Əbədiyyət axtarışında donmuş zaman – Nərimanovun izi ilə
“Müsəlman kommunist” yoxsa “aldanmış idealist”?
Azərbaycanın siyasi və mədəni tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bir neçə ömürlük xidməti özündə birləşdirir. Tariximizin ən mürəkkəb və ziddiyyətli dövrlərdən birinə rəhbərlik etmiş, taleyi həm uğur, həm də faciələrlə yoğrulmuş Nəriman Nərimanov da məhz belə simalardandır. Şərq intibahı ilə Qərb inqilabi ideyalarının kəsişməsində dayanan, millətinin taleyi üçün ən ağır geosiyasi şəraitdə məsuliyyət daşıyan, dövrün ictimai qüsurlarını cəsarətlə qələmə alan Nəriman Nərimanov şəxsiyyətinin təməlində dərin bir maarifçilik ruhu dayanırdı.
Nəriman Nərimanov obrazını dərk etmək üçün onu yalnız bir siyasətçi, dövlət xadimi kimi deyil, xalqının savadlanması üçün çalışan fədakar müəllim, insanları təmənnasız müalicə edən həkim, maarifçi, dramaturq və milli idealist kimi görmək lazımdır. O, öz dövrünün “Şərqin Lenini” adlandırılsa da, əslində qəlbi milləti üçün döyünən Azərbaycan ziyalısı idi.
Tibb təhsili alması onun humanizmini daha da cilalamışdı, o sadəcə bədənləri deyil, cəmiyyətin mənəviyyatını da müalicə etmək istəyən “xalq həkimi” idi. Gənc yaşlarından Azərbaycan xalqının geridə qalmasının səbəbini cəhalətdə görən N. Nərimanov “Bahadır və Sona”, “Nadir şah” kimi əsərləri ilə cəmiyyətin daxili ağrılarını üzə çıxarmışdır.
Onun üçün siyasət xalqa xidmət etmək üçün seçilmiş bir vasitə idi, bu yol onu ideoloji burulğanlara sürükləsə də...
Onu yaxından tanımaq üçün ən doğru ünvan bir vaxtlar ailəsi ilə birlikdə yaşadığı və onun xatirəsini əbədiləşdirən Nəriman Nərimanovun ev-muzeyidir. Moskvada Qızıl Meydanda, Kreml məzarlığında dəfn edilən yeganə azərbaycanlı olan bu böyük şəxsiyyətin mənzili, əslində, XX əsrin əvvəllərindəki Azərbaycanın kiçik bir modelidir.
Muzeyin yerləşdiyi bina elə özlüyündə bir tarixdir. 1900-cü ildə tacir Hacı Babayev tərəfindən M.M.İsmayılovun layihəsi əsasında inşa etdirilən bu tikili Bakının memarlıq incilərindən sayılır. Nəriman Nərimanov bu binanın ikinci mərtəbəsindəki beş otaqlı mənzildə yaşamışdır. 1977-ci ildə muzey kimi fəaliyyətə başlayan bu mənzildə hazırda 5200-dən çox eksponat qorunur. Bu eksponatlar təkcə bir ailənin əşyaları deyil, həm də bir millətin dirçəliş tarixinin sənədləşmiş formasıdır.
Muzeyin ekspozisiyası 4 zaldan – yemək, qonaq, yataq otağı və həkim kabinetindən ibarətdir. Bu otaqlarda nümayiş etdirilən eksponatlar Nərimanovun həyat və fəaliyyət yolunu, ailə və ictimai mühitini, yaşadığı dövrdə müxtəlif sosial təbəqələrlə münasibətlərini, ədəbi və inqilabi mübarizəsinin inkişaf mərhələlərini, eləcə də dövlət xadimi kimi Azərbaycan dövlətçiliyi qarşısında göstərdiyi tarixi xidmətləri əyani şəkildə təqdim edir.
