Məhəmməd Rza Pəhləvi dövrü: Modernləşmə pərdəsi arxasında qurulan qorxu imperiyası
İranda son günlər baş verən iğtişaşlar ölkəni yenidən böyük gərginlik vəziyyətinə salıb. Ali dini lider Ayətullah Seyid Əli Xamenei tərəfindən bildirildiyi kimi, etirazlar nəticəsində minlərlə insan həyatını itirib, 250-dən çox məscid və təhsil müəssisəsi dağıdılıb, dövlət əmlakına ciddi zərər dəyib. İqtisadi problemlər rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və yüksək inflyasiya etirazların əsas səbəblərindən biri kimi göstərilir.
Hazırkı ixtişaşlar yalnız indiki idarəetmənin nəticəsi deyil. Bu hadisələr köklərini uzun illər əvvəl, Məhəmməd Rza Pəhləvinin amansız və repressiv siyasətindən götürə bilər. 1941–1979-cu illər arasında qurulan qorxu və zorakılıq sistemləri, SAVAK-ın terroru və xalqdan uzaqlaşmış avtoritar idarəetmə cəmiyyətdə dərin izlər buraxıb. Xamenei dövründə baş verən hadisələr bəlkə də Pəhləvi şahın dövründə formalaşmış bir cəmiyyətin nəticəsidir. Uzun illər qorxu və repressiya altında yaşayan bir xalqın qarşıdurmaya çevrilmiş etiraz enerjisi.
Bu kontekstdə Məhəmməd Rza Pəhləvinin dövründə qurulan avtoritar sistemin və onun yaratdığı sosial-siyasi çatışmazlıqların İran cəmiyyətinin bugünkü vəziyyətinə necə təsir etdiyi araşdırılır.
İran tarixində XX əsrin ən ziddiyyətli və ən mübahisəli fiqurlarından biri Məhəmməd Rza Pəhləvidir. 1941–1979-cu illər arasında İran taxtında oturan şah, özünü Qərb standartlarına uyğunlaşdıran islahatçı lider kimi təqdim etsə də, reallıq tamamilə fərqli idi. Onun hakimiyyəti dövründə qurulan siyasi sistem mahiyyət etibarilə avtoritar, repressiv və xalq üçün dağıdıcı idi.
Pəhləvi rejimi zahirən tərəqqi və modernləşmə vəd etsə də, bu prosesin əsas dayağı qorxu, zorakılıq və insan hüquqlarının sistemli şəkildə pozulması idi. Bu dövr İran cəmiyyətində dərin qırılmalara səbəb oldu, sosial təbəqələr arasında uçurumları genişləndirdi və siyasi plüralizmə, demokratiya ideallarına ağır zərbələr vurdu.
Qeyd edək ki, bu məsələ Məhəmməd Rza Pəhləvinin hakimiyyətə gəlişindən devrilməsinə qədər keçdiyi yolu, yaratdığı repressiv mexanizmləri, siyasi müxalifətə qarşı tətbiq edilən amansız metodları, iqtisadi və sosial ədalətsizliyi və nəhayət, 1979-cu il İslam İnqilabına aparan səbəbləri əhatə edir.

Xarici dayaqlar üzərində qurulan hakimiyyət
Məhəmməd Rza Pəhləvi taxta xalq iradəsi nəticəsində deyil, beynəlxalq geosiyasi maraqların kəsişməsində gəldi. Atası Rza Şahın 1941-ci ildə SSRİ və Böyük Britaniya tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından sonra, cəmi 22 yaşında taxta çıxan gənc şah, ilk gündən xarici güclərə bağlı bir lider kimi formalaşdı.
İkinci Dünya Müharibəsindən sonra İran ABŞ və Böyük Britaniyanın Yaxın Şərq strategiyasında əsas dayaq nöqtələrindən birinə çevrildi. Bu asılılıq şahın legitimliyini zəiflədir, onu xalqdan daha da uzaqlaşdırırdı. Rejim üçün legitimlik xalq dəstəyi deyil, xarici dəstək və qorxu üzərində qurulmuşdu. Bu, həm də Pəhləvinin idarəetməsində siyasi qərarların əsasən Qərb maraqlarına uyğunlaşmasını şərtləndirdi.
SAVAK: Dövlət terrorunun institusional forması
1957-ci ildə yaradılan SAVAK (İran Dövlət Təhlükəsizlik Təşkilatı) qısa müddətdə Yaxın Şərqin ən qəddar gizli polis strukturlarından birinə çevrildi. Bu qurum yalnız dövlətin təhlükəsizliyini qorumaq məqsədilə fəaliyyət göstərmirdi; onun əsas funksiyası siyasi opponentləri izləmək, zərərsizləşdirmək və cəmiyyətdə qorxu yaratmaq idi.
SAVAK tərəfindən tətbiq edilən işgəncə metodları həm fiziki, həm də psixoloji sındırma üzərində qurulmuşdu:
Uzunmüddətli yuxusuzluq,
elektrik cərəyanı ilə işgəncə,
fiziki zorakılıq və döyülmə,
psixoloji sındırma və ailə üzvləri ilə hədələmə, həbsdə və məhkəmədə qanunsuz və qeyri-insani prosedurlar.
