Əbədiyyət axtarışında donmuş zaman – Vurğunun izi ilə
Bir insan öz ömrünə neçə sevgi, neçə ölməzlik sığdıra bilər?
Bu sualın cavabını Bakının sakit küçələrindən birində yerləşən Səməd Vurğunun ev–muzeyində tapırıq. Bura sadəcə muzey kimi deyil, zamanın sükutunu, sözün və ruhun əbədi izlərini özündə saxlayan bir məkan kimi qarşımıza çıxır. Burada hər şəkil, hər əşya şairin həyat hekayəsini, yaratdığı poeziyanın ruhunu daşıyır. Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, dramaturq, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun xatirəsi bu evdə əbədiləşdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə yaradılan və 1975-ci ilin oktyabrında təntənəli şəkildə açılışı olan bu muzey yalnız bir mənzil deyil, həm də Azərbaycanın poeziya xəzinəsinin canlı simvoludur. Burada saxlanılan 17 mindən çox eksponat şairin yaradıcılığı və həyatına olan səmimi sevgini əks etdirir.
Muzeyə daxil olarkən bizi muzeyin əməkdaşı Könül Cəbiyeva qarşılayır.
Səməd Vurğunun iş otağı, qonaq və yataq otaqları dəyişməz şəkildə qorunub saxlanılmış, qalan otaqlarda qurulan ekspozisiya isə onun ictimai fəaliyyətini və zəngin yaradıcılıq irsini bizlərə təqdim etməkdədir. Hər bir eksponat onun ömür-gün yoldaşı Xavər xanımın muzeyə verdiyi dəyərli materiallarla daha da zənginləşmişdir.
Azərbaycan poeziyası Səməd Vurğunsuz təsəvvür edilə bilməz. Onun yaradıcılığı Nizami, Füzuli, Sabir ənənələrinə söykənir, humanistlik və insanpərvərliyi ilə fərqlənir. Onun əsərləri xalqın qəlbində əbədi iz buraxmış, müxtəlif millətlərin oxucularını bir araya gətirən körpü rolunu oynamışdır. Böyük rus yazıçısı Aleksandr Fadeyevin dediyi kimi: “Sənin vüsətli poeziyan bizim xalqların yaratdığı ən gözəl poeziya kəhkəşanında parlaq ulduz kimi şəfəq saçır. Müxtəlif millətlərdən olan milyonlarla sovet adamı sənin poeziyanı sevir. Mən sənin şeirlərinə çoxdan bəri məftunam”.
Burada Səməd Vurğunun izlərini müşahidə edərkən insanın qəlbində sözün, yaradıcılığın və bədii ruhun əzəmətini hiss etməmək mümkün deyil. Bu ev–muzey Azərbaycan poeziyasının canlı xatirəsindən bəhs edən səyahətdir.
Elə bu səyahətimizə Səməd Vurğunun iş otağı ilə başlayırıq. Qiymətli əsərlərin yaradıldığı bu yazı masası şairin uzun yuxusuz gecələrinin şahididir. Xavər xanımın söylədiyinə görə, Səməd Vurğun sənətə o qədər hörmətlə yanaşardı ki, heç vaxt ev paltarında yazı masasına əyləşməz, yalnız rəsmi geyimdə işləyərdi.
Masanın üzərində şairin həyat və yaradıcılıq dünyasını əks etdirən bir çox xatirələr zamanı dondurub: 1951-ci ildə Bolqarıstana səfəri zamanı bağışlanmış qovluq, Ukrayna şairi Maksim Rılski tərəfindən 50 illik yubileyi münasibətilə hədiyyə edilmiş mücrü, “Yada sal məni” şeirinin əlyazmasının fotosürəti, qələmi, iki papiros qutusu, telefon aparatı, stolüstü lampa və ailəsinin 1946-cı ildə çəkilmiş fotoşəkli.
Burada həmçinin şairin həyat yoldaşı Xavər xanımla Moskvada, Dekada günlərində, Azərbaycan Dövlət Dram Teatrının kabinetində və Xavər xanımın gənclik illərində çəkilmiş şəkilləri də diqqət çəkir.
