Rusiya vurulan təyyarənin istintaqını dayandırdı: Azərbaycan narazıdır - AÇIQLAMA
Rusiya tərəfinin Azərbaycana məxsus AZAL təyyarəsinin vurulması ilə bağlı istintaqın dayandırılması barədə göndərdiyi məktub rəsmi Bakıda və cəmiyyətdə ciddi suallar doğurub.
Xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında Rusiya tərəfinin istintaqın başa çatdığına dair məktub göndərdiyini açıqlayıb. Nazir bu məktubun Azərbaycan tərəfi üçün gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, istintaqın dayandırılması fonunda nə günahkarların cəzalandırılması, nə də rəsmi üzrxahlıq məsələsi öz əksini tapıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən deputat Vüqar İskəndərov vəziyyəti təəccüblü və hüquqa zidd adlandırıb. O bildirib ki, istintaqın dayandırılması, lakin heç bir məsul şəxsin cəzalandırılmaması və Rusiya dövlətinin rəsmi şəkildə üzr istəməməsi suallar yaradır.
Vüqar İskəndərov xatırladıb ki, Azərbaycana məxsus AZAL təyyarəsinin Rusiya səmalarında vurulması faktı artıq tam təsdiqlənib. Onun sözlərinə görə, hadisədən sonra yaradılan beynəlxalq istintaq komissiyasında Azərbaycan, Rusiya, Qazaxıstan və "Embraer" təyyarəsindən istifadə edən ölkə kimi Braziliyanın nümayəndələri iştirak ediblər. Eyni zamanda, Azərbaycan, Rusiya və Qazaxıstan müstəntiqləri də araşdırmalara cəlb olunub.
Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən açıqlanan aralıq hesabatda təyyarəyə kənar müdaxilənin olduğu və onun vurulduğu açıq şəkildə təsdiqlənib. Bundan sonra isə detalların hüquqi müstəvidə həll edilməsi gözlənilirdi.
Lakin dünən Rusiya tərəfinin göndərdiyi məktubda istintaqın bitdiyi və məsələnin bağlandığına dair mövqe ortaya qoyulub. Vüqar İskəndərov bunu absurd və anlaşılmaz cavab kimi dəyərləndirib və bildirib ki, bu məsələ hüquqi müstəvidə daha dərindən araşdırılmalıdır.
Onun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar məsələ ilə bağlı qarşı tərəfdən izahat tələb edəcək və hüquqi addımlar atacaq. Vüqar İskəndərov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı hüquqi prosedurların icra olunacağını bildirməsindən sonra bu cür məktubun göndərilməsi əlavə anlaşılmazlıq yaradıb.
O hesab edir ki, Rusiya tərəfi qısa müddətdə həm istintaqın nəticələrinə, həm də göndərilən məktuba aydınlıq gətirməli və məsələnin hüquqi çərçivədə həll olunacağını təmin etməlidir.
17:31 27.12.2025
Oxunuş sayı: 7566