Qorxuya meydan oxuyanlar: 20 Yanvarın canlı şahidləri danışır
19-dan 20-nə keçən gecə. 1990-cı ilin həmin qaranlıq gecəsində Bakı tankların səsi ilə oyandı. Sovet ordusu silahsız əhaliyə qarşı misli görünməmiş zorakılıq törətdi. Küçələrdə atəş səsləri kəsilmədi, günahsız insanlar güllələndi, şəhər qan içində boğuldu. O gecə təkcə insanlar yox, bir xalqın səbr kasası daşdı. Azərbaycan azadlıq yolunda ağır, amma şərəfli bir bədəl ödəməyə məcbur qaldı.
20 Yanvar faciəsi yüzlərlə ailənin ocağını söndürdü, neçə-neçə gəncin arzularını yarımçıq qoydu. Həmin gecə şəhid olanlardan biri də həyatını başqalarını xilas etməyə həsr edən gənc tələbə - Ələsgər Yusif oğlu Qayıbov idi. Ələsgər Qayıbov 1966-cı il martın 15-də Gürcüstanda - Qaraçöpdə dünyaya gəlmişdi. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). Gələcək planları vardı, arzuları vardı, amma taleyi onu tarixə yazılmış bir ad etdi. O, cəmi 24 yaşında idi. Bu yaş onun üçün dayanmış bir zamandır. Bir ildən sonra da 24 yaşında qalacaqdı, bir əsr keçsə də… 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Ələsgər evdə qala bilmədi. Yaralıların fəryadı onu küçələrə çıxardı. “Gənclik” metrostansiyası ətrafından 5 nömrəli xəstəxanaya dəfələrlə gedib-gəldi, yaralıları daşıdı, həyatla ölüm arasında qalan insanlara ümid oldu.
Şəhid Ələsgərin bacısı Sərmayə Qayıbova Crossmedia.az-la o gecə şahidi olduqlarını və qardaşının necə şəhid olduğunu bölüşdü: “O günləri heç vaxt unutmarıq. Biz o stressi, o qorxunu yaşadıq. Qardaşımın tək bacısı idim. O, çox qoçaq, cəsur idi. Deyirdi ki, hər kəs mənə baxanda utanıram. Qardaşım hər dəfə hərəkatda nümayişə gedəndə onun üçün narahat olurdum. Deyirdim ki, getmə. Amma qulaq asmırdı. O, hətta müharibəyə könüllü yazılmışdı. Deyirdi ki, "mütləq getməliyəm, bir-iki düşməni mən vuraram, bir-ikisini də müəllim vurar". O gecə də güllə səsinə oyanıb tələbə yoldaşları ilə yığışıb Gənclik stansiyası yaxınlığına gediblər. Bir neçə dostu getmək istəmirdi. Ələsgər deyib ki, "qorxan evdə qalsın, biz qorxmuruq".

Şəhid bacısı bildirib ki, bu anları ona qardaşının dostları danışıb: “Sonradan dostları dedi ki, insanlar qanlar içində olarkən qardaşımla tankın üstünə əl-ələ gedib, yaralılara kömək ediblər. Həmçinin, yoldaşımın əmisi oğlu yaralandı. Ələsgər isə yaralıları təcili yardıma daşıyarkən qolundan və qarnından güllələndi. Onu 5 nömrəli xəstəxanaya apardılar. Üç dəfə cərrahi əməliyyat etdilər. Xəstəxananın qarşısında 200 nəfərə yaxın tələbə var idi, hər tərəf əli silahlı hərbçilərlə dolu idi. Biz qardaşımın yaralandığını eşidəndə özümüzü itirdik".
Bu sözləri deyərkən şəhid bacısı Sərmayə Qayıbova göz yaşlarını saxlaya bilməyib: “Xəstəxanada analar fəryad edirdi. Mən isə sanki hər yerdən anamın səsini eşidirdim. Çox pis bir ömür sürdük. Mənə dedilər ki, "qardaşın səni çağırır, gəl". Mən onu o halda görəndə qaçırdım, çığırırdım. Hamı deyirdi ki, Ələsgər niyə ora getdin?Ələsgər isə gülümsəyirdi və elə gülə-gülə də dünyasını dəyişdi. Anam bu hadisədən sonra infarkt keçirdi”.
Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev prospektində Ələsgər Qayıbovun adını daşıyan küçə mövcuddur...
