İran "nuh" deyib, "peyğəmbər" demir: ABŞ-nin səbri tükənir
İranın xarici işlər naziri Abbas Araqçi tərəfindən İranın ABŞ ilə mümkün saziş layihəsinin yaxın günlərdə hazırlanacağına dair açıqlama Vaşinqton–Tehran xəttində diplomatik proseslərin yeni mərhələyə keçə biləcəyini göstərir. Uzun müddətdir gərginlik, qarşılıqlı ittihamlar və sanksiyalar fonunda davam edən münasibətlərdə belə bir sənədin hazırlanması tərəflərin ən azı ilkin razılaşma axtarışında olduqlarına işarə kimi qiymətləndirilir.
Bununla yanaşı, əsas suallar açıq qalır: yekun saziş üzrə real razılığa gəlmək nə dərəcədə mümkündür, tərəflər arasındakı fundamental fikir ayrılıqları hansı səviyyədə aradan qaldırıla bilər və prosesin uğurla nəticələnməsi üçün həm İran, həm də ABŞ hansı konkret addımları atmalıdır. Bu məqamlar danışıqların perspektivini müəyyən edən əsas faktorlar kimi diqqət mərkəzindədir.
Mövzu ilə bağlı politoloq, professor Əlimusa İbrahimov Crossmedia.az-a açıqlama verib:
"Şübhəsiz ki, Səudiyyə Ərəbistanı və İran tərəfi ABŞ ilə İran arasında mümkün müqavilənin imzalanması və ya razılığın əldə olunması məsələsində müəyyən nikbinlik nümayiş etdirirdi. Bu səbəbdən İran tərəfindən nikbin bəyanatlar səsləndirilir. İran hesab edir ki, ABŞ ilə razılığa gəlmək mümkündür və bu istiqamətdə addımlar atır. Hətta Səudiyyə Ərəbistanının bəyanatları da tərəflərin ABŞ ilə razılaşmaya yaxınlaşa biləcəyini göstərir.

Lakin əsas sual ABŞ-nin bu məsələyə münasibətinin necə olmasıdır. ABŞ tərəfindən verilən bəyanatlar İranın nikbin açıqlamaları qədər müsbət və ümidverici səslənmir. ABŞ-da müəyyən siyasi dairələr hesab edir ki, İranla müharibə ehtimalı artmaqdadır və verilmiş müddətlər başa çatdıqdan sonra hərbi ssenari gündəmə gələ bilər. Bildiyimiz kimi, Donald Tramp İranla bağlı müxtəlif müddətlər – həftəlik, on günlük və daha qısa zaman çərçivələri – müəyyən etmişdi və bu müddətlərin bitməsi ilə mümkün hərbi addımlar barədə ehtimallar səsləndirilir".
Politoloq əlavə edib ki, bu baxımdan İran tərəfinin nikbin mövqeyi müqavilənin mütləq imzalanacağı anlamına gəlmir: "Əsas məsələ odur ki, bu cür müsbət və ya nikbin bəyanatlar ABŞ tərəfindən eyni səviyyədə səsləndirilmir. Digər tərəfdən, ABŞ regionda hərbi mövcudluğunu artırmağa davam edir və Trampın ifadəsi ilə desək, hərbi armadanın Yaxın Şərqə cəmləşdirilməsi prosesi müşahidə olunur. Mütəxəssislər hesab edir ki, belə miqyaslı hərbi yerləşdirmənin müəyyən məqsədi var. Hətta bəzi qiymətləndirmələrə görə, ABŞ silahlı qüvvələrinin əhəmiyyətli hissəsinin regiona yönləndirilməsi nəzərdə tutula bilər.
Bununla yanaşı, bu addımların İranı qorxutmaq və təzyiq göstərmək məqsədi daşıması ehtimalı da istisna edilmir. Trampın əvvəlki siyasətində Venesuela, Türkiyə, Panama, Qrenlandiya və Kanada ilə bağlı məsələlərdə təzyiq alətlərindən istifadə etməsi fonunda, bu strategiyanın İranla münasibətlərdə də razılaşmaya nail olmaq üçün tətbiq olunduğu ehtimalı irəli sürülür.
Digər tərəfdən, İran danışıqlara hazır olduğunu və müəyyən güzəştlərə gedə biləcəyini bəyan edir. Lakin əsas mübahisə sahəsi nüvə proqramıdır. ABŞ-nin əsas tələbi İranın uranın zənginləşdirilməsi fəaliyyətinin tam dayandırılması, yəni “sıfır zənginləşdirmə” variantının qəbul edilməsidir. İran isə bu tələbi qəbul etmir və ən azı aşağı səviyyədə uranın zənginləşdirilməsi hüququnun saxlanılmasını istəyir.
Bu səbəbdən tərəflər arasında iki mümkün ssenari görünür: ya ABŞ müəyyən güzəştə gedərək İranın aşağı səviyyədə uran zənginləşdirməsinə icazə verə bilər, ya da İran zənginləşdirmədən tam imtina etməli olacaq. Bununla belə, məsələ yalnız nüvə proqramı ilə məhdudlaşmır. İsrail əlavə tələblər irəli sürür və ABŞ-dən bu tələblərin də danışıqlara daxil edilməsini istəyir. Bu tələblər ballistik raket proqramının məhdudlaşdırılması, proksi qüvvələrin silahsızlaşdırılması və digər regional təhlükəsizlik məsələlərini əhatə edir.
Əgər danışıqlar yalnız ABŞ və İran arasında nüvə proqramı ilə bağlı aparılarsa, müəyyən razılığın əldə olunması mümkündür. Lakin İsrailin tələbləri də ABŞ tərəfindən danışıqların şərti kimi irəli sürülərsə, razılaşma ehtimalı xeyli azalır. Bu halda gərginliyin artması və hətta İran əleyhinə hərbi ssenarinin gündəmə gəlməsi ehtimalı da istisna edilmir".
Ayhan
16:28 21.02.2026
Oxunuş sayı: 525