinin sinif yoldaşı olub. Bazarqan daha sonra “École Centrale des Arts et Manufactures” məktəbində termodinamika və mühəndislik təhsili alır. İrana qayıtdıqdan sonra Bazarqan orduya çağırılıb və 1935-ci ildən 1937-ci ilə qədər hərbi xidmət edir. O, İkinci Dünya Müharibəsində Fransa ordusunda de Qolun ordusunda vuruşur. Müharibədən sonra Tehran Universitetinin mühəndislik fakültəsinin dekanı işləyir.
1953-cü ildə Bazarqan İran Milli Cəbhəsinin qurucularından biri oldu və 1961-ci ildə Ayətullah Xomeyninin müttəfiqi Ayətullah Taleqani ilə birlikdə İran Azadlıq Hərəkatını qurur. 1957-ci ildə universitetdə dərs deməyə başladı. 1967-ci ildən tikinti şirkətinə rəhbərlik edir və yalnız 1978-ci ildə o, yenidən siyasətə qayıdır. Ayətullah Xomeyni və Milli Cəbhənin rəhbərliyi ilə razılaşaraq müəllimlər, mühəndislər və həkimlər üçün “İslam cəmiyyətləri” təşkil edir. Avropa görmüş, yüksək təhsil almış, milliyyətcə azərbaycanlı olan bu şəxsin heç bir fikrində və əməlində demokratik dünyəvi dövlət və xalqların milli azadlığı haqqında bir ipucu ifadə olunmadı.
Nəhayət, Seyid Əbülhəsən Bənisədr (1933–2021) İranın ilk prezidenti olur və 1979-cu il İnqilabından dərhal sonra demokratik yolla seçildiyi hesab edilir. Dünya ictimaiyyətinə dünyəvi və islahatçı kimi təqdim olunan Ə.Bənisədr Həmədan əyalətində anadan olub və Ruhullah Xomeyninin yaxın dostu hesab edilən məşhur Ayətullah Seyid Nəsrullah Bənisədrin oğludur. Bənisədr Xomeyni ilə 1974-cü ildə atasının dəfn mərasimində tanış olur. O, paytaxtda İslam məktəbində təhsil alır. Tehran Universitetinin ilahiyyat, sonra isə hüquq fakültələrini bitirir. Sosiologiya İnstitutunda iqtisadiyyat üzrə tədqiqatlar aparır və daha sonra Sorbonda islam iqtisadiyyatı və maliyyə sahəsində təhsil alır.
Sorbon Universitetində Professor dərəcəsi almış və orada inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı mövzusunda mühazirələr oxuyur. “İslam bankçılığı” və "Tövhidin İqtisadiyyatı" adlı kitabların müəllifidir. 1979-cu ilin fevral ayında Xomeyninin komandasının üzvü olaraq İrana qayıdır və İslam İnqilab Şurasına daxil edilir. Prezident seçilməsi, İran məclisi tərəfindən “impiçment” qərarı ilə hakimiyyətdən uzaqlaşdırılması, onun həbsinə qərar verilməsi və bir sıra digər hadisələr onu radikal islamçılarla mübarizə apardığı təəssüratı yaradırdı. Lakin əslində o da onlardan biri idi. Sol-radikal “İran Xalq Mücahidləri Təşkilatının” üzvlərinin köməyi ilə bir neçə həftə İranda gizlənib və 29 iyulda İXMT lideri Məsud Rəcəvi ilə birlikdə ölkədən qaçır. O, sonralar da ictimai fəaliyyətini davam etdirir, 1981-ci ilin oktyabrında İXMT və İran Kürdüstanı Demokrat Partiyası ilə birlikdə İran Milli Müqavimət Şurasını təsis edir.
Bu şəxsin Həmədənda anadan olmasına əsaslananlar onun Həmədan türkü olduğunu iddia etsələr də ailəsinin seyid olması onu Həmədanda yaşayan bütün etnik qrupların fövqündə olduğunu göstərir. Bu adam da dini ailə klanına məxsus olub və heç vaxt milli kimlik ifadəsi göstərməyib.
