ABŞ-İran xəttində gərginlik: "Yaxın həftələrdə..."
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Cenevrədə aparılan danışıqların həlledici mərhələyə çatdığını bəyan edərək İranın nüvə materiallarının böyük hissəsinin hələ də yerində qaldığını və hərbi eskalasiya riskinin real olduğunu vurğulayıb. Bu açıqlama fonunda uranın zənginləşdirilməsinin məhdudlaşdırılması və sanksiyaların dondurulması ilə bağlı mümkün razılaşma regional və qlobal təhlükəsizlik baxımından ciddi müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin fikrincə, formalaşmış vəziyyət göstərir ki, qlobal siyasətdə söz sahibi olan dövlətlər və aparıcı siyasi liderlər İranın nüvə potensialına malik olmasını qətiyyən istəmirlər və bu səbəbdən Tehran üzərində ciddi təzyiq mexanizmləri tətbiq edilir. Onun sözlərinə görə, proses faktiki olaraq İranın nüvə proqramından məhrum edilməsinə qədər davam edə bilər:

"Son dövrlərdə ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilən açıqlamalarda da ciddi xəbərdarlıq mesajları yer alır və bildirilir ki, əgər İran nüvə proqramından imtina etməz və ABŞ ilə danışıqlarda anlaşma əldə olunmazsa, daha sərt addımların atılması istisna deyil. Hətta Vaşinqtonun ən sərt hərbi variantlara hazır olduğu barədə eyhamlar verilib".
Onun fikrincə, bu mesajlar Yaxın Şərqdə hərbi eskalasiyanın artıq savaş həddinə qədər yaxınlaşdığını göstərir: "Region üçün təhlükəsizlik faktoru olduqca kövrək vəziyyətdədir və situasiya hər an hərbi toqquşmalara keçə bilər. ABŞ-nin İran ətrafına hərbi qüvvə toplaması da mümkün qarşıdurma ehtimalının real olduğunu göstərir. Hazırda prosesin taleyi birbaşa danışıqlar masasındakı nəticələrdən asılıdır. Əgər ABŞ və İran arasında razılaşma əldə olunarsa, dünya yeni və dağıdıcı bir müharibə təhlükəsindən yayınmış olacaq. Lakin anlaşma baş tutmazsa, hərbi eskalasiyanın daha da yüksəlməsi ehtimalı artacaq və bu, həm Yaxın Şərq regionu, həm də İranla qonşu ölkələr üçün ciddi hərbi-siyasi və humanitar risklər yarada bilər".
E. Xalidbəyli əlavə edib ki, yaxın həftələr ərzində danışıqların pozitiv nəticə verməsi qlobal təhlükəsizlik baxımından ən optimal və arzuolunan ssenari kimi görünür.
Nigar Yahyazadə
16:43 21.02.2026
Oxunuş sayı: 586