Portretlər də otağın incisi sayılır. 1940-cı ildə Daşkənddə Nizami Gəncəvi və Əlişir Nəvainin yubileyləri zamanı Səməd Vurğuna bağışlanmış Nizaminin portreti. Portretin əl işi çərçivəsi onu daha da qiymətli edir. Otaqda həmçinin şairin karandaşla çəkilmiş iki portreti sərgilənir – biri 1950-ci ildə Leninqradda Yar-Kravçenko tərəfindən, digəri isə 1954-cü ildə Moskvada, Pavel Antokolskinin evində rəssam Bunin tərəfindən çəkilmişdir.
Şairin 1960-cı illərə aid “Riqonda” markalı radioqəbuledicisi də burada yerləşir. Təəssüflər olsun ki, şair 50 illik yubileyində xəstələyi səbəbilə iştirak edə bilməmiş və o məşhur tədbiri bu radio vasitəsilə dinləmişdir. Ən sevdiyi ərəb musiqisini dinləyərkən şair belə demişdir: “Yazıq Şərq, həmişə ağlayır”.
Səməd Vurğunun zəngin kitabxanası ədəbiyyat xəritəsinə bənzəyir – dünya ədəbiyyatı, digər xalqların klassikləri və Azərbaycan ədəbiyyatının inciləri ilə doludur. Aleksandr Fadeyev, Pavel Antokolsk, Maksim Rılski, Mehdi Hüseyn, Süleyman Rəhimov və başqaları kitablarını ona avtoqrafla hədiyyə etmişlər. Kitab dolabının üstündəki Çin “Şou-Sin” fiquru, heykəltəraş Albert Mustafayevin “Nəsimi” büstü və ailəyə məxsus saat Səməd Vurğunun zəngin və çoxşaxəli dünyasını tamamlayır.
Səməd Vurğun təbiətin və azadlığın vurğunu idi. Burada onun ovçuluq xatirələri diqqətimizi cəlb edir. O, atasından keçmiş ovçuluq ənənəsini yaşadaraq övladları ilə paylaşmışdır. Səməd Vurğun professional ovçu idi. “Ceyran” şeirini ova gedərkən yazması da bunun təzahürüdür. Şüşə arxasındakı 16 kalibrli tüfəng ona Moskvada hədiyyə edilmişdi. Həvəskar rəssam Nikolay Polyakovun 1952-ci ildə çəkdiyi “Səməd Vurğun ovda” tablosu, Bolqarıstandan gətirdiyi kürk, Konstantin Simonovun hədiyyəsi olan gödəkçə, ov tüfəngi və saz da şairin həyatının incə detallarını nümayiş edir.
Şairin dram əsərləri – Vurğun yaradıcılığının zirvəsi hesab olunan “Vaqif”, azadlıq mübarizəsinin təzahürü olan “Xanlar” pyesi, qəhrəmanlıq, sevgi və milli dəyərləri əks etdirən “Fərhad və Şirin” otaqda xüsusi diqqət çəkir.
Bu otaqda biz Səməd Vurğunun həyatına, yaradıcılığına və ictimai fəaliyyətinə dair zəngin eksponatlarla tanış oluruq. Burada Xalq rəssamı M. Abdullayevin 1975-ci ildə çəkdiyi “Gənc şair” yağlı boya tablosunu görürük. Rəssam şairin təbiət vurğunu və vətən sevgisini dolğun şəkildə əks etdirmişdir.
Səmədin uşaqlığı acınacaqlı keçmişdir. Altı yaşında anası Məhbub xanım dünyasını dəyişmişdir. Qarşımızdakı stenddə Səməd Vurğunun anası Məhbub xanımın məzarı başında çəkdirdiyi 1946-cı il fotoşəkli nümayiş olunur.