Yeri gəlmişkən Məsud Rəcəvinin kimliyinə də diqqət yetirək. O, 1948-ci ildə Xorasan əyalətinin Təbəs şəhərində anadan olub. Tehran Universitetinə daxil olan kimi “İran Xalq Mücahidləri Təşkilatına” (XMİT) qoşulur və üç il sonra Rəcəvi təşkilatın 12 nəfərlik rəhbərlərindən biri olur. 1971-ci ildə şahın gizli polisi olan SAVAK tərəfindən həbs edilərək edam cəzası aldığı zaman o dövrdə Fransa prezidenti Fransua Mitteranın, Beynəlxalq Əfv Təşkilatının müdaxiləsi ilə edam cəzası ömürlük həbs cəzası ilə əvəz edilib. Rəcəvi yalnız fevral inqilabından sonra həbsdən azad edilir və 1980-ci ildə, qarşıdan gələn seçkilərdə ölkə prezidentliyinə namizədliyini irəli sürür. Bu kompaniyada, onu, İran Xalqının Fədayin Partizan Təşkilatı, İran Sosialistləri Birliyi, Milli Demokrat Cəbhəsi, Komala və İran Kürdüstanı Demokrat Partiyası dəstəkləyir. Lakin Xomeyni onun namizədliyinə veto qoyur. Prezident olmaq şansını itirdikdən sonra Rəcəvi iran rejiminə müxalifət olur, ölkədə "molla rejimini" devirmək və ölkədə “İslam sosialist respublikası” qurmaq doktrinası irəli sürür.
Repressiyalardan zəifləyən mücahidlər, Rəcəvi və onun qrupunu dəstəkləyənlər qonşu İraqda siyasi sığınacaq alırlar və 29 iyul 1982-ci ildə o, ölkənin keçmiş prezidenti Ə. Banisadr ilə birlikdə İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə İrandan qaçır. Bu da təsadüfi deyildi. Rəcəvi 1984-cü ildə Ə.Bənisədrin qızı Firuzə Bənisadr ilə ailə qurmuşdu və onlar yeznə-qaynata ölkədən birlikdə qaçdılar. 2003-cü ildən sonra M.Rəcəvi ortadan qeyb oldu, mücahidlərə onun ikinci arvadı rəhbərlik etməyə başladı. 2021-ci ildə də Ə.Bənisədr mühacirətdə dünyasını dəyişdirdi.
Göründüyü kimi həm ölkə daxilində, həm də dünya ictimai fikrində əyninə molla əbası geyinməmiş, dünyəvi və texnokrat hesab edilən bu şəxslər də islamçı qruplara mənsub idilər və ənənəvi islam düşüncəsindən çox kənarda, radikal, “başkəsən” kateqoriyaya aid idilər. Heç bilmək olmaz ki, əgər bu qrup hakimiyyətdə qala bilsəydi indiki molla rejimindən daha yaxşı ola bilərdilər...
Nəhayət, 1981-ci ilin iyul ayında seçicilərin 88 faizini toplamış Məhəmməd Əli Rəcai (1933–1981) prezident seçilir. Əslən Qəzvin şəhərindən olan M.Rəcai uşaq vaxtında atasını itirir və 13 yaşında böyük qardaşının yanında, Tehran səhətində yaşayır. Qəzvinli olmaq etibarı ilə nominal azərbaycanlı və ya “Qəzvin türkü” hesab edilir. Lakin həyatı boyu türkçülüyünə və azərbaycanlığına dair bir ip ucu tapa bilmədik.
Daha sonra o, hərbi təhsil almağa başlayır və Hərbi Hava Qüvvələri serjantı rütbəsi alır. Təhsil aldığı illərdə "İslam Fədailəri" adlı fundamentalist gizli cəmiyyətin üzvü olur və həmçinin Hidayət məscidindəki Ayətullah Mahmud Taleqaninin dərs dediyi "İslam Cəmiyyəti"ndə axşam dərslərində iştirak edir.
