Cəmiyyətin qız qaçırma sindromu - Ekspertlər danışdı
Azərbaycan cəmiyyətində uzun illər müzakirə mövzusu olan qız qaçırma məsələsi həm tarixi, həm sosial, həm də hüquqi aspektləri ilə diqqət çəkir. Keçmişdə müəyyən hallarda adət-ənənə və sosial zərurət kimi təqdim edilən bu yanaşma, müasir hüquqi dövlət anlayışı və insan hüquqları kontekstində artıq ciddi cinayət əməli kimi qiymətləndirilir. Qızın iradəsinə zidd baş verən qaçırma halları, xüsusilə azyaşlılara qarşı törədildikdə, təkcə hüquqi məsuliyyət deyil, eyni zamanda cəmiyyətin sosial sağlamlığı baxımından da ciddi problemlər yaradır. Məsələnin həm tarixi köklərinə, həm də mövcud hüquqi tənzimləmələrə nəzər salmaq bu fenomenin mahiyyətini və yaratdığı riskləri daha aydın anlamağa imkan verir.

Bu barədə Crossmedia.az-a danışan hüquqşünas Ramil Süleymanov söyləyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qız qaçırtma cinayət hesab olunur və bu əməl Cinayət Məcəlləsinin müvafiq maddələri ilə sanksiyalaşdırılıb: "Lakin qız qaçırtma və ya adam oğurluğu hallarında hər vəziyyətdə mütləq şəkildə cəza tətbiq olunması kimi mütləq bir yanaşma mövcud deyil. Əgər hər hansı bir şəxsin oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət daxil olarsa, aidiyyəti qurumlar dərhal araşdırmalara başlayır, qaçırılan şəxsin yeri müəyyən edilir və fakt üzrə hüquqi qiymətləndirmə aparılır. Burada əsas meyarlar qaçırılan şəxsin yaşı və hadisənin hansı şəraitdə baş verməsidir. Əgər qaçırılan şəxs 18 yaşına çatmamışdırsa, onun razılığı olsa belə, bu hal qanunvericiliyə əsasən adam oğurluğu kimi qiymətləndirilir və cinayət məsuliyyəti yaradır. Lakin qaçırılan şəxs 18 yaşından yuxarıdırsa, məsələ artıq qız qaçırtma kontekstində araşdırılır. Eyni zamanda, qanunvericiliyə görə 14 yaşına çatmış hər bir şəxs belə bir əməli törətdikdə cinayət məsuliyyətinə cəlb edilə bilən yaş həddinə çatmış hesab olunur".
Hüquqşünas həmçinin bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə əsasən adam oğurluğu 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Əgər bu əməl iki və ya daha çox şəxsə qarşı törədilərsə, hamilə qadına qarşı yönələrsə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən həyata keçirilərsə, həmçinin silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə olunarsa, bu halda cəza 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə təşkil edir. Əgər adam oğurluğu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olarsa və ya yetkinlik yaşına çatmayan şəxs barəsində törədilərsə, bu zaman cəza 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə ilə müəyyən edilir. Bununla yanaşı, qanunvericilikdə istisna hallar da nəzərdə tutulub. Əgər şəxsin əməlində başqa cinayətin tərkibi yoxdursa və qaçırılan şəxs könüllü şəkildə azad edilərsə, bu halda cinayət məsuliyyəti tətbiq olunmaya bilər. Həmçinin, tərəflər arasında qarşılıqlı razılıq, səmimi münasibətlər mövcuddursa və qaçırılan şəxs könüllü şəkildə getdiyini təsdiqləyirsə, bu halda da cinayət işi üzrə icraata xitam verilməsi mümkündür".

Sosioloq Üzeyir Şəfiyev isə söyləyib ki, qız qaçırma faktı Azərbaycan kimi ənənəvi cəmiyyətlərdə tarixən müəyyən dövrlərdə ailə qurma formalarından biri kimi mövcud olub: "Keçmişdə ailə qurmağın müxtəlif yolları vardı: elçilik, adaxlama, nişan, toy mərasimi və həmçinin qız qaçırma və ya “qoşulub qaçma” yolu. Xüsusilə bəzi ailələrin maddi imkanlarının məhdud olması, toy və cehiz xərclərini qarşılayacaq gücdə olmamaları bu cür halların artmasına səbəb olurdu. Maraqlıdır ki, bir çox hallarda bu proses “qoşulub qaçma” kimi deyil, cəmiyyətin qınağından çəkinildiyi üçün “qız qaçırma” adı ilə təqdim edilirdi. Sonradan aparılan araşdırmalar isə göstərirdi ki, qız əslində öz razılığı ilə evdən gedib və zorakılıq faktı olmayıb".
