Həftənin elmi və texnoloji nailiyyətləri: Müharibədən tibbi inqilaba
Ukraynanın süni intellektlə idarə olunan hava müdafiə sistemi, Çində obyektləri “görə bilən” süni protez əllər və Böyük Britaniyada xərçəng dərmanlarının effektivliyini əvvəlcədən müəyyən edən yeni test – bu həftə elm və texnologiya sahəsində diqqət çəkən əsas yeniliklərdir.
Müdafiə inqilabı
Ukrayna dünyanın ilk süni intellektlə idarə olunan hava müdafiə sistemini yaradır.
Ukrayna Müdafiə Nazirliyi ABŞ-ın Palantir texnologiya şirkəti ilə birgə “Dataroom” layihəsinə start verib. Layihə dörd illik müharibə dövründə toplanmış milyonlarla məlumat əsasında süni intellektin Rusiya dron və raket hücumlarını erkən mərhələdə aşkar etməsini və avtomatik cavab verməsini nəzərdə tutur.
Sistem peyk görüntülərini, sensor videolarını və uçuş trayektoriyalarını təhlil edərək ucuz, muxtar tutucu dronlar vasitəsilə bahalı raketlərə alternativ yaradır. Mütəxəssislərin fikrincə, layihə vaxtında başa çatarsa, Ukrayna cəmi altı ay ərzində bütöv şəhərləri avtomatlaşdırılmış şəkildə qoruyan ilk “rəqəmsal günbəzə” sahib ola bilər.

“Ağıllı” protezlər
Süni intellekt hərəkətin təbiiliyini geri qaytarır.
Çinli alimlər süni intellektlə təchiz olunmuş yeni nəsil protez əllər hazırlayıblar. Ovucda yerləşdirilmiş kamera və sensorlar vasitəsilə sistem obyektin növünü və çəkisini tanıyır, barmaqların sıxılma gücünü avtomatik tənzimləyir.
Beləliklə, istifadəçi kövrək yumurta ilə ağır predmet arasında fərqi düşünmədən, təbii reflekslə hərəkət edə bilir. Tərtibatçıların növbəti hədəfi protezə “əks əlaqə” hissi əlavə edərək səthin toxunuşunu hiss etdirməkdir.

Parkinson xəstəliyi
Beyin hüceyrələrinin məhvini dayandıran mexanizm aşkarlanıb.
ABŞ alimləri Parkinson xəstəliyinin əsas səbəblərindən birini müəyyən ediblər. Araşdırmalara görə, zəhərli bir zülal hüceyrələrin enerji mənbələrini sıradan çıxararaq onların ölümünə səbəb olur.
Tədqiqatçılar bu prosesi bloklayan CS2 adlı dərman hazırlayıblar. Sınaqlarda preparat xəstəliyin irəliləməsini dayandırmaqla yanaşı, itirilmiş motor funksiyalarını da bərpa edib. Beş il ərzində təhlükəsizlik testlərinin tamamlanması planlaşdırılır.
Dəqiq proqnoz
Döş xərçəngi dərmanlarının effektivliyi bir ayda müəyyən ediləcək
Böyük Britaniyada Xərçəng Tədqiqatları İnstitutu döş xərçəngi müalicəsində irəliləyişə nail olub. Alimlər qandakı şiş DNT-sini (ctDNA) ölçməklə dərmanın təsirli olub-olmadığını dörd həftə ərzində müəyyən edən test hazırlayıblar.
Araşdırma göstərib ki, ctDNA səviyyəsi aşağı olan xəstələrdə şişlərin kiçilməsi və ya yox olması ehtimalı əhəmiyyətli dərəcədə yüksəkdir. Bu üsul xüsusilə aqressiv xərçəng növləri üçün vaxt itkisini aradan qaldırmağa imkan verir.

Günəş fırtınası
Niyə səma qırmızı və çəhrayı rəngə büründü?
2003-cü ildən bəri qeydə alınan ən güclü G4 səviyyəli günəş fırtınası Yerə təsir edib. Nəticədə Avropanın bir çox ölkəsində, o cümlədən Ukraynada qütb parıltısı müşahidə olunub.
Alimlər xəbərdarlıq edirlər ki, bu cür fırtınalar peyk rabitəsinə, GPS sistemlərinə və enerji şəbəkələrinə risk yarada bilər. Hadisə texnoloji cəmiyyətin kosmik proseslər qarşısında həssaslığını bir daha göstərib.

Antarktidada qadın liderliyi
Ukrayna qütb tədqiqatlarında yeni mərhələ
Anjelika Hançuk 31-ci Ukrayna Antarktika Ekspedisiyasının rəhbəri təyin olunub. Bu, ölkənin qütb tədqiqatları tarixində ilk qadın rəhbərlik nümunəsidir.
Təcrübəli meteoroloq olan Hançuk qlobal iqlim dəyişikliklərinin öyrənilməsi üzrə ixtisaslaşıb. Onun rəhbərliyi altında ekspedisiya planetdə ən sürətli iqlim dəyişikliklərinin müşahidə edildiyi bölgələrdən birində tədqiqatları davam etdirəcək.

18:54 27.01.2026
Oxunuş sayı: 549