Fevral İnqilabının qələbəsindən sonra əyninə molla əbası geyinməsə də bu radikal islamçı, təhsil naziri təyin edilir. O zaman, hakimiyyət orqanları hesab edirdi ki, Qərb mədəni təsirinin yayılmasına xidmət edən universitetləri və digər qurumları bağlamaq proqramı kimi “İran Mədəni İnqilabına” M.Rəcai rəhbərlik edəcək. Onun islahatlar proqramına sənayedə resursların və işçilərin maaşlarının ədalətli bölüşdürülməsi, müəllim hazırlığı mərkəzlərinin islahatı, müsəlman cəmiyyəti üçün xüsusi pedaqoji sistemin yaradılması, müəllimlər və tələbələr arasında İslam etikasının inkişaf etdirilməsi, valideynlər və müəllimlər arasında yaxşı münasibətlərin qurulması və İslam ənənələrinə uyğun olaraq müəllimlərin ləyaqətinə hörmətin artırılması daxil idi. O, həmçinin dərsliklərin məzmununu dəyişdirməyə və onların məzmununu islamlaşdırmağı təklif edirdi. Bu utopik dini idealizm həyata keçmədi, əksini marginallaşmış bir mühit yaradıldı.
30 avqust 1981-ci ildə, prezidentin andiçmə mərasimindən iki həftə sonra, Rəcai baş nazir və Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüş zamanı baş verən partlayışda öldürüldü.
Növbəti seçkilərdə Seyid Əli Hüseyni Xamenei prezident seçildi. Bu şəxs əslən Azərbaycanın Xamnə kəndindən olmasına baxmayaraq özünü heç vaxt azərbaycanlı hesab etməyib. Dövrün baz naziri olmuş Mir Hüseyin Musəvi də Xamnə kəndindən idi və bunların yaxın qohum olması aralarındakı hakimiyyət rəqabətinin həll olmasına kömək etmirdi. H.Musəvinin atası Təbrizdə çay taciri, nənəsi A.Xamineyinin bibisi idi. H.Musəvi əba geyinməsə də dünyavi şəxs də deyildi və R.Xomeyninin dəstəyi ilə baş nazir olduqdan sonra uzun müddət hakimiyyətdən uzaqlaşdırıldı və ev dusdağı edildi. Bütün “başına gələnlər” onun milli kimliyi və dünyəvi azadlıqlar tələbləri üçün deyildi. M.H.Musəvi ənənəvi və dini memarlıq təhsili almışdır. Təhsil illərində dini-sosialist əqidəsinə malik olan İslam Tələbələri Assosiasiyasının üzvü olur, Çe Gevara və Əli Şəriətinin heyranı olduğu bildirilir. Çe Gevaranı tanıyırıq və Əli Şəriəti şəxsiyyəti də maraqlıdr.
O, 1976-cı ildə antimonarxist mövqelərini müdafiə edir və "İran Müsəlmanları Hərəkatı" dini-siyasi cəmiyyətinin təşkilatçılarından biri olur. Həyat yoldaşı Zəhra Rəhnəvərd də ölkədə “İslam İnqilabı” proseslərinin fəal iştirakçısı idi. H.Musəvi İslam Respublika Partiyasının Mərkəzi Şurasının üzvü olur və təşkilatın "Cəmhuriye İslami" qəzetinin uzun müddət baş redaktoru olaraq fəaliyyət göstərir. Bu qəzet “islam radikalizminin” və “iran marginallıgının” əsas ruporlarından idi.
Ə.Xamineyinin ruhani oldugunu bilirik, M.H.Musəvinin də siyasi və mediya fəaliyyətində milli, və ya demokratik elementlərə rast gəlmirik. Əlbətdə ki, bir sıra analitiklər, “əyər M.H.Musəvi hakimiyyətə gələ bilsəydi başqa cür olacaqdı...” düçüncələri də tamamilə yanlışdı.
Nəhayət, hakimiyyətə Əli Əkbər Haşimi Rəfsəncani (1934–2017) gəlir. O, 25 avqust 1934-cü ildə İranın Kirman əyalətinin Refsencan şəhəri yaxınlığındakı Nuğ kəndində anadan olub və “klassik” farsdır. Kirman əyalətində püstə becərilməsi ilə məşğul olan varlı bir fermer ailəsində anadan olub. 14 yaşında ailəsini tərk edərək Qumda ilahiyyat təhsili almağa başlayır. 1948-ci ildən 1963-cü ilə qədər Qumdakı Ruhullah Musəvi Xomeyninin İslam hüququ üzrə mühazirələrinə qatılır və onun tələbəsi olub. 1960-cı illərin əvvəllərində o, monarxiya əleyhinə islamçı hərəkatda fəal şəkildə iştirak edir. Xomeyni onu inqilabi mübarizənin maliyyə meneceri və digər inqilabi qruplarla əlaqə yarada bilən bacarıqlı şəxs kimi görürdü.
