Latın Amerikası üçün "Lalə dövrü başlayır"?- ABŞ-nin növbəti hədəfinin adı açıqlandı
ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi narkoterrorizmdə ittiham edib.
Bildirikib ki, Maduro və xanımı tezliklə ABŞ məhkəməsi qarşısına çıxacaqlar.
ABŞ ilə Venesuela arasında uzun müddətdir davam edən gərginkin artıq "bıçağın sümüyə dirənmə" mərhələsinə gəldi. ABŞ-nin Venesueleya hərbi müdaxiləsi ilə Vaşinqtonun Latın Amerikası ölkələri üçün təhdidi artdı.

Politoloq Əhəd Məmmədli baş verənlər barədə Crossmedia.az-a danışıb.
" Prosealərin Venesuelanın yenidən ABŞ-nin imperialist siyasətinin hədəfinə çevrilməsi ilə nəticələnəcəyi gözləniləndir. Postsovet məkanında Rusiya necə imperialist güc kimi tanınırsa, Latın Amerikasında da bu rolu ABŞ oynayır.
Postsovet ölkələri Rusiya qarşısında müstəqil siyasət yürütməyə cəhd edən kimi, Kreml hərbi müdaxilələrə, çevriliş ssenarilərinə və təzyiq mexanizmlərinə əl atır. Eyni yanaşmanı Latın Amerikasında ABŞ tətbiq edir. Hansı ölkə Vaşinqtonun siyasi kursuna qarşı çıxırsa, dərhal “demokratiya”, “insan haqları” pərdəsi altında müdaxilə gündəmə gəlir.
Venesuelada baş verənlər bunun bariz nümunəsidir. Bu, 1989-cu ildə Panamada həyata keçirilən əməliyyatın demək olar ki, eyni ssenarisidir. O dövrdə də Panama lideri “diktator” elan edildi və hakimiyyətdən uzaqlaşdırıldı. Bu gün Maduro ilə bağlı eyni ritorika istifadə olunur".
O bildirib ki, bu cür yanaşma beynəlxalq hüququn faktiki olaraq heçə sayılması deməkdir: "Təəssüf ki, Azərbaycanda bəzi dairələr ABŞ-nin bu addımlarını alqışlayır. Halbuki bu presedent sabah eyni arqumentlə İranın Azərbaycana qarşı “ideoloji təhlükə”, “sionizmə qarşı mübarizə” adı altında hərbi əməliyyatlara başlamasını da legitimləşdirə bilər. Necə ki, Rusiya bu gün Ukraynaya qarşı müharibəni “nasizmə qarşı mübarizə” adı ilə əsaslandırır.
Əgər bu məntiq qəbul edilirsə, onda hər güclü dövlət istədiyi ölkəyə hücum edib özünü haqlı saya bilər. ABŞ Venesuelaya demokratiya gətirdiyini iddia edir. Bəs eyni “demokratiya” İraq və Əfqanıstana nə gətirdi – bunu hamı gördü. O zaman Rusiya da Ukraynaya hücumunu, İran da mümkün regional müdaxilələrini eyni şəkildə əsaslandıra bilər.
Bu baxımdan, müstəqil bir dövlətin prezidentinin xarici müdaxilə ilə devrilməsi beynəlxalq hüquqa açıq ziddir və “güclü haqlıdır” prinsipinin hökm sürdüyünü göstərir. Bu yanaşma nə hüquqidir, nə də ədalətlidir. Mən bu hücumu qəti şəkildə pisləyirəm.
Maduronun “diktator” adlandırılmasına gəlincə, o, seçkilər yolu ilə hakimiyyətə gəlib. Parlament seçkilərində müxalifət qalib gəldiyi halda belə, ABŞ Quaydonu “alternativ prezident” kimi tanıtdı və Venesuelada süni ikihakimiyyətlilik yaratmağa cəhd etdi. Lakin bu plan uğursuz oldu və Maduro daxili təzyiqlərin öhdəsindən gəldi. İndi isə bu cəhdlər nəticə vermədiyi üçün hərbi mərhələyə keçilir".
Ekspert düşünür ki, bu proses Venesuela ilə bitməyə bilər: "Növbəti hədəfin Kuba olacağı artıq açıq şəkildə anons edilir. ABŞ Latın Amerikasında itirdiyi tam nəzarəti bərpa etməyə çalışır. Bu mənada, Tramp da Putindən mahiyyətcə fərqli deyil. Sadəcə, Rusiyada avtoritarizm şəxsin üzərində qurulubsa, ABŞ-də avtoritarizm sistem üzərində qurulub. Prezidentlər dəyişə bilər, amma ABŞ-nin imperialist siyasəti dəyişmir.
Xüsusilə Birinci Dünya müharibəsindən sonra formalaşan və Monro doktrinası ilə əsaslandırılan bu siyasət əvvəlcə Amerika qitəsində hegemonluq qurmaqla başladı, daha sonra isə qlobal miqyas aldı. Bu imperialist xətt bu gün də davam edir.
ABŞ daxilində demokratiya elementləri mövcud ola bilər, lakin xarici siyasətdə o, klassik imperialist dövlətdir. Bu baxımdan Rusiya və Çinlə mahiyyət fərqi yoxdur: fərq yalnız avtoritarizmin formasıdır".
17:34 03.01.2026
Oxunuş sayı: 11746