Ekspert bildirib ki, bu cür hallar müəyyən dövrlərdə adət-ənənə və hətta sosial norma xarakteri daşıyıb: "Lakin hüquqi maarifləndirmənin gücləndiyi, hüquqi dövlət quruculuğunun ön plana çıxdığı müasir mərhələdə bu yanaşma tamamilə qəbuledilməz hesab olunur. Bu gün istər evlənmək məqsədi ilə olsun, istərsə də başqa səbəblərlə – əgər qızın iradəsinə zidd olaraq qaçırılma baş verirsə, bu artıq cinayət məsuliyyəti yaradır. Xüsusilə qeyd edilməlidir ki, qızın 18 yaşı tamam olmayıbsa, onun razılığı olsa belə, bu hal cinayət hesab olunur. Hətta 18 yaşdan yuxarı şəxslər barəsində də iradəyə zidd qaçırma faktı Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə qiymətləndirilir və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Qaçırılma zamanı fiziki xəsarət yetirilməsi və digər ağırlaşdırıcı hallar baş verdikdə məsuliyyət daha da ağırlaşır. Hüquqi baxımdan bu əməllər adam oğurluğunun bir forması kimi qiymətləndirilir. Lakin məsələyə yalnız hüquqi prizmadan deyil, sosial aspektdən də yanaşmaq vacibdir. Keçmişdə valideynlərin maddi çətinlikləri, toy və məişət xərclərinin ağırlığı bəzən tərəflərin qarşılıqlı razılığı ilə bu cür addımlara yol açıb. Bununla belə, hesab edilir ki, bu gün əsas diqqət hüquqi və sosial maarifləndirməyə yönəlməlidir. Valideynlər övladlarının təhsilinə, peşə sahibi olmasına, əmək bazarında layiqli yer tutmasına daha çox dəstək verməlidirlər. Xüsusilə regionlarda müşahidə olunan sosial proseslər – gənc oğlanların paytaxta axını, kənd və rayonlarda sosial balansın pozulması – bu tip halların yaranmasına müəyyən qədər zəmin yaradır. Eyni zamanda sosial şəbəkələr üzərindən tanışlıqlar nəticəsində “qoşulub qaçma” hallarına da rast gəlinir. Aparılan genişmiqyaslı hüquqi və sosial maarifləndirmə tədbirləri nəticəsində Azərbaycanda qız qaçırma hallarının kəskin şəkildə azaldığı müşahidə olunur və bu hallar artıq demək olar ki, yox səviyyəsindədir. Bu isə həm qanunvericiliyin tətbiqi, həm də cəmiyyətin hüquqi şüurunun artmasının nəticəsidir. Lakin bu proses davamlı və dayanıqlı olmalıdır".
Müsahibimiz əlavə edib ki, valideynlər övladlarının təhsil və karyera perspektivlərini ön plana çəkməli, onları riskli və qanunazidd addımlardan uzaq tutmalıdırlar: "Qız qaçırma niyyətində olan şəxslər isə bilməlidirlər ki, bu əməllər hüquqi baxımdan cinayət sayılır və xüsusilə razılıq olmadan və ya azyaşlılara qarşı törədildikdə ağır hüquqi məsuliyyət yaradır. Bu baxımdan bəzi hallarda qanunvericilikdə mövcud olan yüngülləşdirici mexanizmlərin yenidən nəzərdən keçirilməsinə də ehtiyac olduğu düşünülür Nəticə etibarilə, həm hüquqi müstəvidə, həm də sosial sahədə maarifləndirmə işi gücləndirilməli, xüsusilə qızların təhsilə cəlbi artırılmalıdır. Təhsil alan, hüquqlarını bilən qadınlar gələcəkdə sağlam ailələrin qurulmasında və cəmiyyət üçün faydalı nəslin yetişdirilməsində mühüm rol oynayırlar".
Ayhan
11:20 26.01.2026
Oxunuş sayı: 587