Rəfsəncanı 28 iyul 1989-cu ildə səslərin 96,1%-ni toplayaraq İran İslam Respublikasının Prezidenti seçildi. O, iqtisadi cəhətdən liberal, siyasi cəhətdən avtoritar və fəlsəfi cəhətdən “ənənəvi iran islamı” siyasəti yürütdü. Həm şəxsi həyatında, həm də dini-siyasi karyerasında uğurlu şəxs hesab edilən Ə.Rəfsəncani ən böyük səhvi Ə.Xamineyiyə “yatırım” etməsində oldu.
1989-cu ildə R.Xomeyni vəfat etdi və bu zaman Ə.Rəfsəncani İranın siyasi alimpinin yüksəlişində idi. O bilirdi ki, Ə.Xamineyinin heç bir əlaməti rəhbər olmağa uyğun deyil. Böyük ustalıqla Ə.Xamineyini rəhbər olaraq lobbiçiliyini etdi və Ə.Xamineyi də böyük ustalıqla təvəzökar, müthi tələbə kimi öz rolnu oynadı. Əks halda Xomeyninin nəsihətinə görə ayətulla Montəziri rəhbər olmalı idi və bu zaman Rəfsəncaninin himayəsi bitməli idi. Odur ki, Ə.Xamineyinin rəhbər seçilməsi senarisini həyata keçirdilər və az sonra Xamineyi də Rəfsəncaninin sonunu yaxınlaşdırdı. 8 yanvar 2017-ci il tarixində, Rəfsəncani yaşadığı evin üzgüçülük hovuzunun içində 83 yaşında ürək tutmasından vəfat etdiyi haqqında məlumat yayıldı.

Seyid Məhəmməd Hatəmi 3 avqust 1997-ci ildən 3 avqust 2005-ci ilə qədər İran İslam Respublikasının beşinci prezidenti oldu. Klassik molladır. 1982-1992-ci illərdə İranın mədəniyyət naziri, 1980-1982-ci illərdə isə İran parlamentinin üzvü olub.
M.Hatəmi 14 oktyabr 1942-ci ildə Yəzd əyalətinin Ərdəkan şəhərində anadan olub və İranda, Yaxın Şərqdə tanınan böyük bir seyid ailəsinə mənsubdur. Onun ailəsi Yəzd şəhərdə yüksək dindar və nüfuzlu fars ruhanilərindən ibarət bir ailə kimi tanınırdı. Məhəmməd Xatəminin atası Ruhullah Xatəmi (1906-1988) Ayətullah tituluna sahib idi, görkəmli xətib, müfəssir və Yəzddə bir çox tələbənin müəllimi olub, eləcə də İslam İnqilabında fəal rol oynayıb.
Mahmud Əhmədinejad 1956-cı ildə Semnanın Gərmsar şəhərində, dəmirçi ailəsində anadan olub. 3 avqust 2005-ci ildən 3 avqust 2013-cü ilə qədər İran İslam Respublikasının altıncı prezidenti olub. Prezident olmazdan əvvəl o, Ərdəbil əyalətinin qubernatoru və Tehran şəhərinin qubernatoru vəzifələrində çalışıb. Semnan Türkmənlərin yaşadığı tarixi coğrafiyanın cənubunda yerləşir və qarışıq etnik qrupların yaşadığı yerdir. Burada farslar, semnanilər, sangiserilər və təbərilərlə yanaşı azərbaycanlılar və türkmənlət də yaşayırlar.