20 Yanvar faciəsinin ən ağır anları yalnız küçələrdə deyil, yerin altında Bakı metropolitenində də yaşanırdı. Həmin gecənin canlı şahidlərindən biri də metropoliten maşinisti Cahil Həsənovdur. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni hələ də unuda bilmədiyini qeyd edib: “Həmin gecə biz işdə idik. Saat 11-də evə getməli idik. Təlimatçı maşinist maşinistlərə xəbərdarlıq edirdi: “Ola bilsin, metro səhərə qədər işləsin. Kömək lazım ola bilər. Kimin evi metroya yaxındırsa, evdən azuqə götürüb gətirsin". Heç kim etiraz etmir. Hər kəs anlayırdı ki, şəhərdə fövqəladə vəziyyət yaranır. Gecə yarısına az qalmış - saat 12-yə yaxın "Neftçilər" metrostansiyası yaxınlığında atışma baş verdiyi barədə məlumat daxil oldu. Bir qədər sonra isə "Nərimanov" metrostansiyasının əks istiqamətinə yaralılar gətirilməyə başlandı. Yaralıların vəziyyəti son dərəcə ağır idi. Qanlar içində insanlar gətirirdilər. Bizə Çapayev küçəsində güclü atışma olduğu, çoxlu sayda yaralı və ölənlərin olduğu deyildi. Bizi də yaralılara kömək etmək üçün göndərdilər. Bir anda mənə də güllə atmaq istədilər. Həmin an yanımdakılar "qaç" dedilər. Yaralıların sayı artdıqca depodan əlavə qatar ayrıldı. Məqsəd indiki İçərişəhər istiqamətindən mümkün qədər çox yaralını çıxarmaq idi. İçərişəhərdə vəziyyət xüsusilə gərgin idi. Sərnişinlər qorxudan tunellərə düşüb qaçırdılar. Bizə təlimat verildi ki, nə olur-olsun, camaatı oradan çıxaraq. Maşinistlər həyatlarını riskə ataraq insanları tunellərdən çıxarmağa nail oldular. Həmin gecə metro səhərə qədər fasiləsiz işləyirdi".
Cahil Həsənov bildirib ki, evə dönməyə çalışıb, lakin mümkün olmayıb: “Neftçilər"dən çıxıb evə getmək istədim, gördüm ki, marşrut yoxdur. Yalnız hərbi texnikalar var idi. Məcbur olub geri qayıtdım. Daha sonra məni Azadlıq meydanına göndərirlər. Millət hamısı orada idi. Kimisi canını qurtarmağa çalışırdı, kimisi ölü idi, kimisi yaralı. Faciənin ertəsi günü - 21 yanvar tarixində metropoliten bizə daha bir ağır xəbər çatdırdı. Veteran metropolitençi v İlqar Qarayevin şəhid olduğunu dedi".
20 Yanvar faciəsinin şahidlərindən biri, digər metropoliten işçisi, veteran maşinist Vilayət Əsgərov həmin gecəni hələ də dəqiq xatırladığını qeyd edib. Saat 16.00-dan axşam növbəsində maşinist işləyən Vilayət bəy, metro stansiyalarında baş verən dəhşəti danışır: “Həmin gecə, "Neftçilər" və "Xalqlar Dostluğu" stansiyalarında həddindən artıq çox insan metroya minirdi. Daha çox sərnişin "28 May" stansiyasına doğru gedirdi. Amma geri qayıdarkən "Neftçilər" tərəfə az adam gəlirdi. Hər kəsdə bir təlaş var idi, hər kəs həyəcanlı və qorxmuş görünürdü. Bizə dedilər ki, bu vəziyyətdə kim könüllü gecə boyu işləyə bilər? Dedim ki, lap gün boyu da işləyərəm. Digər qadın metro işçiləri isə sərnişinləri sakitləşdirməyə çalışır, təlaş içində olan insanları qucaqlayaraq qorumağa çalışırdılar. Həmin gecə bir çox dəhşətli anlar yaşanıb. Ayağından güllələnmiş bir gənc oğlan gördüm və ona dərhal yardım etdim. Deyə bilmərəm ki, tankın qarşısında dayandım. Xeyr. Mən iş başımda idim. Amma bir neçə dəqiqə küçəyə çıxdım . Bir oğlan velosipedlə gedərkən güllələndiyini , kiminsə üstündən tank keçdiyini gördüm”.
Vilayət bəyin xatirələri "20 Yanvar" gecəsinin dəhşətini və insanların yaşadığı qorxunu gözlər önünə sərir. Onun sözləri göstərir ki, o, sadəcə işini görməkdə deyil, eyni zamanda insanlara yardım etməyi bir vəzifə bilmişdi.
