"Global Media Group"un 55 əməkdaşı "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif olunub
Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə "Global Media Group"a daxil olan media subyektlərinin rəhbər və jurnalist heyətindən ümumilikdə 55 nəfər "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Crossmedia.az xəbər verir ki, təltif olunan şəxslər uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdikləri töhfələrə görə bu yüksək mükafata layiq görülüblər.
Yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin bariz ifadəsi olaraq, dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.
Prezidentin imzaladığı bu Fərman Azərbaycan milli mətbuatının 150 illik şərəfli yoluna dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının, söz və informasiya azadlığının inkişafına verilən mühüm töhfənin növbəti təzahürüdür.
Qeyd edək ki, "Global Media Group" üzrə yubiley medalı ilə təltif olunan əməkdaşlar aşağıdakı media qurumlarını təmsil edirlər:
• Baku.TV – 10 nəfər
• Report İnformasiya Agentliyi – 14 nəfər
• Oxu.az – 9 nəfər
• Baku.ws – 5 nəfər
• Caliber.az – 6 nəfər
• Media.az – 1 nəfər
• "Kaspi" qəzetinin Azərbaycan redaksiyası – 4 nəfər
• "Каспий" qəzetinin rus redaksiyası – 3 nəfər
• Photostock.az foto agentliyi – 1 nəfər
Global Media Group kollektivi göstərilən bu yüksək dövlət diqqəti və etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirir və bundan sonra da milli mətbuatın inkişafına, cəmiyyətin operativ və etibarlı informasiya ilə təmin olunmasına töhfə vermək istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəyini bəyan edir.
16:04 18.12.2025
Oxunuş sayı: 1312