TDT ölkələri dezinformasiya ilə mübarizəni gücləndirir: Prosesin önündə Azərbaycan və Türkiyə gedir
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı
direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının
Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk
dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib ki, ölkələrimiz
haqqında həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması üçün bütün Türk
dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac var".
Əhməd İsmayılov bildirib ki, media subyektləri öz peşəkar
missiyasını layiqincə yerinə yetirdiyi təqdirdə türk dünyasının səsi beynəlxalq
müstəvidə daha güclü eşidiləcək. Onun sözlərinə görə, dövlətlərin yerləşdiyi
coğrafiyanın real mənzərəsini düzgün işıqlandırmaq və beynəlxalq ictimaiyyəti
obyektiv informasiya ilə təmin etmək üçün jurnalistlərin peşəkarlığının və
sayıqlığının artırılması vacibdir.
İcraçı direktor çıxışının sonunda forumda iştirak edən jurnalistlərə və media nümayəndələrinə bu istiqamətdə fəaliyyətlərində uğurlar arzulayıb.

Türk dövlətləri ölkələlərinin
indiki həssas məqamda dezinformasiya ilə mübarizəsi barədə Crossmedia.az-a
danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, son dövrlər Azərbaycan və
Türkiyənin hədəfi yeni dünya düzəni kontekstində Turan ideyası ətrafında birləşməkdir:
“Bu ideya əsasən türk dövlətlərinin, daha sonra isə İslam dünyasının həmrəyliyini
nəzərdə tutan bir layihədir. Bu prosesin önündə isə Türkiyə və Azərbaycan kimi
ölkələr dayanır. Türk dövlətləri və Turan ideyası haqqında danışırıqsa, burada
dil birliyi, mədəni birlik, iqtisadi birliyin formalaşdırılması, eləcə də
ictimaiyyətlərin bir-birini daha yaxından tanıması mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan medianın rolu xüsusi önəm daşıyır. Lakin təklif olunan layihə zaman
və enerji tələb edən bir prosesdir. Yəni ortaq Türk dünyası üçün vahid
informasiya mərkəzinin yaradılması mümkündür, eyni zamanda jurnalistlər və
media qurumları arasında qarşılıqlı əlaqələrin qurulması vacibdir. Bu əlaqələrin
formalaşması üçün görüşlər, tədbirlər və ortaq layihələr həyata keçirilməlidir”.
O bildirib ki, onlayn mühit bu prosesi müəyyən mənada asanlaşdırır, çünki onlayn informasiya və kommunikasiya bəzi təşkilati məsələləri yüngülləşdirir: “Amma hər halda bu cür təşəbbüslər jurnalistlərin, media nümayəndələrinin və ictimaiyyətlərin bir-birinə yaxınlaşmasından sonra daha real şəkildə mümkündür. Eyni zamanda, bu prosesdə dövlətlərin siyasi hakimiyyətlərinin apardığı siyasət də mühüm rol oynayır. Burada siyasi iqtidarların bir-birinin siyasi xətlərini dəstəkləməsi məsələsi də ön plana çıxır. İdeya olaraq bu təşəbbüs müsbətdir və bu işə haradansa başlanılmalıdır. Əsas məsələ başlanğıcın qoyulmasıdır. Daha sonra koordinasiyalı fəaliyyət və birgə mübarizə təbii şəkildə formalaşa bilər. Bunu indidən tam şəkildə planlaşdırmaq isə bir qədər çətindir”.
Fatimə Nəzərli
15:03 18.12.2025
Oxunuş sayı: 1207