Minlərlə jurnalist, müəllim, tələbə və sadə vətəndaş "rejim əleyhinə fəaliyyət" adı altında həbs edildi. Bu, yalnız fərdi repressiya deyildi; cəmiyyətin bütün təbəqələrinə mesaj göndərilirdi: "Fərqli düşünən hər kəs cəzalanacaq".
Demokratiyanın məhv edilməsi: 1953-cü il çevrilişi
Pəhləvi rejiminin avtoritar mahiyyəti 1953-cü ildə baş verən çevrilişlə tam açıq şəkildə üzə çıxdı. Demokratik yolla hakimiyyətə gəlmiş baş nazir Məhəmməd Musəddiqin neft sənayesini milliləşdirməsi Qərb dövlətlərinin maraqlarına zidd idi.
ABŞ və Böyük Britaniyanın kəşfiyyat orqanları tərəfindən təşkil olunan çevriliş nəticəsində Musəddiq devrildi və Pəhləvi mütləq hakimiyyətə sahib oldu. Bu hadisə İranda demokratiya ümidlərinin faktiki sonu oldu; parlament formal quruma çevrildi, seçkilər isə simvolik xarakter daşıdı.
Bu proses göstərdi ki, Pəhləvi üçün siyasi güc xalqdan deyil, qorxu və xarici dəstək vasitəsilə qorunmalıydı.
Təkpartiyalı sistem və məcburi itaət
1970-ci illərdə şah siyasi sistemdə son nöqtəni qoydu. Bütün partiyalar ləğv edildi və yalnız Rəstaxiz Partiyası fəaliyyət göstərməyə başladı. Dövlət məmurları, ziyalılar, sahibkarlar bu partiyaya üzv olmağa məcbur edilirdi.
Bu addım siyasi həyatın tam iflici idi: fikir plüralizmi yoxa çıxdı, mətbuat senzura altına alındı, tənqid xəyanət kimi qiymətləndirildi. Pəhləvi üçün sədaqət bacarıqdan, itaət isə peşəkarlıqdan üstün tutulurdu.
“Ağ İnqilab”: uğursuz islahatlar
1963-cü ildə elan edilən “Ağ İnqilab” torpaq islahatları və sosial yeniliklər paketi kimi təqdim olunsa da, real nəticələr fərqli oldu. Torpaq bölgüsü kəndlilərin sosial vəziyyətini yaxşılaşdırmadı, əksinə, milyonlarla insan iş tapmaq ümidi ilə şəhərlərə axışdı.
Neftdən əldə edilən nəhəng gəlirlər isə sosial rifah üçün deyil, silahlanmaya, şahın şəxsi ambisiyalarına və saray həyatının təmtəraqlı xərclərinə yönəldildi. Bahalı mərasimlər və 2,500 illik monarxiyanın təntənəli qeyd olunması yoxsul əhali üçün açıq təhqirə çevrildi.
İqtisadi və sosial ədalətsizlik
1970-ci illərin sonuna doğru İran cəmiyyətində narazılıq kritik həddə çatdı. Zənginlərlə kasıblar arasındakı uçurum, korrupsiya, rüşvət, məmur özbaşınalığı və mənəvi aşınma Pəhləvi rejiminə olan inamı tamamilə məhv etdi. Etirazlar yalnız dini dairələrlə məhdudlaşmırdı. Tələbələr, işçilər, ziyalılar və hətta ordunun aşağı rütbəli əsgərləri xalqın tərəfinə keçirdi. SAVAK və ordu artıq prosesi nəzarətdə saxlaya bilmirdi.

Qaçılmaz son və tənha şah
Pəhləvi ən böyük səhvini xalqına deyil, xarici havadarlarına güvənməklə etdi. 1978-ci ildə vəziyyət kritik həddə çatanda ABŞ belə şahın hakimiyyətdə qalmasının mümkünsüz olduğunu anladı.
1979-cu ildə xalqın qətiyyətli etirazları nəticəsində Pəhləvi ölkəni tərk etdi. Bir zamanlar regionun ən güclü liderlərindən biri olan şah, 1980-ci ildə Qahirədə tənha və xəstə halda dünyasını dəyişdi.
Məhəmməd Rza Pəhləvi dövrü İran tarixində modernləşmə adı altında qurulan avtoritarizmin klassik nümunəsidir. Repressiya, qorxu, zorakılıq və xalqdan uzaqlaşma bu rejimin əsas sütunları idi.
SAVAK-ın terroru, siyasi müxalifətin sistemli məhv edilməsi, iqtisadi və sosial ədalətsizlik, mədəni yadlaşma və təkpartiyalı sistem 1979-cu il İslam İnqilabını qaçılmaz etdi. Pəhləvi rejimi sübut etdi ki, silah və xarici dəstək xalqın iradəsini əbədi susdura bilməz, və ədalətsizlik üzərində qurulan hakimiyyət nə qədər uzunömürlü olursa olsun, nəticədə xalq tərəfindən sarsıdılır.
Fatimə Məmmədova
09:30 19.01.2026
Oxunuş sayı: 1258