Ekspozisiyanın birinci zalı Nəriman Nərimanovun formalaşma dövrünü – anadan olduğu gündən 1919-cu ilə qədərki dövrü əhatə edir. Zalda onun uşaqlıq, gənclik və müəllimlik fəaliyyəti dövrünə aid fotoşəkillər, Tiflis ruhani məktəbində və Qori Müəllimlər Seminariyasında təhsilini təsdiqləyən şəhadətnamələr, müəllimlik fəaliyyətini əks etdirən sənədlər, Azərbaycan və rus dillərini müstəqil öyrənənlər üçün tərtib etdiyi dərsliklər, “Türk- Azərbaycan dilinin müxtəsər sərf nəhvi” adlı qiymətli dərs vəsaiti, bədii əsərlərinin ilk nəşrləri və müxtəlif illərdə səhnəyə qoyulmuş dram əsərlərinin afişaları, İ.Qaspıralının vəfatı ilə bağlı yazdığı məqalə (qəzet surəti) nümayiş olunur.
Ekspozisiyanın diqqətçəkən bölmələrindən birində 1894-cü ilə aid sənədlər yer alır. Bu materiallar Bakıda açılan “Nərimanov qiraətxanası” adı ilə bütün Zaqafqaziyada məşhurlaşan ilk pulsuz müsəlman qiraətxanasının tarixindən bəhs edir. İstanbul, Qahirə və Təbrizdən gətirilən qəzetlərin siyahısı Nərimanovun Azərbaycan ziyalılarını beynəlxalq informasiya məkanına çıxarmaq istiqamətindəki maarifçi təşəbbüslərini əyani şəkildə nümayiş etdirir.
Zalda həmçinin Nərimanovun N.V.Qoqolun “Müfəttiş” əsərini azərbaycan dilinə tərcümə etməsi, teatr səhnəsində rejissor kimi fəaliyyəti və sənətə yanaşmasını əks etdirən materiallar təqdim olunur. Bütün bunlar onun ictimai-siyasi fəaliyyəti ilə yanaşı, mədəniyyət və sənət sahəsindəki çoxşaxəli rolunu da ön plana çıxarır.
Nümayiş etdirilən eksponatlar bizə onun maarifçilik ideyalarını, ədəbi yaradıcılığını və ictimai fəaliyyətini bütöv şəkildə təqdim etməklə, ziyarətçilərə dövrün ictimai-mədəni mühitini daha dərindən anlamaq imkanı yaradır.
Eyni zamanda, Nərimanovun Tiflisdə yaşadığı evin maketi də ziyarətçilərə təqdim edilir.
Qeyd etmək lazımdır ki, Nərimanovun müəllimlik fəaliyyəti sadəcə peşə deyil, bir missiya olub. Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin edilməsi Nərimanova çox şey öyrədir. Azərbaycan kəndlisinin maddi və mənəvi vəziyyəti haqqında təsəvvürünü daha da genişləndirir. Kəndi geridə qoyan səbəblər haqqında çox düşünən Nərimanov hələ seminariyada oxuyarkən yazmağa başladığı “Nadanlıq” dramının qalan iki pərdəsini də yazıb bitirir.
Ekspozisiyanın ikinci zalı – qonaq otağı bəlkə də ən gərgin auraya malik məkandır. 1920-1925-ci illəri əhatə edən bu otaq Nərimanovun dövlət xadimi kimi fəaliyyətinə işıq salır. Burada təqdim olunan arxiv sənədləri uzun illər gizli saxlanılan həqiqətləri üzə çıxarır və biz onun “kommunist cildinə girmiş daşnaklara” qarşı apardığı mübarizənin izlərini görürük.
Nümayiş olunan eksponatlar arasında xüsusilə diqqət çəkənlərdən biri Nərimanovun torpaqlarımızın Azərbaycanın tərkibində saxlanılması uğrunda apardığı mübarizəni əks etdirən sənədlərdir. Naxçıvanın Azərbaycandan təcrid olunmaması üçün Mehridən yol verilməsi uğrunda apardığı ardıcıl mübarizə, lakin Zəngəzuru qoruya bilməməyin gətirdiyi mənəvi iztirablar sənədlərdə hiss olunur.