Vitrində həmçinin Səməd Vurğun və qardaşı Mehdixanın 1928-ci ildə çəkilmiş fotoşəkli və şairin sevdiyi bənövşə gülləri də sərgilənir. Səməd Vurğun bu güllərə olan sevgisini şeirləri ilə ifadə etmişdir:
Boynunu kəc burma gəl indən belə,
Mən sənə söz qoşum, sən məni dinlə:
Vurğunun şerilə, sənin hüsnünlə
Təbiət gələcək cana, bənövşə!
1929-cu ildə Səməd Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Bu guşədə Rzaquluzadə və Cahanbaxışla çəkdirdiyi fotoşəkli nümayiş olunur.
Bu otaqda həmçinin şairin şəxsi əşyaları – siqaret qutuları, cib dəsmalları, qalstuk, müştük, diş fırçası, daraq, qol saatı, papiros qutusu, müxtəlif ölkələrdən hədiyyə edilən geyim və aksesuarlar nümayiş olunur.
Otaqda həmçinin Səməd Vurğunun həyat yoldaşına və qızına həsr olunmuş guşələr də nümayiş olunur.
Xavər xanım muzey yaranandan dünyadan köçənə qədər onun direktoru olmuş və uzun illər muzeyin fəaliyyətində böyük rol oynamışdır. Vitrində Əməkdar mədəniyyət işçisi Xavər xanımın şəxsi əşyaları – Səməd Vurğunla nigah haqqında şəhadətnaməsi, S.Vurğunun Xavər xanıma yazdığı ilk və sonuncu məktublar, cəbhədən yazılmış məktub, Azərbaycan Dövlət Universiteti tərəfindən verilmiş diplom, “Vəkilova” soyadına keçməsini təsdiq edən sənəd, S. Vurğunun 1955-ci ildə Çindən gətirdiyi qırmızı çanta, yelpik, güzgü, yaylıqlar, mirvari boyunbağı, saat və ilk prezident təqaüdünə alınan üzüyü sərgilənir.
Üzüyün içərisində Səməd və Xavər adları həkk olunmuşdu. Xavər xanım vəsiyyət etmişdi ki, dəfn edildiyi zaman bu üzüyü S.Vurğunun şəkli ilə birlikdə sinəsinə qoysunlar, lakin şəriət buna icazə vermədiyi üçün onun bu vəsiyyəti yerinə yetirilməmişdir. Vitrindəki fotolarda Xavər xanım ailə üzvləri ilə müxtəlif illərdə əks olunmuşdur. 1975–2006-cı illərdə muzeyin direktoru olmuş Xavər xanıma Əməkdar mədəniyyət işçisi adı verilmişdir.
Aybəniz xanım isə uzun illər muzeyin baş mühafizi və sonralar (2006–2009) direktoru olmuşdur. Əməkdar mədəniyyət işçisi Aybəniz xanım atasının irsinin təbliğində böyük rol oynamışdır. Vitrində onun şəxsi əşyaları və sənədləri nümayiş olunur.
Ekspozisiyanın üçüncü otağı Səməd Vurğunun övladları – Xalq yazıçısı, görkəmli ssenarist, ictimai xadim Yusif Səmədoğluna və Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğluna həsr olunmuşdur.
Ekspozisiyada Y. Səmədoğlunun yazı masası, portreti həkk olunmuş xalça, skripkası, mükafatları və kitabları qoyulmuş vitrinlər, fotoşəkilləri, yaradıcılığını əks etdirən stend, geyim və şəxsi əşyalarından ibarət eksponatlar nümayiş etdirilir.
Yazı masası üzərinə yazıçıya məxsus əşyalar: çap makinası, “Saat işləyir” hekayəsinin makina yazısı, qələmi, eynəyi, müştüyü, külqabısı, fotoşəkli və çay daşı üzərində oyma portreti qoyulmuşdur. Divara vurulmuş stenddə yazıçının yaradıcılığı öz əksini tapmışdır. Burada eyni zamanda Y.Səmədoğlu haqqında Ulu Öndər H.Əliyev, yazıçı Anar, rejissor Eldar Quliyev tərəfindən deyilən fikirlər də yer almışdır. Stend S.Vurğunun “Komsomol poeması” əsasında Y.Səmədoğlunun ssenarisi üzrə “Yeddi oğul istərəm” filminə çəkilmiş illüstrasiyalarla tamamlanır.
