Demokratiya pərdəsi altında zorakılıq: ABŞ-də miqrantları belə öldürürlər
ABŞ-də Minnepolisdə miqrantlar və sığınacaq axtaranlar tez-tez pis saxlanma şəraiti ilə üzləşir, ailələr ayrı düşür və bəzən hüquq-mühafizə orqanları həddindən artıq güc tətbiq edir. Beynəlxalq təşkilatlar bu halları insan hüquqlarının pozulması kimi qiymətləndirir.
Xüsusilə sərhəddə sığınacaq istəyənlərin geri qaytarılması, uzun müddət saxlanması və hüquqi yardıma çıxışın məhdud olması narahatlıq yaradır.
Son həftələr Minneapolisdə federal immiqrasiya məmurunun bir qadını öldürməsi etirazlara səbəb olub. Prezident Donald Tramp bölgəyə qoşun göndərə biləcəyini deyib, yerli rəsmilər isə federal orqanlarla razılaşmır.
Bu hadisələr ABŞ-də miqrantlara qarşı hüquqi boşluqların və problemlərin nə qədər ciddi olduğunu göstərir. Qeyd edək ki, hadisə Minneapolisdə əməliyyat zamanı baş verib. Belə ki, Rene Nikol Qud adlı 37 yaşlı qadın zabitlərə qarşı təhlükə yaratdığı iddia edilən vəziyyət zamanı immiqrasiya məmuru tərəfindən güllələnib. Federal qurumlar isə bunu özünümüdafiə kimi təqdim ediblər.
Bu barədə Crossmedia.az-a açıqlamasında hüquq elmləri doktoru Vüsalə Əhmədova ABŞ-də miqrantlara qarşı zorakılıq və qeyri-insani rəftar iddialarının hüquqi nəticələrinin əsasən, ölkənin daxili qanunvericiliyi çərçivəsində və beynəlxalq hüquq normaları əsasında qiymətləndirilə biləcəyəni deyib:
"Baş verənləri xüsusilə, insan hüquqları, qaçqın hüququ və beynəlxalq adət hüququ normalarının mümkün pozulması ilə əlaqələndirmək olar. Lakin, beynəlxalq humanitar hüquq yalnız silahlı münaqişələr zamanı və münaqişə gedən dövlətlərin ərazisində tətbiq edildiyi üçün, BHH prinsiplərinin pozulmasından söhbət gedə bilməz. Həmçinin də, daxili iğtişaşlar, kütləvi etirazlar aksiyaları, miqrasiya nəzarəti və sərhəd təhlükəsizliyi əməliyyatları zamanı BHH tətbiq edilmir. Miqrantlara qarşı pis rəftar iddiaları ilə bağlı, insan hüquqları sahəsində BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası"nın (UNCAT) və "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt"ın (ICCPR) əsas prinsiplərinin pozulduğunu söyləyə bilərik. Eləcə də, qaçqınların hüquqlarını tənzimləyən 1951-ci il tarixli "Qaçqınların statusu haqqında Konvensiya" və 1967-ci il tarixli Protokolunun, sığınacaq axtaran şəxslərin təhlükə olan ölkələrə geri qaytarılması qadağası, ayrı-seçkiliyin yolverilməzliyi, dini etiqad azadlığı, yaşayışın fasiləsizliyi və bir sıra başqa müddəalarının pozulduğundan bəhs etmək olar".

Mütəxəssis bildirib ki, praktikada ABŞ-də ən ciddi nəticələr federal məhkəmə qərarları və kompensasiyalar vasitəsilə əldə edilir:
"Daha dəqiq ifadə etsək, ABŞ beynəlxalq mexanizmlərdən daha çox daxili hüquqi nəzarətə açıqdır. Miqrantlar və ya onların təmsilçiləri federal məhkəmələrdə iddia qaldıra bilərlər. Məsələn, saxlanma mərkəzlərində pis şərait ilə bağlı iddialar, xüsusilə də, 2020-ci illərdə COVID-19 zamanı Stewart saxlama mərkəzindəki ölüm halları məhkəmələrdə araşdırılmışdı. Bu iddialar tez-tez "Flores Müqaviləsi" (1997) əsasında aparılır, hansı ki, azyaşlı miqrantların saxlanma şəraitini tənzimləyir. Ailələrin ayrılması ilə bağlı artıq presedentlər mövcuddur. Beynəlxalq hüquqi məsuliyyətə gəlincə, burada real mexanizmlər xeyli məhduddur. İşgəncələrə qarşı Komitə (CAT Committee), İnsan hüquqları Komitəsi (Human Rights Committee-HRC) və Qaçqınlar üzrə Ali Komissarlıq (UNHCR) kimi BMT-nin müqavilə əsaslı nəzarət orqanları var ki, bu orqanlar tövsiyə xarakterli qərarlar qəbul edirlər. Bu qərarların nə sanksiya gücü, nə də icra mexanizmi yoxdur. Yəni, ABŞ tövsiyələri icra etməyə hüquqi cəhətdən məcbur edilmir. Fərdi şəxslərin müraciət edə biləcəyi və yeganə sanksiya gücü olan qərarlar qəbul edən orqan Beynəlxalq Cinayət Məhkəməsidir (ICC). Burada da önəmli bir nüans var ki, ABŞ Roma Statutuna qoşulmadığından BCM-nin normal yurisdiksiyası ABŞ vətəndaşlarına və ya ABŞ ərazisində törədilən cinayətlərə şamil olunmur. Teorik olaraq, bəzi dövlətlər işgəncə kimi ağır cinayətlər üzrə universal yurisdiksiya tətbiq edə bilər. Amma praktikada, ABŞ rəsmilərinə qarşı bu mexanizmin işləməsi siyasi və diplomatik səbəblərlə real deyil".
V. Əhmədova həmçinin, qeyd edib ki, hüquqi mexanizmlərin zəif olması səbəbindən məsələ siyasi qərarlar, ictimai təzyiq və etik müzakirələr vasitəsilə həll oluna bilər:
"Etik səviyyədə məsələ daha çox ictimai rəy, media və QHT-lər vasitəsilə həllini tapır. Belə ki, ACLU (American Civil Liberties Union), Amnesty International, Human Rights Watch və USCRI (U.S. Committee for Refugees and Immigrants) kimi təşkilatlar mütəmadi saxlanma mərkəzlərində fiziki və seksual zorakılıq hallarını sənədləşdirir və kifayət qədər ictimai kampaniyalar aparır. Nəzərdən qaçırmaq olmaz ki, ABŞ uzun illər beynəlxalq arenada özünü insan hüquqlarının qlobal müdafiəçisi, demokratik dəyərlərin daşıyıcısı, hüququn aliliyinin tərəfdarı kimi təqdim edib. Miqrantlarla bağlı bütün yol verilən qanunsuzluqlar sözsüz ki, ABŞ-ın insan hüquqları müdafiəçisinin imicinə zərbə vurur, digər dövlətlərin tənqidlərinə legitimlik qazandırır. Nəticədə də, avtoritar və ya problemli insan hüquqları reputasiyası olan dövlətlər ABŞ tənqidlərinə qarşı daha rahat müdafiə mövqeyi tutur. Bu zərbə əlbətdə ki, birbaşa hüquqi sanksiya yaratmır və ya beynəlxalq məhkəmə məsuliyyəti doğurmur, lakin, ABŞ-nin siyasi gücünü zəiflədir, beynəlxalq hüquq normalarını təşviq etmək imkanını azaldır".
Fatimə Məmmədova
11:06 17.01.2026
Oxunuş sayı: 3250