Tramp Avropanı təhdid edir, NATO-nu parçalayır- Bu oyuna son qoyan olacaq?
ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi NATO-nun qərargahında nazirlər toplantısı başlamazdan əvvəl bildirib ki, Avropa və ABŞ Şimali Atlantika Alyansı çərçivəsində tərəfdaşlığa əsaslanan NATO-nun yeni versiyasını – "NATO 3.0"ı yaratmalıdır.
"2025-ci ildə ABŞ Prezidenti Donald Trampın və NATO Baş katibi Mark Ruttenin liderliyi sayəsində yenidən qiymətləndirmə baş verib və Avropanın NATO-nun konvensional müdafiəsinə rəhbərlik etməsi ideyasına əsl səmimi sadiqlik yaranıb", - Kolbi deyib.
O qeyd edib ki, bu proses müəyyən mənada "NATO 1.0"a – diqqətini müdafiə və çəkindirməyə yönəldən ciddi Alyansa əsl qayıdışdır.
"Bizim birgə tərəfdaşlıq işi üçün həqiqətən sarsılmaz əsasımız var, lakin NATO-nu asılılığa deyil, tərəfdaşlığa əsaslanan və NATO-nun ilkin təyinatına əsl qayıdış olan bir növ "NATO 3.0"-a çeviririk", - Elbric Kolbi əlavə edib.
Məlumdur ki, rəsmi Vaşinqtonun son zamanlar sərgilədiyi ritorika dünyada oyun qaydalarını dəyişir. Artıq ABŞ-nin NATO-dan çıxma ehtimalı müzakirə olunur. Bu, Alyansın parçalanmasına ciddi zəmin yarada bilər.
Belə bir vaxtda nazir müavininin səsləndirdiyi fikirlər diqqət çəkir.
Bu barədə Crossmedia.az-a danışan politoloq Samir Hümbətov söyləyib ki, Tramp açıq şəkildə Avropaya konkret şərt irəli sürüb:
![]()
"Tramp deyir ki, əgər Avropa NATO çərçivəsində Amerikanın təhlükəsizlik təminatından yararlanmaq istəyirsə, o zaman üzv dövlətlər müdafiə xərclərini artırmalı və ümumi daxili məhsulun təxminən 5 faizi həcmində vəsaiti NATO məqsədlərinə ayırmalıdırlar. Yəni hər bir ölkə öz büdcəsindən daha çox vəsaiti müdafiə sahəsinə yönəltməlidir.
Bu isə o deməkdir ki, NATO-nun maliyyə yükü artıq yalnız ABŞ-nin üzərində qalmayacaq, Avropa dövlətlərinin büdcələrindən ayrılan vəsaitlərin həcmi də ciddi şəkildə artacaq. Əslində, bundan sonra ABŞ-nin NATO-nun yeni konsepsiyası üzərində işləyərək Avropanın təhlükəsizlik çətirini daha da möhkəmləndirməsi ehtimalı gündəmə gələ bilər".
Politoloq əlavə edib ki, Tramp konkret olaraq Avropaya seçim təqdim edir: "O deyir ki, əgər transatlantik ittifaqın qorunub saxlanılmasını istəyirsinizsə, bunun maliyyə məsuliyyətini də bölüşməlisiniz və bu, təbii olaraq güc balansına təsir göstərir, Qərb daxilində imkanların yenidən bölüşdürülməsinə səbəb olur. Əks halda isə Qərb dünyasında ABŞ və Avropa arasında parçalanma prosesinin sürətlənməsi ehtimalı yaranır ki, bu da kifayət qədər ciddi məsələdir. Belə bir ssenari gələcəkdə Rusiyanın və Çinin Avropaya təsir imkanlarının daha da artmasına şərait yarada bilər".
Nigar Yahyazadə
16:28 14.02.2026
Oxunuş sayı: 573