Ekspozisiyada Y.Səmədoğlunun geyim və şəxsi əşyalarını əks etdirən vitrin qoyulmuşdur. Burada yazıçının kostyumu, şərfi, eynəyi, iki qələmi, kiçik radiosu, iki saatı, üç müştüyü, tütünü, dəri çanta–qovluğu və iki fotoaparatı nümayiş olunur. Vitrinin yuxarısındakı divardan yazıçının sulu boya ilə çəkdiyi “Səməd Vurğun uşaqlıqda” əsəri asılmışdır. Vitrində eyni zamanda yazıçının müxtəlif ölkələrdə və dillərdə nəşr olunmuş kitabları öz yerini tutmuşdur.
Ekspozisiyanın digər hissəsi isə şair, dramaturq və ictimai xadim Vaqif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunub. Ekspozisiyada onun həyat və yaradıcılığına dair stendlər, kitablar, yazı masası, fotoşəkillər, şəxsi geyim və əşyalar nümayiş olunur. Stendlərdə Vaqifin pyes və şeirlərinə aid fotoşəkillər, yaradıcılığı haqqında fikir və şərhlər, həmkarları ilə şəkilləri yer alır. Vitrinlərdə şairin şəxsi əşyaları – kostyum, şlyapa, araxçın, fotoaparatlar, qol və cib saatları, təsbeh, müştüyü, tütün və digər əşyalar yerləşdirilmişdir.
Ekspozisiyada həmçinin Səməd Vurğunun ailəsinə məxsus fortepiano nümayiş olunur; üzərində Yusif və Vaqif Səmədoğlunun məktəb və gənclik illərində istifadə etdikləri notlar, skripka və qədim şamdanlar yerləşdirilmişdir. Vaqif Səmədoğlunun həyat yoldaşı, fəlsəfə doktoru Nüşabə Babayeva-Vəkilova ekspozisiyanın hazırlanmasında və kitablarının işıq üzü görməsində mühüm rol oynamışdır.
İndi isə Vəkilovlar ailəsinin qonaq otağındayıq. Bu otaq açıqürəkli, qonaqpərvər ev sahibinin dünyasına pəncərə açır. Burada tez-tez yazıçılar, bəstəkarlar, rəssamlar və şairin istedadını qiymətləndirən dostları bir araya gəlirdi. Səməd Vurğunun dostları təkcə Azərbaycanda yox, həm də Rusiyada və digər respublikalarda çox idi. Məsələn, Aleksandr Fadeyev, Nikolay Tixonov, Pavel Antokolski, Vladimir Luqovskoy, Konstantin Simonov kimi rus yazıçılarının da bu otaqda dəfələrlə qonaq olduqları məlumdur. Dostları onu böyük hörmətlə “Qafqaz qartalı” adlandırırdılar.
Bu otaqda diqqəti cəlb edən obyektlərdən biri də Almaniya istehsalı olan C. Bechstein royalıdır. Bu royal yalnız şairin deyil, həm də Azərbaycanın musiqi tarixində əhəmiyyətli olan bəstəkarların – Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Ələsgərov və Vaqif Səmədoğlunun ifa etdiyi əsərlərə şahidlik edib. Dostlarla görüşlər həmişə isti, səmimi və yaradıcı ruhda keçmişdir.
Üzeyir Hacıbəyovla Səməd Vurğunun dostluğu mədəniyyət tariximizə maraqlı səhifələr bəxş etmişdir. Şairin sözlərinə bəstələnmiş “Vətən”, “Vətən ordusu”, “Döyüşçülər marşı”, “Şəfqət bacısı” kimi nəğmələr müharibə illərində geniş yayılmış, 1945-ci ilin 9 mayını əbədiləşdirən “Zəfər himni” yaranmışdır. Üzeyir bəyə həsr olunmuş misralar da onun vəfatı münasibətilə yazılmışdır:
“Ölüm sevinməsin qoy...Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər!
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.”
