Sevgisizlik xarabalığında pıçıltılar – Bayquş gələndə...
Akademik Milli Dram Teatrının səhnəsində bu günlərdə Maqsud İbrahimbəyov dünyasının o tanış, bir az kədərli, bir az da istehzalı havası duyulur. Maqsud İbrahimbəyov imzası xəfif yumorla ağır psixologiyanın, incə istehza ilə dərin kədərin kəsişdiyi xüsusi bir koordinat sistemidir.
Rejissor Bəhram Osmanov ədibin 90 illiyi münasibətilə hazırladığı "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq" tamaşası ilə bizi sadəcə bir hekayəyə deyil, Abşeronun qumlu sahillərinə, keçən əsrin xatirələrinə və ən əsası, insanın öz daxili boşluğuna səyahətə çıxarır.
Biz bu dəfə zalda deyil, elə səhnənin özündə – hadisələrin düz mərkəzində əyləşirik. Rəssam Sahib Əhmədovun qurduğu dekorasiya elə ilk baxışdan çox şey vəd edir: arxa fonda dəniz dalğalarının səsli instalyasiyası, köhnə yazı makinası, 70-ci illərin avtobusu və bir də quru budaq. Tamaşa boyu biz o bayquşu görmürük, nə də səsini eşitmirik. Amma o quru budaq sanki hər an başımızın üzərindədir – bədbəxtliyin, xəyanətin və bəlkə də gecikmiş müdrikliyin simvolu kimi. Bayquş həm müdriklikdir, həm də bədbəxtliyin xəbərçisi. Onun qonduğu yer ya xarabalıqdır, ya da xarabaya çevrilmək üzrədir. Bəs insanın qəlbi sevgisizlikdən xaraba qalıbsa?
Bəhram Osmanov cəsarətli bir addım ataraq Maqsud İbrahimbəyovun iki fərqli əsərini – "Bayquş gələndə" povesti ilə "Qara paltarlı qadın" romanını bir fabulada birləşdirib. Səhnədə iki fərqli zaman kəsiyi bir-birinə qarışır.
Bir tərəfdə uşaq evində böyümüş, indi isə sevgi haqqında film çəkməyə çalışan kinorejissor Əkrəmin (Sabir Məmmədov) çətinliyi: onun gənc aktyorlara kameranın qarşısında "öpüşmək" tapşırığı verməsi, onlar “niyə öpüşməliyik?” sualına cavab tapa bilməməsi. Bu "anlamamaq" xətti tamaşanın alt qatını təşkil edir. Mahiyyəti itmiş hisslərin mexaniki icrası – sevginin texniki bir hərəkətə çevrildiyi, mahiyyətini itirdiyi bir dövrün mənzərəsidir bu.
Digər tərəfdə isə Kamil (Ayşad Məmmədov) və onun həyatına bir "fəlakət" kimi daxil olan Nailə (Nigar Güləhmədova). Nailənin qeyri-adekvat davranışları, özündən yaşca böyük bir kişi ilə evlənmək üçün gəlib, eyni zamanda başqaları ilə münasibət qurma cəhdləri tamaşaçıda suallar doğurur. Nailə kimdir? O, sadəcə bir qadındırmı, yoxsa Kamilin sakit həyatına qonmuş o məşum bayquşun təcəssümü? Nailə obrazının dumanlı qalması, bəlkə də rejissorun bizə ötürmək istədiyi o "xaos" və "bədbəxtlik" rəmzidir.
Tamaşanın ən güclü və emosional yükü isə Nurəddin Mehdixanlı (Cavanşir) və Mehriban Zəki (Zəhra) duetinin üzərindədir. Onların oyunu o qədər təbiidir ki, sanki illərdir bu obrazları yaşayırlar.
Zəhranın o mistik, "ilanı yuvasından çıxaran" cazibəsi və Cavanşirin daxili təlatümləri tamaşanın adındakı o "...bir az məhəbbətdən danışaq" hissəsini tam doldurur. Onlar sübut edirlər ki, maddi rifah, vəzifə və sosial status qəlbdəki o böyük boşluğu – sevgi ehtiyacını örtə bilmir. Cavanşirin Xəzərin sularında həlak olması ilə bitən bu xətt, əslində sevgisizliyin gətirdiyi fəlakətin zirvəsidir və bizi belə bir sualla qarşı-qarşıya qoyur: "Məhəbbət olmayan yerdə həyat varmı?"
Bəhram Osmanovun bu quruluşu bizə pafoslu tiradalar yox, pıçıltı ilə deyilən həqiqətlər təqdim edir. Rejissorun da vurğuladığı kimi, bu səhnənin sakinləri sanki zombiləşiblər: hər şeyləri var — vəzifələri, evləri, keçmişləri... bircə içlərindəki o boşluğu dolduracaq məhəbbətdən başqa.
Bəlkə də bayquşun gəlişi bir bədbəxtlik yox, oyanış üçün son xəbərdarlıqdır. Axı sevgisiz keçən bir ömürdən daha böyük faciə hansı xarabalarda gizlənə bilər ki?
Maqsud İbrahimbəyovun ruhuna yaraşan bu səhnə işi tamaşaçıya bir sual miras qoyub pərdəni bağlayır: Biz bu gün həqiqətən sevirik, yoxsa sadəcə sevgi haqqında film çəkən Əkrəmin aktyorları kimi "niyə?" sualına cavab tapa bilmədən rollarımızı ifa edirik?








10:00 24.01.2026
Oxunuş sayı: 541