ABŞ İran tərəfdarı qrupların növbəti hökumətə daxil ediləcəyi təqdirdə İraqa qarşı sanksiya təzyiqlərini artırır.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, Vaşinqton Bağdadı mümkün sanksiyalarla, o cümlədən "Nyu-York Federal Ehtiyat Bankı" üzərindən əldə edilən kritik neft gəlirləri mənbələrinin risk altına düşə biləcəyi ilə bağlı xəbərdar edib.
Bu xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın İraqda İranla əlaqəli qrupların təsirini məhdudlaşdırmaq kampaniyasının ən açıq nümunələrindən biri kimi dəyərləndirilir. Qeyd olunur ki, İraq uzun müddətdir Vaşinqton və Tehran arasında həssas tarazlığı qorumağa çalışır.
Reuters-in məlumatına görə, məsələ son iki ay ərzində ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkilinin vasitəçilər üzərindən İraq rəsmiləri və nüfuzlu şiə liderləri, o cümlədən İranyönlü qrupların bəzi rəhbərləri ilə apardığı təmaslarda dəfələrlə gündəmə gətirilib.