“Ölüləri dirildən” texnologiya? – Qəbir daşlarında yeni trend
Bəzən insanlar yaxınlarının vəfatından sonra onların xatirəsini daha canlı saxlamaq istəyirlər. Bu məqsədlə qəbir üzərindəki şəkilləri xüsusi proqramlar vasitəsilə canlandırırlar, sanki mərhum ayağa qalxır.
Belə texnologiyalar cəmiyyətdə maraq doğurur, amma eyni zamanda, müəyyən müzakirələr də yaradır. İnsanlar bu cür tədbirlərlə mərhumlara hörmət göstərmək istəyirlər, lakin bunun psixoloji və sosial təsirləri barədə fərqli fikirlər mövcuddur.
Qəbirdəki vizual dəyişikliklər, adətlərin dəyişməsi və texnologiyanın bu sahəyə daxil olması yeni bir sosial fenomen kimi diqqət çəkir.
Bu mövzu ilə bağlı Crossmedia.az-a danışan sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov vurğulayıb ki, bu gün dini dəyərlər sahəsində, ümumiyyətlə, ictimaiyyət arasında müxtəlif adətlər mövcuddur:

"Azərbaycan cəmiyyətinin keçmiş tarixinə nəzər salsaq və məzarlara bir ekskursiya etsək, görərik ki, orada məzarlar daş parçasından çox sadə bir şəkildə qoyulub. Düzdür, o məzarların hətta müəyyən dövrlərdə heç üstlərinə adlar da yazılmırdı. Yalnız insanlar, onun yaxınları bilirdilər ki, bu baş daşı kimi nəzərdə tutulub.
Hətta adlar belə orada qeyd olunmurdu. Söhbət XIX əsrin sonu, XX əsrin əvvəllərinə gedir. Orada ərəbcə hansısa dini söz yazılırdı, ancaq mərhumun adı qeyd olunmurdu.
Sonrakı dövrdə rast gəldik ki, artıq başdaşlarının məsələsinə diqqət yetirilirdi. Qəbrin üstü torpaqla örtülürdü, başdaşı isə mərhumun yaxınlarının yeri tanıması üçün qoyulurdu.
Sovetlər dönəmində, qəbr üstü götürülürdü, başdaşı qoyulsa da, yalnız adı sadə bir şəkildə yazılırdı. Daha çox bu kimi şəkillərin qoyulması məsələsi müəyyən titulu olan insanlar arasında, xüsusən şəhər yerlərində geniş yayıldı. Şəhər ətrafı, kəndləri nəzərdə tutmuram. Bu hal şəhərlərdə özünü göstərməyə başladı və şəkillər də artıq qoyulurdu".
Sosioloqun dediklərinə əsasən, adətlər XX əsrin sonu kənd və rayon yerlərində də genişlənməyə başladı:
"Bu zaman şəkillər qısa və xırda şəkildə qoyulurdu. XX əsrin sonunda bu kütləvi dəyişiklər başladı.
Tam tərəfli məzarlar, müxtəlif proqramlarda qəbirdaşlarının canlandırılması məsələləri, bugün çox geniş və yayılmış bir forma alıb. Bu cür hallar cəmiyyətdə adət halını alması və təkrarlanması heç də yaxşı hal deyil. Bu bir tərəfdən dini dəyərlər baxımından düzgün deyil. İkinci tərəfdən isə, milli mənəvi dəyərlərin qorunub saxlanması aspektindən götürdükdə, yenə də ziddiyyət təşkil edir.
Qeyd etmək lazımdır ki, insanlar bəzən bu sahədə sanki yarışa giriblər. Toy adətlərində təmtaraqla yarış olduğu kimi, cəmiyyətin müəyyən strukturunda da bu hallar insanlar arasında bir yarışa çevrilir. İnsanlar var ki, sosial baxımdan imkanı olmamasına baxmayaraq, borc götürüb bu məsələləri təmtaraqlı şəkildə məzarlar üçün düzəldirlər. Bəzən insanlar özlərini ətraf-qohum və ya digər insanlar arasında nüfuz sahibi kimi göstərmək istəyi ilə bu təmtaraqı düzəldirlər. Bu, sırf psixoloji bir tendensiyadır".
H.İbrahimovun fikrincə, bu tam olaraq dini tendensiya deyil:
" Bu, sırf psixoloji hadisədir. Psixoloji hadisənin effekti qrup daxilində özünü tanıtmaq, göstərmək və öz mənini digər mənlərdən ayırmaq, bütünlükdə isə radikal sosial psixoloji hadisədir. Bu baxımdan, insanların bu istiqamətdə din xadimləri, axundlar, müxtəlif məclislərdə, mərasimlər zamanı insanlarla söhbət etdikdə, auditoriyalarda daha çox iştirak edirlər.
Ona görə də, bu məsələlərdə cəmiyyətdə marifçilik işi görülməlidir. Mərhumun hər hansı bir təmtaraqlı məsələsinin olması olduqca mənfi tendensiyadır. Bütünlükdə isə cəmiyyətin mikrostrukturunda yaxşı olmayan əhval-ruhiyyələr yaradır.
Buna görə də, onun aradan qaldırılması üçün cəmiyyətin müəyyən təsir mexanizmləri olmalıdır".
Fatimə Məmmədova
13:27 16.03.2026
Oxunuş sayı: 83