Qapılar bağlanır… növbəti stansiya: Həzi Aslanov
Bu gün Bakı metrosunda minlərlə insan tanış bir səsi eşidir:
“Qapılar bağlanır, növbəti stansiya – Həzi Aslanov”
Bəlkə də hər gün tələsik keçdiyimiz bu ad, əslində Azərbaycanın hərb tarixində silinməz iz qoymuş bir ömrün, bir iradənin və yarımçıq qalmış taleyin adıdır. 24 yanvar – general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anım günüdür.
Uşaqlıqdan başlayan çətin yol
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranda, sadə zəhmətkeş ailəsində dünyaya gəlib. Atası Əhəd Aslanov kərpic zavodunda işləyirdi. Həzi hələ yeniyetmə yaşlarında həyatın ağır tərəfləri ilə üz-üzə qaldı. 13 yaşında atasını itirdikdən sonra ailənin yükü onun çiyinlərinə düşdü və o, atasının çalışdığı zavodda fəhlə kimi işləməyə başladı.
Lakin ağır əmək Həzinin elmə və inkişafa olan marağını söndürmədi. O, oxumağa, öyrənməyə can atırdı. Gecə kurslarında savadını artırdı, gənclər təşkilatlarında fəal oldu. Məhz bu illər onun xarakterində intizamı, məsuliyyəti və liderlik keyfiyyətlərini formalaşdırdı.
Hərbi xidmətə aparan yol
1920-ci illərin ortalarında komsomol xətti ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilən Həzi Aslanov burada həm təhsildə, həm də ictimai fəaliyyətdə fərqləndi. Qısa müddətdə gənclər təşkilatının katibi seçildi, məktəb qəzetinin redaktoru oldu. 1929-cu ildə hərbi təhsilini uğurla başa vuran Aslanov Leninqradda yerləşən süvari məktəbində oxudu və zabit kimi formalaşdı. Onun hərbi karyerası Ukraynada, Kotovski adına süvari diviziyasında başladı. Sonralar zirehli texnikaya marağı onu tank qoşunlarına gətirdi və bu sahədə Aslanov özünü bacarıqlı komandir kimi təsdiqlədi.
Müharibə və qəhrəmanlıq salnaməsi
İkinci Dünya müharibəsi Həzi Aslanovu artıq təcrübəli zabit kimi cəbhəyə apardı. Finlandiya ilə müharibədə Mannerheym səddinin yarılmasında iştirak etdi. Böyük Vətən müharibəsinin ilk günlərindən Ukrayna, Donbas, Krım, Moskva ətrafı, Stalinqrad və Kursk istiqamətlərində ən ağır döyüşlərdə ön xəttdə oldu.
Moskva yaxınlığında mühasirəyə düşmüş sovet hissələrinin xilas edilməsi zamanı tankın sürücüsü yaralandıqdan sonra Aslanov döyüş maşınını özü idarə edərək əməliyyatı sona çatdırdı. Bu cəsarət ona Qırmızı Ulduz ordeni qazandırdı.
Stalinqrad uğrunda döyüşlərdə isə onun rəhbərlik etdiyi tank briqadası düşmənin əsas nəqliyyat xətlərini kəsdi, onlarla tankı və canlı qüvvəni sıradan çıxardı. Məhz bu döyüşlərdə göstərdiyi şücaətə görə Həzi Aslanov 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
General rütbəsi və son hücumlar
Aslanov daim öz üzərində işləyən sərkərdə idi. Qısa müddətdə Zirehli Tank Qoşunları Akademiyasının proqramını mənimsədi və yenidən cəbhəyə qayıtdı. 1944-cü ildə ona general-mayor rütbəsi verildi. Belarus və Baltikyanı ölkələr uğrunda gedən hücum əməliyyatlarında 35-ci qvardiya tank briqadası xüsusilə fərqləndi. Vilnüs, Yelqava istiqamətində düşmənə ağır zərbələr endirildi. Bu dövrdə Aslanov dəfələrlə Ali Baş Komandanlıq tərəfindən təşəkkür aldı, briqadası Qırmızı Bayraq ordeni ilə təltif olundu.
Müəmmalı ölüm
Stalinqraddan Baltik sahillərinədək şərəfli döyüş yolu keçən Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Priyekule yaxınlığında ağır yaralandı. Döyüş meydanından kənarda, müşahidə məntəqəsinin yaxınlığında baş verən bu hadisə bu gün də suallar doğurur. General 23 saat həyat uğrunda mübarizə apardı. Onu Moskvaya aparmaq üçün təyyarə hazır olsa da, uçuş baş tutmadı və Həzi Aslanov vəfat etdi.
Ölümündən illər sonra, 1991-ci ildə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Beləliklə, o, bu ada iki dəfə layiq görülmüş yeganə azərbaycanlı kimi tarixə düşdü.
Yaşayan irs
Bu gün Həzi Aslanovun məzarı Şəhidlər Xiyabanındadır. Onun adı Bakıda parkda, küçədə, məktəbdə və metrostansiyada yaşayır. Lənkəranda ev-muzeyi, heykəli ucaldılıb. Filmlər çəkilib, kitablar yazılıb.
Və hər gün metroda bir səs yenidən bu adı xatırladır:
Adının səsləndiyi bu səs metropolitenin təkcə ilk stansiyası yox, Azərbaycanın qəhrəmanlıq tarixində bir zirvəni göstərir.
Fatimə Məmmədova
09:10 24.01.2026
Oxunuş sayı: 572