Həmin gün, metropolitende tunel fəhləsi olaraq çalışan tələbə Məftun Abbasov gecə növbəsində işlədiyini vurğulayaraq deyib: "Həmin gecə indiki "İçərişəhər" stansiyası qarşısında idim, təxminən 23:45 radələri idi. Bu vaxt xəbər gəldi ki, Tbilisi prospekti yaxınlığında vəziyyət gərgindir, kömək lazımdır. Biz çəkinmədən, xüsusi avtobuslar vasitəsilə oraya getdik. Çatanda təcili yardım maşınındakı insanları belə vurmuşdular, heç kəs qalmamışdı. Bir neçə nəfər yaxınlaşmaq istədikdə onları da güllələdilər. Bizim istiqamətimizdə də, həmçinin atəşlər açıldı. İrihəcmli maşınlardan araladılar. Atəş açaraq, maşınları əzərək insanları amansız qətlə yetirdilər. Onlar "20 yanvar" dairəsinə tərəf hərəkət etdilər, hərəkət etdikcə də binalara, insanlara xəsarət yetirirdilər. Ağacların arxasında gizlənmişdim. Onları müşaiyət edirdim. Onlar sanki sovet əsgərləri deyil, bolşeviklər idi. Sovet ordusuna uyğun formada deyildilər. Metro işçisi olduğum üçün bilirdim ki, mühüm hadisə olarsa metro səhərə qədər işləməlidir və biz Azərbaycan xalqını bu vəziyyətdən çıxarmalıyıq. Daha sonra Elmlər Akademiyası istiqamətinə getdim. Stansiya qarşısında yığılan insanlar çaşqın vəziyyətdə idilər. Özüm də o vəziyyətdə olduğum üçün tez toparlanıb insanları stansiyaya dəvət etdim və sakitləşdirməyə çalışdım. "Metroya heç bir hərbi qüvvə daxil ola bilməz",-deyə təsəlli verdim. Yaralılara kömək edir, aşağıya endirib, qayıdır və yenidən digər yaralıları endirirdim".

Şahid hesab edir ki, həmin gün metropoliten işləməsə idi, bəlkə də, daha çox itki olardı: "Metropoliten işçiləri çox insanı xilas etdi. Bəzən həmin anları dilə gətirmək çətin olur . Üzərindən illər keçməsinə baxmayaq hələ də həmin kadrlar demək olar ki, hər gün gözümün qarşısından keçir. Səhərə yaxın özümdə yorğunluq hiss etdim. Evə getmək üçün metrodan çıxarkən bir anda dayandım. Vicdanıma sığışdıra bilmədim. İnsanları bu vəziyyətdə qoya bilməzdim. Geri qayıdanda isə artıq hər yer al qanın içərisində idi. Bəzi yerlərdə hətta qərənfillər düzülmüşdü. Məlumat aldım ki, insanlar artıq prezident aparatının qarşısına yığılır".
M.Abbasov həmin 20 yanvar şəhidlərinin, bu günkü müstəqil Azərbaycanın ilk bünövrəsini qoyduğlarına görə, qürur duyduğunu bildirib: "Biz daim onların qarşısında baş əyməliyik. Onlar suveren dövlətimizin qurucularındandır. İnsanlar heç vaxt şəhidlərimizi unutmasınlar".
Belə bir vəziyyətdə deyə bilərik ki, 20 Yanvar gecəsi Metropoliten işçilərimiz qorxuya baxmayaraq neçə-neçə insanı evinə çatdıran, həyatlarını xilas etmələrinə yardım edən əsl qəhrəmanlar olublar.
Neçə günahsız insan boyandı qana,
Zalımlar zülm etdi, məzluma cana.
Matəm əks olundu Azərbaycana
Bu tarix yazıldı, bəd Qara Yanvar….
Yollar qan iziylə, qırmızı, aldı,
Güllələr susmadı, canları aldı.
Allahım, bu necə, dəhşətli haldı?
Silinməz yazıldı, bəd Qara Yanvar.
Ana fəryadına dözmədi göylər,
Buludlar ağladı, ürəklər inlər,
Fərizə İlhamla, güllə yedilər,
Vağzalı çalındı , bəd Qara Yanvar…
Baxmadı qocaya, cavana yağı,
Cəkdi iyirmisi bizə bu dağı ,
Kərbəla canlandı, həmən o anı,
Yaşatdı millətə bəd, Qara Yanvar…
Keşkə yetişəydi həmin an ağam,
Zühur edib gələ İmami Zaman,
Zalıma verməzdi, heç zaman aman,
Olardı düşmənə bəd,Qara Yanvar.
Fatimə Məmmədova
00:05 20.01.2026
Oxunuş sayı: 1497