Əhmədnəjadın etnik mənşəyi haqqında müxtəlif məlumatlar verilir. Bəzi rusiya mediasına görə, Əhmədinejad talışdır, eləcə də onun fars olduğu barədə də fikirlər mövcuddur. Britaniyanın “The Daily Telegraph” xəbər agentliyi Əhmədinejadın yəhudi olması, əsl soyadının İran yəhudiləri arasında məşhur olan Sabourijan soyadı olduğunu və İran prezidentinin qohumlarının onun doğulduqdan sonra İslamı qəbul edərək soyadlarını dəyişdirdiklərini iddia edirlər. Daha sonra İsrailin Yaxın Şərq üzrə eksperti Meir Cavandanfar Londonun The Guardian qəzetində Əhmədinejadın yəhudi olması ilə bağlı iddiasını təkzib edən bir məqalə dərc etdirir. Onun sözlərinə görə, fars dilində "Sabour" "xalça saplarının boyaçısı" deməkdir. Onun atası Əhməd satıcı, bərbər və dəmirçi kimi çalışıb. O, dərin dindar şiə idi və oxudugu məktəblərdə Quran dərsi keçib. Mahmudun anasının “Xanım seyidə" olduğu hesab edilir.
Əsas siyasi karyerasını ABŞ səfirliyinin işğalı və diplomatların əsir edildiyi dövrdə əldə edib. Səfirliyə hücum edən gənclər qrupunun təşkilatçılarından biri idi. Ruhani olmayan və dünyavi bir şəxs kimi prezidentliyi dövründə, sələfləri Xatəmi və Rəfsəncaninin bəzi liberal islahatlarını ləğv etdi və İranın nüvə proqramının inkişafını sürətləndirdi.
Bu mərhələdə İranın siyasi arenasında “su bulandıran”, təhsilinə görə pediatr olan lakin uzun müddət xarici işlər naziri kimi işləmiş Əli Əkbər Vilayəti (rəhbərin müşaviri), İrakın Nəcəf şəhərində anadan olmuş, Ayətollah Haşimi Amolinin oglu Əli laricani (təhlükəsizlik şurasının katibi), onun kürəkəni Ayətullah Murtəza Mütəhəri, məşəddə kürd ailəsində anadan olmuş Məhəmməd Qalibaf (iran məclidinin sədri), Əhvazda anadan olmuş bəsic generalı Əli Şamxani (rəhbərin koməkçisi) kimi bir sıra digər şəxslırin də dini və etnik kimliyini öyrənmək maraqlıdır.
Ayətollah Haşimi Amoli və onun övladları iranın məhəllə məscidlərində elan olunmuş ayətullahlardan deyil. Onun tayfası İranda Nəcəf (İrak) dini klanını təmsil edirlər. Eləcə də İranda Qun ilahiyyət akademiyasının klanı, Məşəd ziyarətgahının dini klanı və Tehran ruhaniləri klanı mövcuddur. Bunlar da vaxtaşırı hakimiyyət uğrunda intriqalarda iştirak edirlər.
Həsən Ruhani də (1948) İranın Semnan əyalətinin Sorxe şəhərində anadan olub və din xadimidir. O, 3 avqust 2013-cü ildən 3 avqust 2021-ci ilə qədər İran prezidenti olub. Klassik İran ruhanilərindən olan H.Ruhani dini təhsilinə 1960-cı ildə başlayır və Qum şəhərində təhsil alır. 1969-cu ildə Tehran Universitetinə daxil olur və 1972-ci ildə məhkəmə hüququ üzrə bakalavr dərəcəsi alır. 1995-ci ildə, 48 yaşında Qlazqo Kaledoniya Universitetində "İran təcrübəsinə istinad edərək İslam qanunvericilik hakimiyyəti" mövzusunda magistr dissertasiyasını müdafiə edib və 51 yaşında, həmin universitetdən dövlət hüququ üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi alıb.
Mühafizəkar idarəetmə tərəfdarı olan bu molla iqtisadiyyatı elə bir vəziyyətə gətirdi ki, 2018-ci ilin maliyə böhranının yaradıcısı olur. Eləcə də müxalifət adı ilə insanların qətlini təşkil edən, qətl sənədlərini imzalayan bir cəllad olaraq İranın siyasi tarixində qaldı. Prezidentliyi bitdikdən sonra, İran prezidentinin “nüvə proqramı üzrə xüsusi elçisi” olan qardaşı Hüseyn Fereydun 2017-ci ilin iyul ayında İran hakimiyyəti tərəfindən rüşvət, korrupsiya və maliyyə cinayətlərində şübhəli bilinərək həbs edildi.
