Akademik Milli Dram Teatrının səhnəsində zaman geri çəkildi və biz 1930-cu illərin o qaranlıq, nəfəs kəsən soyuqluğuna qayıtdıq. Sadəcə səhnə əsəri yox, tarixin qanayan yaddaşına güzgü tutan "Ah bu uzun sevda yolu" tamaşası gənc, həyat dolu, misraları ilə dünyanı qucaqlamaq istəyən bir şairin – Mikayıl Müşfiqin nakam taleyini canlandırır. Lakin bu şuxluğun arxasında addım-addım yaxınlaşan qaranlığın ayaq səsləri eşidilir. Müşfiqin dilindən tökülən "Budur mənim faciəmin anatomiyası" tamaşanın onurğa sütununu təşkil edir. Bu, sadəcə fiziki bir məhv deyil, dost xəyanəti, qələm yoldaşlarının amansızlığı və yaradıcı bir ruhun mənəvi qəfəsə salınmasının anatomiyasıdır.
Yazıçı Əli Əmirlinin qələmindən çıxan bu dram yalnız Mikayıl Müşfiqin son günlərini yox, bir millətin boğulmaq istənən səsini, məhv edilən ziyalı nəslini və qara yellərin sovurduğu ümidləri bizə çatdırdı.
Tamaşa Müşfiq və onun sadiq ömür-gün yoldaşı Dilbər Axundzadənin saf məhəbbəti üzərində qurulmuşdur. Müşfiqin coşqun və həyat dolu dünyasının günəşi Dilbərdir. Müşfiq üçün Dilbər sadəcə bir həyat yoldaşı deyil, onun yaradıcılığının ilham pərisi, hər kəsin ondan üz döndərdiyi anda tək sığınacağı idi. Onların toy günü səhnəyə hakim olan o işıqlı ab-hava, dostların dövrəsində oxunan və ruhumuzu oxşayan şeirlər bizə bir anlıq repressiyanın qaranlığını unutdurdu və itirdiklərimizin miqyasını daha aydın gördük.
Tamaşa boyu bu sevginin necə sınağa çəkildiyini görürük. Müşfiq hər tərəfdən sıxışdırılanda, dost bildikləri ondan üz döndərəndə onun yeganə sığınacağı Dilbərin şəfqəti idi.
Müşfiqdən sonra Dilbərin ruhən necə şamtək əridiyini izləmək tamaşaçını ən dərindən sarsıdan məqam idi. Tamaşada onun çəkdiyi iztirablar, o zərif qadının çiyinlərinə qoyulan ağır yük elə bir ustalıqla verilib ki, insan o dövrün amansızlığını iliklərində hiss edir. O, sadəcə "xalq düşməninin arvadı" kimi damğalanan bir qadın deyil, sevgisinin bədəlini zindanlarda, sorğu-suallarda ödəyən bir fədakarlıq simvolu kimi qarşımızda idi. Onun səhnədəki hər fəryadı, əslində 1937-ci ilin bütün repressiya qurbanı olan qadınlarının səsi idi. Müşfiqdən sonra artan psixoloji təzyiq sevib-seçdiyi insanın taleyindən xəbərsiz qalması bizə göstərdi ki, o dövrün "quyruqlu şeytanları" təkcə şairi deyil, onun ilham pərisini də "diri-diri basdırmışdılar".
"Bilmədilər ki, Dilbər də səninlə eyni vaxtda – 1938-ci ilin soyuq yanvar gecəsi, eyni saatda, eyni dəqiqədə öldü..."
Bu cümlə bir daha sübut etdi ki, Müşfiq tək ölməmişdi, onlar birlikdə əbədiyyətə qovuşmuşdu. Bu bir insanın yaşamaq ümidinin, qəlbinin və ruhunun tamamilə sönməsi, geridə qalan yaşayan ölüləri də necə məhv etdiyinin etirafı idi. Dilbər o gecədən sonra sadəcə Müşfiqin xatirəsini, o nakam, ölümsüz sevgini yaşatmaq üçün nəfəs alan "canlı abidəyə" çevrildi. Dilbər öz sevgisini qorumaq üçün o gecə öz ruhunu da qurban vermişdi. Onun Müşfiqə olan sadiqliyi naminə hər cür təhqir və təzyiqə sinə gərməsi sevginin ən uca zirvəsi idi.
Bu sevginin fonunda repressiyanın dəhşətli siması da boylanır. Tamaşanın ən sarsıdıcı tərəflərindən biri Müşfiqin "qələm dostları" tərəfindən məruz qaldığı düşmən münasibəti idi. Bir insanın qələmi ilə ucaltdığı dəyərlərin başqasının əlində ona qarşı silaha çevrilməsi səhnədəki gərginliyi pik həddə çatdırırdı. Şairin öz faciəsinin mənəvi yükü altında əzilməsi, lakin əyilməməsi tamaşaçıda həm kədər, həm də sonsuz bir ehtiram hissi oyatdı.
Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva və Ayşad Məmmədovun ustad ifaları bizi o dövrün mənəvi əzablarına ortaq etdi. Anar Heybətovun canlandırdığı Müşfiq obrazı, öz faciəsini dərk edən, lakin daxili azadlığını qoruyan insanın təsirli portreti idi.
Rejissor yozumu və aktyorların emosional çıxışları göstərdi ki, "Ah, bu uzun sevda yolu" təkcə ağrılı keçmişimizdən bəhs etmir, həm də bizə azadlığın, sözün və eşqin nə qədər ağır bədəllər qarşılığında qorunduğunu xatırladır. Pərdələr qapananda salonda hökm sürən o ağır sükut, hər bir tamaşaçının öz daxilində Müşfiqlə vidalaşması idi.
Bu əsər tarixin qaranlıq səhifələrində itənlərin ruhuna oxunan bədii duadır. Müşfiqin taleyi simvolikdir və onun susdurulan səsi, əslində, 1937-ci ildə zindan künclərində, sürgün yollarında məhv edilən minlərlə insanın ortaq fəryadıdır.