Burada həmçinin generallar S.Mehmandarov və Ə.Şıxlinski ilə bağlı V.İ.Leninə göndərdiyi məktub, Şərq xalqlarının I qurultayı və Genuya konfransı ilə bağlı sənədlər, oğlu Nəcəfə yazdığı bitməmiş məktub, ədəbi və ictimai-siyasi fəaliyyətinin 30 illiyi ilə bağlı yubiley sənədləri, nadir fotoşəkillər yer alır.
Ekspozisiyada nümayiş olunan sənədlər Nərimanovun türkçülük mövqeyini, Sovet hökumətinə qarşı milli maraqları qoruma səylərini, Şərq xalqlarının azadlığı uğrunda apardığı fəaliyyətini aydın şəkildə göstərir. Burada həmçinin Sovet hakimiyyəti ilə münasibətlər, xalqın rifahına yönəlmiş təşəbbüsləri və Azərbaycan neftinin maarif və səhiyyəyə sərf olunması uğrunda apardığı mübarizə sənədləşdirilmişdir.
Həmçinin, Türkiyənin müstəqillik savaşına verdiyi strateji dəstək və Atatürkün ona göndərdiyi təşəkkür məktubları Nərimanovun türk dünyasındakı yerini bir daha təsdiqləyir.
Ekspozisiyanın üçüncü zalı – yataq otağı ziyarətçini Nərimanovun ailəsinin həyatı ilə tanış edir. Burada onun həyat yoldaşı Gülsüm xanım və yeganə oğlu Nəcəfin həyat yolları əks olunur. Ailəvi şəkillər, uşaqlıq və gənclik illərini göstərən fotolar, təltifat sənədləri və Nərimanovlar ailəsinə məxsus ev əşyaları nümayiş etdirilir. Burada həmçinin Nərimanovun vəfatı və dəfni, eləcə də xatirəsinin əbədiləşdirilməsi ilə bağlı materiallar da diqqət çəkir.
Nərimanovun vəfatından sonra Gülsüm xanım ömrünün son illərini Moskvada uşaq evlərinin müdiri kimi çalışaraq keçirməsi ailənin humanizminin davamıdır.
Yeganə oğlu Nəcəf orta məktəbi uğurla bitirdikdən sonra Leninqrad Tankçılıq Məktəbinə daxil olmuş, sonralar Hərbi Akademiyada oxumağı arzulasa da, 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi bu arzunun həyata keçməsinə imkan verməmişdir.
Dördüncü zal – Nərimanovun tibb kabineti onun “el həkimi” kimi kimliyini tamamlayır. Otaq onun sağlığında olduğu kimi bərpa edilib. Masanın üzərindəki cərrahlıq alətləri, reseptlər və onun müəllifi olduğu tibbi kitablar – “Tibb və İslam”, “Vərəm”, “Traxoma” diqqət çəkir. O, insanları təkcə müalicə etmirdi, həm də profilaktik maarifləndirmə ilə epidemiya və xəstəliklərin qarşısını almağa çalışırdı. Odessada oxuduğu illərdən qalan sənədlər və tələbə yoldaşlarının ona hədiyyə etdiyi əşyalar da otağa xüsusi bir səmimiyyət qatır.
Nəriman Nərimanovun ev-muzeyini gəzdikdən sonra bir məqam aydın olur: o, hər hansı bir ideologiyanın çərçivəsinə sığmayan, hər addımında xalqının mənfəətini düşünən lider idi. Onun 1925-ci ilin martında qəfil və sirli vəfatı bir çox suallar doğursa da, qoyub getdiyi miras bu gün Bakının mərkəzində, bu beş otaqlı mənzildə yaşamağa davam edir. Bu muzey sadəcə keçmişin nümayişi deyil, Azərbaycanın dövlətçilik yaddaşının qorunduğu müqəddəs bir məkandır.
15:50 19.01.2026
Oxunuş sayı: 1768