Şairin musiqi sevgisi onun yaradıcılığında da əks olunmuşdur. O, pianoda, sazda, tarda, skripkada çalmaqla yanaşı, şeirlərində simfoniya, suita kimi musiqi terminlərini də işlətmişdir. Musiqi yalnız onun həyat tərzi yox, həm də ilham mənbəyi olmuşdur.
Səməd Vurğunun övladları da musiqi ilə məşğul olmuşlar: Yusif skripkada çalır, Aybəniz və Vaqif fortepianoda peşəkarlıq göstərmişlər. Xavər xanım isə uşaqlarına musiqi sevgisini aşılamaqda böyük rol oynamışdır. Vaqif Səmədoğlu fortepianoda xüsusi istedad göstərmiş, 10-cu sinfi bitirəndə maestro Niyazinin müşayiəti ilə S. Raxmaninovun 1-ci konsertini ifa etmişdir. Daha sonra o, Azərbaycan Dövlət Konservatoriyasında və Moskva Konservatoriyasında təhsil almış, Bakı Konservatoriyasında müəllim işləmişdir.
Qonaq otağında Səməd Vurğunun övladlarının fotoşəkilləri – “Yusif, Aybəniz, Vaqif” və “Vaqif fortepiano arxasında” fotoşəkilləri nümayiş olunur. Həmçinin xalq rəssamı Mikayıl Abdullayev tərəfindən şairin 1944-cü ildə çəkilmiş portreti, 1989-cu ildə Kamil Xanlarov tərəfindən çəkilmiş “Xavər xanımın portreti”, Elmira Şahtaxtinskayanın və digər rəssamların əsərləri, eləcə də ailənin fotoşəkilləri divarlarda sərgilənir.
Rəfdəki qablar, 1956-cı il mayın 12-də SSRİ-nin ədəbi ictimaiyyəti tərəfindən bağışlanmış hədiyyələr – Lətif Kərimovun xalçası, G. Leonidzenin şərab dəsti və Abdulla Şaiqin ailəsi tərəfindən hədiyyə edilmiş kitab rəfi – xüsusilə diqqət çəkir. Həmin il mayın 27-də şair dünyasını dəyişmiş, həyat yoldaşı Xavər xanım onun ölüm anını əbədiləşdirmək üçün saatın əqrəblərini olduğu kimi qoruyub saxlamışdır.
Otaqda gəzdikcə anlayırsan ki, bu otaq Səməd Vurğunun həm yaradıcılıq, həm də şəxsi həyatının canlı şahididir. Burada şairin musiqi, dostluq, ailə və ədəbiyyatla bağlı bütün zəngin dünyasını hiss etmək mümkündür.
Bura isə şairin yataq otağıdır. Otaq Səməd Vurğunun sağlığında olduğu kimi qorunmuşdur. Burada əntiq mebel dəsti və Xavər xanımın cehizi olan bədənnüma güzgü diqqəti çəkir. Biz burada 1934-cü ildə nişanlı Səməd Vurğun və Xavər xanımın çəkdirdiyi fotoşəkli, həmçinin Xavər xanımın 1946-cı, S.Vurğunun 1949-cu ildə çəkdirdiyi şəkilləri görürük. Azərbaycan Rəssamlar İttifaqının S.Vurğuna hədiyyə etdiyi S.Bəhlulzadənin “Qudyalçay” mənzərəsi otağa xüsusi estetik görünüş verir.
Şairin həyat yoldaşına olan sevgisini əks etdirən “Dinlə, Xavər” şeiri bu otaqda xatırlanır. Şair həyatının son anlarında da xahiş etmişdir ki, Xavər xanım onu öz yatağına keçirtsin – bu, onun həyat yoldaşına olan dərin bağlılığının ifadəsi idi.
Dəhlizdə isə Səməd Vurğunun şəxsi əşyaları – paltosu, şərfi, şlyapası və Dağıstan yazıçılarının hədiyyəsi qorunur. Burada onun 30 yanvar 1956-cı ildə çəkilmiş son şəklini görmək mümkündür. Şəklin kədərli tarixçəsi var: 1955-ci ilin oktyabrında Vyetnama səfəri zamanı xəstələnən şair Pekində xəstəxanada müalicə almışdır. Vətənə qayıdarkən isə Zabaykaliya dəmiryolunun Xilok stansiyasında tanış mühəndis tərəfindən çəkilmiş şəkli son xatirə kimi Bakıya göndərilmişdir.