Başqa bir cəllad, Seyid İbrahim Rəisi 1960-cı ildə Məşhəd şəhərində anadan olub. İran İslam Respublikasının 8-ci prezidenti olaraq 3 avqust 2021 –ci ildən 19 may 2024-ci ilə qədər prezidentlik edib. 1988-ci ildə Ayətullah Xomeyninin göstərişi ilə siyasi məhbusların kütləvi şəkildə məhkəməsiz edamlarının təşkilatçısı kimi tanınır. 2024-cü ildə helikopter qəzasında allahın cəzasına çatdırdığı bu cəlladın ölümü çox sayda suallar meydana gətirdi.
Məlumdur ki, İranda prezidentliyə namizədlər dini rəhbərin təsdiqi ilə mümkün olur. Ə.Xamineyi iki dəfə irəli sürülən namizədlərdə təhlükəli səhvə yol vermişdi ki, bunlardan birincisi İbrahim Rəisinin prezidentliyə yol açması oldu. Bu məşhədli ruhani sadəcə molla deyildi. O, Məşəd ruhani mafiyasının nüfuzlu nümayəndəsi və İmam Rza ziyarətgahı sahiblərinin yaxın qohumu və varisi idi. Məhz bu səbəbdən də onu Ə.Xamineyinin yerinə iddiaçı olaraq hazırlayırdılar. Onun helikopter qəzasında ölməsi ciddi bir rəqibin aradan götürülməsi demək idi.
Xamineyinin ikinci böyük səhvi Məsud Pezeşkianın prezidentliyə namizədliyini qəbul etməsi idi. 1954-cü ildə Azərbaycanda anadan olmuş ürək cərrahı, siyasətçi, dövlət xadimi və islahatçı bir şəxsin əvvəlki hökumətlər zamanında Səhiyyə naziri olması və nazir oldugu zamanlar xeyli faydalı işlər gördüyünü bilirdi. M.Pezeşkiyanın qabarıq ifadə olunmuş Azərbaycançılığını da bilirdi. Məhz bu səbəbdən də onun namizədliyi irəli sürüləndə bir neçə dəfə tərəddüd etmişdi. Nəhayət Pezeşkiyan, 28 iyul 2024-cü ildən bəri İran İslam Respublikasının 9-cu prezidenti vəzifəsinə seçildi.
O, İran Parlamentində Təbriz, Üskü və Azərşəhr seçki dairələrini təmsil edib, 2016-cı ildən 2020-ci ilə qədər Parlament sədrinin birinci müavini olub, 2001-ci ildən 2005-ci ilə qədər Məhəmməd Xatəmi hökumətində Səhiyyə və Tibbi Təhsil naziri vəzifələrində çalışıb.
2013-cü il seçkilərində prezidentliyə namizədliyini irəli sürsə də, geri çəkilib. 2021-ci il seçkilərində yenidən namizədliyini irəli sürsə də, namizədliyi rəhbər tərəfindən rədd edilib. Pezeşkian 2024-cü il növbədənkənar prezident seçkilərində iştirak etmək hüququ qazanır. O və Səid Cəlili ikinci tura keçirlər və səslərin 53%-dən çoxunu qazanan M.Pezeşkiyan rəsmi olaraq 28 iyul 2024-cü ildə İran prezidenti olaraq fəaliyyətə başladı.
Ə.Xamineyi prezidentliyə namizədləri seçərkən ənənəvi olaraq ruhanilərlə sepah mənsubları arasında balans saxlamağa çalışırdı. SEPAH və “xüsusi xidmət” orqanları rəhbərin tabeliyindədir və əsas güç mərkəzi olaraq rəhbərin leqitimliyini təmin edirlər. Xamineyi SEPAH mənsublarını təşviq etmək üçün onlara general rütbəsi verməklə təşviq edir, onları ostanlara qubernatir təyin edir, müxtəlif nazirliklərə təyin edir, şəhərdar təyin edir, ancaq prezident olmalarını çox da istəmir. Çünki, prezidentlik onları “hakimiyyətə iddiaçı” edə bilər qorxusu mövcuddur. Bu səbəbdə də sepah mənsubu Səid Cəlili ikinci turda həkim M.Pezeşkiyana uduzdu.