Bəşəri vəhşətə tutulan güzgü: “İblis və...”
Bəs sizcə, İblis və kim?
Şər qüvvə təkbaşına heç nədir, o yalnız bir tərəfdaş tapdıqda bütövləşir. Bəs bu zəif kimdir? İblis və insan? İblis və siyasət? İblis və din? İblis və mən? Bəlkə, İblis və sən? Tamaşa bizə məhz “və...”ni tapmağa kömək edir.
Cavid əfəndinin “İblis” faciəsi minillərdir dəyişməyən daxili ziddiyyətləri yenidən gündəmə gətirir. Azərbaycan dramaturgiyasının zirvəsi hesab olunan Hüseyn Cavid yaradıcılığı hər dövrdə öz aktuallığını qorumağı bacarır, dövrümüzün mürəkkəb mənəvi suallarına cavab axtarır. Teatrsevərlərin diqqət mərkəzində olan “İblis və...” tamaşası Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadənin quruluşunda Cavid fəlsəfəsinə yeni, dekonstruktiv bir baxış bucağı təqdim edir.
Tamaşanın dramaturji strukturunda Tanrı, İnsan və İblis üçbucağı metadramatik üslubla işlənərək fərqli rakursdan araşdırılır. İnsanın daxilindəki boşluqlar İblisi cəlb edir və bu mübarizədə İblis insanı yolundan çıxarmaqla Tanrı qarşısında haqlı olduğunu sübut etməyə çalışır.
Əsərin yaranma tarixi tamaşanın ruhundakı ağrı və dəhşəti anlamaq üçün açardır. 1918-ci ilin mart hadisələri zamanı Hüseyn Cavid daşnakların dinc insanlara qarşı törətdiyi vəhşiliklərin canlı şahidi olub. Altmış nəfər əsirin içindən sağ qalan iki nəfərdən biri olan Cavid bu sarsıntılı tarixi mühiti “İblis”in mərkəzinə gətirib. Tamaşa göstərir ki, müharibələrin, qırğınların və xəyanətlərin mərkəzində dayanan yeganə qüvvə insanın öz nəfsi və daxili qaranlığıdır.
Tamaşada hadisələr mənəvi saflığı təmsil edən Arif (Murad İsmayıl) və şər qüvvənin simvolu olan İblis (Anar Heybətov) arasındakı gərgin qarşıdurma üzərində qurulub. Arif əvvəlcə vicdanı, mərhəməti və saf sevgini tərənnüm edən bir obraz kimi çıxış etsə də, hadisələrin axarı göstərir ki, ən mədəni insan belə qızıl, silah və nəfs imtahanı qarşısında aciz qala bilər. Tamaşa boyu biz Arifin saf bir obrazdan İblisin hiylələrinə məğlub olması, qatilə çevrilməsi, bir sözlə, İblisə qul olması prosesini – onun mənəvi deqradasiyasını izləyirik. Bu, əslində, insanın daxili dünyasındakı sarsıntılı keçidin təsviridir. Bu metomorfoz elə dəqiqliklə işlənilib ki, Arifin acizliyi, əslində bəşəri məğlubiyyət kimi bizi düşündürür.
İblis sadəcə mifik bir varlıq deyil, insanın şüurunun qaranlıq tərəfi, daxili ziddiyyətləridir. Tamaşanın ana xəttini də bu sual təşkil edir: “Yer üzündə əsl İblis kimdir?”
Bu suala cavab isə qətidir və bu gün də eyni ahənglə səslənir:
“İblis nədir? – Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? – İblis!..”
Və səhnə əsəri bizi bir sualla qarşı-qarşıya qoyur: “Biz öz daxilimizdəki İblislə mübarizəyə hazırıqmı?”
Cavid irsi göstərir ki, min hiylə quran tülkü siyasətçilər, xalqı soyan əyanlar və məzhəb davası çıxaranlar yer üzünün həqiqi şərləridir. İblisin məğrur qəhqəhələri əslində bu insanların acizliyinə və mənəvi iflasına yönəlib.
“İblis və...” tamaşaçıya bir həqiqəti xatırladır: İblis uzaqda deyil, insanın içində, mənəvi boşluğundadır. Əgər insan öz mənfi duyğularına – nifrətə, paxıllığa və qəddarlığa qarşı mübarizə aparmasa, o, istənilən an İblisin növbəti qurbanına çevrilə bilər.
Azərbaycan ədəbiyyatının bu kamil nümunəsi səhnə tərtibatı və aktyorların daxili sarsıntıları dolğun şəkildə ötürməsi ilə tamaşaçıda dərin iz buraxır. Cavid fəlsəfəsi bir daha sübut edir ki, dünyanı xilas edəcək tək qüvvə içimizdəki insanlıqdır. “İblis və...” sadəcə səhnə əsəri deyil, insanın öz daxili dünyasına baxması üçün qurulmuş nəhəng güzgüdür.
P.S Tamaşada iştiraka və reportaj hazırlamağımıza şərait yaratdığı üçün Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkür edirik.
Nigar Yahyazadə
17:03 20.12.2025
Oxunuş sayı: 1569