DİQQƏT: Əsgərlikdən möhlət alanların xaricə çıxışına məhdudiyyət qoyulur
Hərbi xidmət hər bir ölkənin milli təhlükəsizlik sisteminin əsas sütunlarından biri hesab olunur. Bu sistem çərçivəsində qanunvericilik yalnız çağırış və xidmət prosesini deyil, eyni zamanda hərbi xidmətdən möhlət hüququ əldə edən şəxslərin hüquq və öhdəliklərini də dəqiq şəkildə tənzimləyir. Xüsusilə ölkədən çıxış məsələsi son illər cəmiyyətdə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Qanunvericiliyə əsasən, hərbi xidmətdən möhlət alan şəxslər bəzi hallarda ölkədən çıxışla bağlı məhdudiyyətlərlə üzləşə bilərlər. Bu məhdudiyyətlər çağırış və səfərbərlik mexanizmlərinin effektiv işləməsinə, hərbi ehtiyatların qorunmasına və dövlətin müdafiə qabiliyyətinin təmin olunmasına xidmət edir. Mütəxəssislər hesab edirlər ki, bu yanaşma həm hərbi planlaşdırmaya nəzarət, həm də milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Emin Həsənli qeyd edib ki, səfərbərlik yaşına uyğun olaraq şəxslərin çıxışına məhdudiyyətlər qoyulur ki, iştirak etsinlər: "Məsələn, 2020-ci ildə 27 sentyabrda müharibə oldu, 28 sentyabrda isə səfərbərlik elan edildi. Atəşkəs imzalanana qədər o qüvvədə oldu.

Sülh dövründə və çağırışla bağlı məsələ atəşkəs imzalanana qədər qüvvədə oldu, sonra götürüldü. Səfərbərlik yaşına düşən, 35 yaşına qədər olanlar rahat gəlib-gedə bilərlər. O şəxslərin çıxışına qadağa olur ki, çağırış yaşındadırlar, amma çağırışdan yayınırlar.
Kiminsə qanuni möhləti varsa, xaricdə təhsil alırlarsa, oxuduğu ölkənin universitetindən sənəd gətirirlər və təhsil alırlar. Yaxud şəxsin xəstəliklə bağlı möhləti var. Sübut olunur və 3 il müddətində rahat şəkildə gedib-gəlir. O cümlədən ailə vəziyyətinə görə verilən möhlət qüvvədədir. Müharibə dövründə həm çağırışda, həm də səfərbərlikdə olan şəxslərə də məhdudiyyətlər olur. Bu isə ölkənin müdafiə qabiliyyəti ilə bağlıdır".
Ekspertin sözlərinə görə, ancaq çağırışda iştirak edib, möhlət hüququnu sübut etməyən insanlar da var:
"Təhsil aldığını deyib, təhsillə bağlı arayışı yoxdur, yaxud sağlamdır, ordudan yayınır. Bununla bağlı məsələdə məlum olur ki, bu adam sağlamdır.Çox xoşdur ki, belə hallar Azərbaycanda çox azdır. Bizdə müharibəyə hətta könüllü gedənlər də var. Amma onun olub-olmamasından asılı olmayaraq, qanunvericilikdə hər kəs yazılmalıdır və hər kəs qaydaları bilməlidir".
Fatimə Məmmədova
15:41 27.01.2026
Oxunuş sayı: 492