Muzey Azərbaycanın ən nüfuzlu soylarından olan Vəkiloğulları nəslinin tarixçəsidir. XVI əsrdən başlayaraq bu nəsil Azərbaycanın hərbi, siyasi və mədəni həyatında silinməz izlər qoyub. İbrahim ağa Vəkilov kimi topoqrafiya atalarından tutmuş, milli istiqlal mücahidlərinə qədər bu soyun əzəməti muzeyin ruhunda hiss olunur.
Qonağı olduğumuz ev-muzey yalnız Səməd Vurğunun şəxsi həyatını deyil, həm də onun ailəsinin zəngin tarixi və soyunun Azərbaycan tarixindəki əhəmiyyətini əks etdirir.
Səyahətimizi muzeyin təsviri sənət bölməsi ilə yekunlaşdırırıq. Burada Səməd Vurğunun portretləri, ona ithaf olunmuş rəsm əsərləri, şeirlərinə çəkilmiş illüstrasiyalar, həmçinin heykəl və büstlər nümayiş olunur.
Ekspozisiyada xüsusi diqqətimizi çəkən nümunələr arasında L. Bobrovnikovanın 1981-ci ildə karandaşla çəkdiyi Səməd Vurğunun portreti, 2016-cı ildə Afaq Kərimova tərəfindən hazırlanmış “60-cılar” pannosu, Kamran Əsədovun 2016 və 2017-ci illərdə yaratdığı Vaqif və Yusif Səmədoğlunun büstləri, Rafael Əsədovun “Mənim ünvanım”, Mətin Şərifovun “Gül” əsəri və muzeyin simvolik əsəri sayılan “Söz və musiqi harmoniyası” yer alır.
Divarlarda Stanislav Şatikovun “Şair Səməd Vurğunun portreti”, Asim Quliyevin 1982-ci ildə yaratdığı büst, Adil Rüstəmovun “Səməd Vurğun” qrafikası, Arif Hüseynovun “İlk görüş”, “Aşıqlar”, “Şair payızda”, “Səməd ovda” illüstrasiyaları, Etibar Aslanovun “Xalq şairi”, Maral Rəhmanzadənin “Bakı”, “Xəzər”, Nəcəfqulu İsmayılovun “Yadıma düşdü”, Səttar Bəhlulzadənin “Göyəzən dağı” əsərləri yer alır.
Həmçinin, Səməd Vurğunun sağlığında istifadə etdiyi nərd taxta və şairin Tokay Məmmədov tərəfindən 1963-cü ildə yaradılmış heykəli də ekspozisiyaya xüsusi rəng qatır.
Səməd Vurğun bu dünyaya iki missiyanı yerinə yetirmək üçün gəlmişdi – əsərləri ilə Azərbaycan ədəbiyyatını zirvələrə daşımaq və arxasızlara arxa durmaq. Şair yalnız əsərləri ilə deyil, həm də böyük şəxsiyyəti, xeyirxahlığı və səxavəti ilə xalqın qəlbində yaşamış, yaşayır və yaşayacaqdır.
İnsan unudulanda ölürsə, Vurğun bu evdə hər gün yenidən doğulur. Səməd Vurğunun izi ilə gəzdiyimiz bu ev bizə bir həqiqəti pıçıldayır: zaman bəzi insanlar üçün dayanmır, sadəcə öz təzahür formasını dəyişir. Otaqlardakı sükut bizə Vurğunun yoxluğunu deyil, onun ruhunun necə hər yerə sığdığını anladır. Çünki əsl ömür var olduğumuz zamanda yox, adımız çəkiləndə insanların üzündə yaranan təbəssümdə yaşanır.
Nigar Yahyazadə
10:15 18.12.2025
Oxunuş sayı: 1736