ABŞ dünya neftinin 70 faizinə sahib ola bilər- Proqnoz
Müasir beynəlxalq münasibətlər sistemində enerji resursları, xüsusilə neft amili, böyük dövlətlərin xarici siyasətində həlledici mövqe tutur. Qlobal geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyi təkcə iqtisadi məsələ deyil, həm də strateji və siyasi təsir alətidir. Bu baxımdan Yaxın Şərq regionu uzun illərdir ki, dünya güclərinin diqqət mərkəzində dayanır və burada baş verən proseslər qlobal güc balansına birbaşa təsir göstərir.
Dövlətlərin enerji üzərində nəzarət uğrunda apardığı siyasət, həm regional sabitlik, həm də beynəlxalq iqtisadi münasibətlər kontekstində xüsusi əhəmiyyət kəsb edir. Bu reallıq fonunda böyük güclərin maraqları, regional aktorların mövqeyi və enerji bazarının idarə olunması məsələləri qlobal siyasətin əsas istiqamətlərindən biri kimi formalaşır.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son vaxtlar İran müxtəlif məzmunlu təkliflərlə çıxış edir; məsələn, neft sahəsində əməkdaşlıq və müəyyən paylaşımlar barədə fikirlər səsləndirilir. Bu kimi bəyanatlar geosiyasi kontekstdə qiymətləndirilməlidir. Mənim qənaətimə görə, ABŞ-nin Yaxın Şərq siyasətində əsas maraqlardan biri enerji resursları, xüsusilə də neft faktorudur. Bununla yanaşı, regionda strateji müttəfiqlərin, o cümlədən İsrailin təhlükəsizliyinin təmin edilməsi də mühüm prioritetlər sırasındadır. Eyni zamanda, ABŞ qlobal enerji bazarında sabit qiymət mühitinin qorunmasına təqribi desək 55 dollar civarında qiyməti saxlamağa çalışır. Yəni neftin qiymətinin kəskin dalğalanmaması və müəyyən iqtisadi çərçivədə saxlanılması onun iqtisadi və siyasi maraqları ilə uzlaşır. Bu baxımdan, enerji resurslarına nəzarət yalnız iqtisadi deyil, həm də geosiyasi təsir vasitəsi kimi çıxış edir. Beləliklə, əgər İran da öz neft ixracını və istehsalını strateji şəkildə tənzimləyərsə, bu, dünya enerji bazarındakı qüvvələr balansına ciddi təsir göstərə bilər. Nəticə etibarilə, böyük dövlətlər regionda təsir imkanlarını artırmaq üçün bütün diplomatik, iqtisadi və siyasi vasitələrdən istifadə etməyə çalışırlar və bu, beynəlxalq münasibətlərin təbii reallıqlarından biri kimi dəyərləndirilir. Əgər ABŞ istədiklərini tam həyata keçirə bilsə, təqribən dünya neft bazarının 60-70 faizinə tam özü nəzarət etmiş olacaq".
Qeyd edək ki, bu və digər iqtisadi mövzu və təhlillər barəsində məlumat almaq istəyirsinizsə "Dünya iqtisadiyyatı və Azərbaycan" rublikasına keçid edə bilərsiniz.
Link: https://crossmedia.az/az/author/12
Elmir Heydərli
10:40 25.02.2026
Oxunuş sayı: 667