Tanrı kimi insanlar...
Bu günlərdə bir nəfərlə tanış oldum. İlk andan etibarən qəribə təsir bağışladı. İndiyə qədər bir- birimizi görməməyimizə rəğmən, elə danışırdı ki, sanki illərdir tanışıq. Zarafatlaşır, gülürdü. Açıq- aydın hiss olunurdu ki, özünə qarşı inam yaratmağa çalışır. Bunu başa düşə- düşə hiss etdirmək istəmirdim. Əksinə, daha maraqla dinləyirdim. Və hiss etdirdim ki, öz iradəmlə söhbəti uzatmağa çalışıram.
Qarşı tərəf mimika və jestlərdən, göz kontaktından çox məharətlə istifadə edirdi. Səs tonunu bəzən qaldırır, bəzən aşağı salırdı. Beləliklə, onu daha diqqətlə dinləməyə vadar edirdi.
Bir müddətdən hiss etdim ki, artıq qarşı tərəfə qarşı qəribə simpatiya yaranım məndə. Ətrafdan təcrid olunmaq istəyirdim. Və olurdum da...
Sonra sağollaşdıq və o getdi.
Yenə görüşəcəyimizə ümid edirdim. Hərçənd inanmırdım və bilirdim ki, bu, ilk və son görüşümüzdür. Çox güman, elə belədir.
Sözümün canı var: bəzən həyatda belə insanlarla qarşılaşırıq. Cəmi bir neçə dəqiqəyə bizi özünə inandırır, özünü istədir. Elə bilirsən ki, o, hamıdan ağıllı, hamıdan bacarıqlıdır. Lap, bəlkə də, Tanrı kimi gəlir sənə. Qeyri-adi, ilahi gücə sahib olduğunu düşünürsən. Bunun niyə, necə olduğunu bilmirsən, amma ona inanmağı seçirsən...
...Məncə, həyatında Tanrı kimi insanın olması çox böyük xoşbəxtlikdir. Bəzən görmürsən, eşitmirsən, amma varlığına şükür edirsən...
13:45 24.01.2026
Oxunuş sayı: 468